Artıq bizi Avropa təmsil edəcək klubların rəqibləri bəlli olub. 1-ci təsnifat mərhələlərində “Qarabağ” (ÇL), “Neftçi”, “Səbail”ə(hər ikisi AL) ehtimal edirəm ki, böyük problem yaranmayacaq. Qaranlıq qalan, taleyi suallar altında olan isə “Qəbələ”dir(AL). Aydindir, Tale Heydərovun istefasından sonra klubda çox şey dəyişdi. Kubok qazanmaqları “qırmızı-qaralar”ın yarısına hardasa su səpsə də, kubok hər şey demək deyil. O kubok onları Avropaya qaldırdı. Amma “Qəbələ”ni Avropanı qaldıracaq gücdə qoydularmı? Yox.
Klub getdikcə əsas güclərini göndərməyə başladı: Kapitan Cavid Hüseynov, Elvin Camalov (hər ikisi "Zirə"), Rauf Əliyev, Stiven Jozef-Monroz, Lalavele Atakora, Sabien Lilay, Voislav Stankoviç ("Neftçi")…
Nəticə etibarilə, “Qəbələ” bütün lazım, yardımçı “ayaqlar”ını sağ-sola “xərclədi”.
Klub gələcəyə aid ideologiyasını dəyişdi, maliyyəsini azaltdı, legionerlərini satdı, gəncləşdirmə siyasəti aparmağa başladı. Əsas problem də elə buradan yaranır. Avropa Liqasında Azərbaycanı təmsil edəcək bir klub ölüm ayağındadır. 1 təsnifat getdi, 2 təsnifat getdi, yaxşı, deyək lap 3-cü təsnifatı da bir təhər yola verdi. Bəs qrup mərhələsinə vəsiqə qazansa? Legionersiz “Qəbələ” heyətində ixtisaslaşmış, çox güclü futbolçular olan klublarla qarşılaşsa, nə olacaq? Böyük hesablı məğlubiyyətlər. Bunu nələrləsə bəzəmək lazım deyil. Növbəti bölgə klubumuzu belə görürəm ki, itiririk yavaş-yavaş. Ona doğru gedir. Sanki gələcəyi şəfaf pərdə ilə önümüzə qoyublar və bizə rahatlıqla hər şeyi görmək imkanı yaradıblar... Dördpendirli pizza
***
Düzdür, hələ yay transfer pəncərəsinin bağlanmağına çox var. Kluba yaxşı legionerlərlər cəlb etmək olar. Amma hansı büdcə, hansı pul ilə? Legioner dediyimiz kiçik məbləğlə gəlib burada oynamaq istəməz. Ona lazım deyil başqa ölkənin klubunun problemi. Heç Cavid Hüseynova maraqlı olmadı. “Qəbələ”nin bir parçasına çevirilən şəxsə. Çətin günlərində onu çiyinlərinə qaldırıb kapitanlıq sarğısı verən “Qəbələ”yə “təpik atıb” “Zirə”yə keçən Cavid Hüseynov da başqa günün müzakirəsidir.
***
Sənan Qurbanov açıqlamasında “yaxşı hazırlaşacağıq, amma oyun vaxtına qədər optimal formada ola bilmərik” deməklə, bəlkə də özünün yaranmış situasiyadan kənara çəkir. Baş məşqçinin maliyyə ilə bağlı problemləri həll etmək kimi bir öhdəliyi yoxdur, bu aydındır. Amma əlində olanlarla da nəsə etməyə çalışmalıdır, ən azından maliyyə artımı üçün. Bacarmasa, asıb-kəsəcəklər. Bəlkə, budur onu qorxudan səbəb. Qorxan gözə də çöp tez düşür. Qorxmaq lazım deyil, cənab Qurbanov.
Bizə isə izləmək qalır. Legionersiz bir klubumuzun çıxışına Avropa pəncərəsindən baxacağıq. “Qəbələ” izləyəcəyik. Görək, nə qədər baxa biləcəyik...
(ardı var.)
Naibə Məmmədova
Telegram kanalımız