Hər bir xalqın mütləq çoxluğunun mənafeyini ifadə edən milli ideologiya həmin xalqın tarixi inkişaf yolundan xəbər verir. Xalqların vahid məram və məqsədlər ətrafında sıx birləşməsi ilk növbədə milli ideologiyanın dəqiq müəyyən edilməsindən çox asılıdır. Çünki, düzgün ideologiyanın müəyyən edilməsi həm də xalqların və dövlətlərin gələcək inkişaf prespektlərinin təməlini təşkil edir.
Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdükdə isə dövlət-vətəndaş münasibətləri sarsılmaz olur. Belə bir ideologiyanın ərsəyə gətirilməsi təbii ki, uzaqgörən, dahi siyasətçilərin fədakarlığı nəticəsində mümkün olur.
Ümummilli lider Heydər Əliyev də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətin müstəqilliyi və gələcək inkişafını təmin etmək məqsədilə Azərbaycan cəmiyyətinin möhkəmlənməsinin ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Marqarita pizza
Çünki, azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin çağırışı ilə bütün dünya azərbaycanlılarının milli birlik platformasına çevrilib. İstər Birinci və İkinci Qarabağ müharibəsi zamanı, istərsə də dövlətçilik üçün kilid önəmə sahib məqamlarda xalqımızın birləşdirici sütunların başında məhz azərbaycançılıq məfkurəsi gəlirdi. Bu ideologiyanın inkişafında təməl faktorlardan biri isə, milli tariximizdə önəmli rol oynamış simaların tanıdılması və təbliğidir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycan tarixində ideoloji və fikir olaraq önəmli rol oynamış dəyərli ədiblərlə bağlı filmlərin çəkilməsinə mütləq şəkildə ehtiyac var:
“Əlbəttə, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərə önəm verməliyik. Amma birinci növbədə dövlətçilik tariximizdə aydınlanma, maarifçilik yönündə rolu və töfhələri olan şəxslərə diqqət ayırmalıyıq. Məsələn, biz düşünürük ki, daha çox Azərbaycan tarixində yer alan Atabəylər, Koroğlu və bu istiqamətdə olan tarixi personajları cəmiyyətə təqdim etməliyik. Bu bir az mifik təqdimatdır. Bu kimi şəxsiyyətlər müasir dövrün insanına təsiredici mahiyyət daşımaya bilər. Onlar insanlarda daha çox mifoloji tarixlə bağlı təsəvvürlər yaradır.

Amma yaxşı olar ki, ən böyük dühalarımızdan olan Mirzə Fətəli Axundov haqqında daha sanballı bir film çəkilsin. Digər tərəfdən, Həsən bəy Zərdabi, Əhməd Ağaoğlu kimi ədiblərin həyat və fəaliyyəti də müasir gənclik üçün olduqca maraqlı və əhəmiyyətlidir.
Azərbaycan tarixində mühüm rol oynamış Nuru Paşa və onun azərbaycanlı zabit-əsgərlərinin obrazlarını yaratmaq olar. Yəni biz daha çox qədim zamanlara yönəlmək əvəzinə, çağdaş dövrün dəyərlərinə yönəlməliyik.
Ən başlıca olaraq, Qarabağ şəhidləri, Vətən müharibəsinin qəhrəmanlarının ayrı-ayrı epizodlar üzrə filmini çəkmək olar. Məsələn, Natiq Qasımov haqqında möhtəşəm bir film yaratmaq olar. Bunlar hamısı bir az müasirlik prizması nəzərə alınaraq edilən işlər olmalıdır. Biz daha çox buna diqqət etsək, düşünürəm ki, daha faydalı olar”.
Məşhur kinorejissor və animator Elçin Hami Axundov hələ sovet dövründən bəri, yerli rejissorların bu mövzuya xüsusi diqqət ayırdığını qeyd edib:

“Kino sahəsindən danışırıqsa, mütləq şəkildə Adil İsgəndərovun adını çəkmək lazımdır. Onun 60-cı illərdə çəkdiyi filmlər həm milli düşüncənin, həm də kino sahəsinin inkişafına əvəzsiz töhfələr verib. Bu sırada Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyev və Arif Babayevin də adını mütləq çəkməliyik. Onların yaradıcılığında Azərbaycan tarixi və milli adət-ənənələri müxtəlif rakurslarda işıqlandırılıb.
Müasir dövrdə də belə filmlərin hazırlanması olduqca vacibdir. Yeni nəslə milli ideologiyanın, tarixi şəxsiyyətlərin təbliği sözsüz ki, əhəmiyyətli mövzudur. Mənim özüm şəxsən bu mövzu əhatəsində 3 film çəkmişəm.
Ümumən kinoda bu mövzuya ciddi və dərin yanaşmaq lazımdır. Düşünürəm ki, xüsusən İkinci Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimiz və qəhrəmanlarımızla bağlı filmlərin çəkilməsi çox gözəl olardı. Gələcək nəsillər üçün bu cür mövzularda ekran işləri hazırlamaq çox önəmlidir. Məhz bu cür filmlərlə tarixdəki ziyalılarımız, sərkərdələrimiz və dahi şəxslərimiz tanıdılır. Fikrimcə, müasir Azərbaycan filmoqrafiyasında bu mövzuda filmləri mütəmadi və davamlı kinolar çəkilməlidir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız