“Kristal Abşeron” metronun "Azadlıq prospekti" stansiyası üzərində salınmış parkın ərazisindəki göydələnlərin təhlükə yaratması, metroda çatların yaranmasına səbəb olması ilə bağlı bir neçə gündür müdiada xəbərlər yayılmaqdadır. Əvvəllər həmin binaların “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov tərəfindən inşa edildiyi deyilsə də, sözügedən iş adamı bu məlumatları təkzib edib.
“Şərur” MTK şirkətinin sahibi olan İsfəndiyar Axundov bildirib ki, metronun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işlərində adının hallanması doğru deyil: “Bu ərazi mənə məxsus deyil. Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan tikinti işləri ilə mənim heç bir əlaqəm yoxdur. Bunu hər kəs maraqlanıb öyrənə bilər. Hazırda orada “Kristal Abşeron” tikinti işləri aparır. Öz reklam lövhələrini də vurublar, bunu hər kəs görə bilər”.
İş adamı bir neçə il bundan öncə həmin yerin əlindən aldındığını da söyləyib: “Əslində, həmin ərazi mənim yerim idi, ancaq bir il bundan qabaq əlimdən alınıb”.
Qeyd edək ki, “Kristal Abşeron” şirkətinin metro tuneli üzərində hündürmərtəbəli bina inşa etdirməsi barədə "Bakı Metropoliteni" QSC-dən icazə alıb-almaması barədə hələlik heç bir rəsmi açıqlama yoxdur. Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olan “Kristal Abşeron”la bağlı sakinlər mediaya müraciət edərək həm yaxınlıqda yaşayanlar üçün, həm də metro üçün təhlükəli vəziyyət yaratdığını bildiriblər.
Demokrat.az
Telegram kanalımız