Soyadımı daşıyan gənclərdən biri Prezident İlham Əliyev tərəfindən "Suqovuşanın azad edilməsinə görə’" medalı ilə təltif olundu. Qabil Verdizadə, təbrik edirəm! Bizim bacarmadığımızı siz bacardınız. Alnından öpürəm.
Sosial şəbəkələr al-əlvan medallarla dolub-daşır. Biri övladını, digəri qardaşının oğlunu, o biri isə bacısının igid balasını medal alması münasibətilə təbrik edir. Az qala hər evdən, hər məhəllədən bir qəhrəman çıxıb. Əgər belə olmasaydı, işğal altında olan torpaqlarımızı 28 il sonra azad edə bilməzdik.
Azərbaycan qəhrəmanlar diyarıdır. Nə gizlədim, 1993-cü ildən bəri həmişə bu sözü dilimə gətirməyə utanmışam. Adama deyərdilər ki, ay qəhrəman, niyə işğal altında olan torpaqlarını azad etmirsən? Sizi bilmirəm, şəxsən mənə çox deyiblər. 25 il əvvəl Türkiyədə tələbə olanda əcnəbilərdən bu cür tənələr çox eşitmişəm. Heç kimi qınamağa haqqım yox idi. Çünki deyilənlər haqlı idi. Yəni, həyasızlıq etməyin yeri yox idi.
Müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində alnımızdakı ləkəni təmizlədi. İndi alnımız açıq, üzümüz ağdır. Qəhrəman şəhidlərimizin, igid əsgərlərimizin sayəsində dilimiz bir qarış uzanıb. O medallar ananızın südü kimi halalınız olsun! Tətik çəkən barmaqlarınızdan öpürəm.
Məşhur sözdür: Qələbənin atası çox olur, məğlubiyyət isə yetimdir. Bu qələbədən hamımıza pay düşüb. Gəlin onu doya-doya yaşayaq, bölək, bölüşək. Bölüşdükcə çoxalır.
Topçu Vüsalı xatırlayırsınız? O məşhur duruşu ilə müharibənin simvoluna çevrilən cılız cüssəli, şir ürəkli gəncimizi deyirəm. Vüsalın şəkli sosial şəbəkələrə yol tapandan sonra ən azı 100 nəfər yazdı ki, qohumumdur, dostumdur. Hansı ki, Vüsal ali məktəbə qəbul olsa da, ehtiyac üzündən təhsilini davam etdirə bilməmişdi. Bu qədər dostu, qohumu olan adam niyə təhsil almaq üçün min manat tapa bilməsin? O vaxt yazmışdım ki, özünü Vüsalın dostu, qohumu kimi təqdim edən, sosial şəbəkələrdə onunla qürur duyan adamların hərəsi vaxtında 1 manat versəydi, bu igid əsgərimiz indi universitet tələbəsi idi.
Sözümün canı var, fəxr etdiyimiz, qürur duyduğumuz bu gənclərin çoxu həyatda indi ilk addımlarını atır. Lütfən, pulu, arxası olmadığı üçün onların hakimiyyət ierarxiyasına uzanan yollarını kəsməyək. Lütfən, kasıb olduqları üçün sabah toya çağıranda ağız büzməyək. Lütfən, özlərinə koma tikmək üçün 5 metr torpağı onlara pulla satmayaq. Üzümüzü ağ edən bu gənclərin üzünə bütün qapılar açıq olmalıdır…
Bilirəm, bayram günün ovqatına uyğun deyil, bəlkə də qələbə sevincini yaşayan adamların ürəyindən olmayacaq. Amma yenə ürəyimdən keçənləri deyəcəyəm. Mən səhərdən axşama kimi xəbərin içində vurnuxan adamam. Elə bir gün olmur ki, hansısa vəzifəli şəxsin rüşvət aldığına görə həbs edildiyini eşitməyim. Şuşanı dayımız oğlu azad edib. Amma katibəsinin 2 illik məvacibini mənimsəyən direktor da kiminsə dayısıdır. Əmimiz oğlu “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif edilib. Amma pulu olmadığı üçün xəstə təqaüdçünü qapıdan qovan həkim də kiminsə əmisidir. Xalamız oğlu Hadruta bayraq sancıb. Amma tələbələrin təhsil haqqını mənimsəyən dekan da kaminsə xalasıdır.
Paradoksal vəziyyət yaranıb. Əmimiz oğlu, dayımız oğlu, xalamız oğlu qəhrəman, əmimiz dayımız, xalamız isə rüşvətxordur. Biz qəhrəmanlarla qurur duyduğumuz kimi rüşvətxorlara qarşı da amansız olmalıyıq. Gəlin, sayıqlığımızı itirməyək. Şəhidlərimizin, qazilərimizin qanı ilə yuyulub paklanan torpaqlarımızın yenidən rüşvət və korrupsiya ilə murdarlanmasına imkan verməyək. Qəhrəmanlarımızın adına layiq yaşayaq. Rüşvətdən, yalan və talandan uzaq olaq…
Seymur VERDİZADƏ
Telegram kanalımız