Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar

Yazar

10 Aprel 2022 09:20 3236


Ötən əsrin sonlarında müstəqillliyini bərpa edən Azərbaycan istər qonşu, istərsə də digər xarici ölkələrlə, o cümlədən beynəlxalq təşkilatlarla heç bir münasibəti olmayan, təcrübəsiz dövlət idi. 1991-ci ildə Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi blokadada, təcriddə idi. Lakin müstəqilliyin bərpa edilməsindən bir müddət sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daim yüksələn templə davam etmiş, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, kommunikasiyalar infrastrukturunun inkişafı kimi sahələr üzrə daha da möhkəmlənmişdir. 
Ölkəmiz üçün bir çox sahələrdə olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsində də əsas dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olmuşdur.
Ümumilli liderimiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinin ölkəmizin bugünü, həm də sabahı üçün ən önəmli məsələlərdən biri idi. Avropa İttifaqı ilə olan münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət kursunun ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. 
1996-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Bu sazişə siyasi dialoq, sərmaye, qanunvericilik, elm, mədəniyyət, ticarət sahələri aid edilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan bugünkü münasibətlər həmin sazişə əsaslanır. 
21-ci əsrdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərin gücləndirilməsi Avropa İttifaqı üçün də regionla əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 44 gün davam edən 2-ci Qarabağ müharibəsində əldə edilən Zəfər həm Avropa ittifaqı, həm də digər nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanla əlaqələrin gücləndirilməsinə daha da həvəsləndirib. Bütün xarici dövlət və təşkilatlar başa düşürlər ki Azərbaycanın dəstəyi və razılığı olmadan regionda layihələr həyata keçirilə bilməz. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yeni nəqliyyat, kommunikasiya, logistika imkanları yaranır ki, bu da əməkdaşlığın inkişafı üçün çox vacibdir. Azərbaycan ilə münasibətlərin yaxşılaşdırılması həm Avropa İttifaqı ilə region arasında olan münasibətləri genişləndirəcək, həm də ümumilikdə Cənubi Qafqazın gələcək inkişafı üçün inkişafı üçün olduqca vacib əməldir.
44 günlük müharibədə əldə etdiyi uğurla Azərbaycan, yeni dünya nizamı reallığında, qarşı duran qütblər işğalçı Ermənistana dəstək məsələsində bənzər yanaşmalar sərgilərkən, çətin hərbi - diplomatik həmlələrlə haqqını alaraq ədalətə dayalı güc modelini ortaya qoyan ən önəmli ölkələrdən biridir. Ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş siyasət və milli səfərbərlik halıyla birlikdə bu uğurun əldə edilməsində yüksələn bir güc olaraq Türkiyənin dəstəyi də həlledici olmuşdur. BMT-nin qətnamələrinə rəğmən Minsk Qrupunun otuz ilə yaxın bir dövr ərzində davam etdirdiyi nəticəsiz danışıqların Qarabağ və ətraf rayonlardakı Erməni işğalına son verə bilməməsi Azərbaycanı hərbi yola baş vurmağa məcbur etmişdir. Əldə edilən zəfər regional güc balansını dəyişdirməklə yanaşı qlobal güc mübarizələrinin gedişinə də təsir edən amil olmuşdur.
Mart ayında Azərbaycan öz suveren ərazisi olan Xocalı rayonunda hərbi dislokasiya hərəkətini icra edə biləcəyini dünyaya sübut etdi. Hətta, bəziləri Rusiya sülhməramlılarının buna maneə olacağını zənn etsələr də, heç Rusiya Federasiyasının Müdafiə Nazirliyi də məsələyə müdaxilə edə bilmədi və nəticədə Fərrux dağı, Fərrux kəndi bizim nəzarətimizdədir. Bu hərəkət 10 noyabr bəyannaməsindən sonra Qarabağda ilk hərbi irəliləyişidir.
Ermənilər 30 il idi ki, Azərbaycan ərazilərinin 20 faizini talan edir, viran qoyur, xarabazara çevirir və beynəlxalq aləmə car çəkirdilər ki, Qarabağ Ermənistan torpağıdır. Ona görə də dövlət başçımız Ermənistanın himayədarlarından soruşdu ki, əgər həmin ərazilər ermənilərindirsə, onda nə üçün orada daşı daş üstündə qoymadılar. Kim öz şəhərini, kəndini bu şəkildə viranəyə çevirərdi?
Müharibədən cəmi bir ildən bir qədər keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminik ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev bu gün daha güclü, dövlətimiz isə daha qüdrətlidir.
Aprelin 6-da Prezident İlham Əliyev Avropa İttifaqı prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün Brüsselə səfər edib. Görüşün məqsədi Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin edilməsidir. Azərbaycanın Avropa İttifaqına etimadı var.
Şarl Mişel bəyanatında qeyd edib ki, hər iki lideri Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib, hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır. Aİ Şurasının Prezidenti 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib. Bu çağırış da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bakı Soçi görüşünə də bu niyyətlə qatılmışdı. İstər Soçi görüşündə, istərsə də Brüsseldə Bakı buna səy göstərirdi və qarşısına qoyduğu məqsədə nail ola bildi.
Şarl Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirməklə əslində Ermənistanın revanş cəhdlərinin yolverilməz olduğunu vurğulamış oldu. Şarl Mişelin köməkliyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması qeyd edilib. Bu mexanizm gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa və gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər.
Avropa İttifaqı Prezidenti Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Avropa İttifaqının dəstəyini ifadə edib. O, Avropa İttifaqının iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib.
Şübhəsizdir ki, dəmir yol xəttinin çəkilişi bölgənin siyasi xəritəsinə önəmli təsir göstərə bilər. Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi, həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı sıradan məsələ deyil. Artıq yaxın gələcəkdə bu dəhlizdən keçən qatarların və avtomobillərin birbaşa Naxçıvana istiqamət ala biləcəyi qətiyyən şübhə doğurmur. Bu yerdə xatırladaq ki, Azərbaycan Prezidenti Əliyev elə həmin gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında bu şəkildə paralel aparmışdı.
Şarl Mişelin bəyanatında əksini tapan müddəalar, əsasən, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Gəlinən nəticə budur ki, Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyi bir daha təsbit olundu: Münaqişə arxada qalıb, sərhədlər tezliklə müəyyənləşməlidir, kommunikasiyalar açılmalıdır, itkinlərin taleyinə aydınlıq gəlməlidir.
Şarl Mişel öz növbəsində Azərbaycan ilə olan münasibətlərin genişləndirilməsinin Avropa İttifaqı üçün önəmli məsələlərdən olduğunu qeyd etmiş, yaxın vaxtlarda əməkdaşlığın daha da güclənəcəyini, bunun üçün davamlı işlərin görüldüyünü qeyd etmişdir.
Aprelin 6-da Brüsselə səfəri zamanı Prezident İlham Əliyev təkcə üçtərəfli görüşdə iştirak etməmiş, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə münasibətlərin gələcək perspektivləri barədə də müzakirələr aparmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından  ortaq maraqların birləşdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və müttəfiqlik səviyyəsinə yüksələcək.

Arzu Məmmədli,

fəal gənci


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!