Bayramda yığılan artıq çəkidən necə qurtulaq?  - Dietoloq tövsiyələri

saytların hazırlanması

Evə çatdırılma

Bayramda yığılan artıq çəkidən necə qurtulaq? - Dietoloq tövsiyələri

Sağlamlıq

07 Yanvar 2024 15:05 1869


Bayram günlərində əksər insanların qida rejimi pozulur, yeməyə nəzarət itirilir. Bayram bitdikdən sonra isə artıq əlavə kilolar insanları narahat edir. Yeni ildən sonra düzgün qida rejiminə qayıtmaq isə xeyli çətin olur.

Bəs bayram günlərində aldığımız çəkidən necə qurtula bilərik?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan dietoloq, nutrisioloq Aysel Məmmədova bildirib ki, artıq çəkinin alınmasına əsas səbəb karbohidratların yetərindən artıq qəbul edilməsidir: Dördpendirli pizza

“Bayram günlərində hər kəsin qida rejimi pozulur. Çünki süfrələrimizi rəngarəng salatlar, dadlı yeməklər, şirniyyatlar, şirələr və s. bəzəyir. Bələ olan halda, hər növ yeməyin dadına baxaraq balanslaşmış qidalanmanı pozmuş oluruq. Biz daha çox karhohidratla zəngin qida qəbul etdiyimizə görə, tərəzidə artıq çəki müşahidə olunur. Şəkər və tərkibində şəkər olan qidalar sürətli şəkildə qan şəkərini qaldırır. Orqanizm isə qandakı şəkərin bütün hissəsini enerjiyə çevirə bilmir. Enerjiyə çevrilməyən hissə qaraciyər və əzələlərdə, bir qismi isə yağ şəklində orqanizmdə depolanır.

Bununla yanaşı, yüksək miqdarda karbohidrat qəbulu gün ərzində qan şəkərini dalğalandıraraq, şəxsin təkrar qida qəbuluna, halsızlıq və yorğunluğa səbəb olur”.  

O, bayramdan sonrakı günlərdə alınan çəkilərin qısa zamanda verilməsi üçün vacib olan nüansları sadalayıb:

“Öncə çalışmaq lazımdır ki, aktivliyi (orta temp yürüş, fitness, qaçış və s.) artıraq. Daha sonra düzgün qida seçimi edək. Qısa müddətdə alınan çəkini daha tez və rahat şəkildə vermək mümkündür.

 Zaman keçdikcə əgər şəxs passiv həyat sürürsə, sağlam qidalanmırsa, həm çəki alır, həm də metabolizm sürəti zəifləyir. Belə olan halda, çəki atmaq da bir o qədər çətinləşir.

Bayramda alınan çəkiləri tez bir zamanda vermək üçün mütləq səhər yeməyi yemək vacibdir. Çünki səhər yeməyi günə gümrah başlamağa və nahara qədər çox acmamağa yardımçı olur. Qida rasionundan tərkibində yüksək miqdarda karbohidratlar (rafinə ağ şəkər, undan hazırlanan şirniyyat, paketli qidalar və s.) çıxarmaq məsləhətdir. Ən əsası isə bol su içmək vacibdir”.

Dietoloq insanlara internetdə qarşılarına çıxan hər cür detoksu qəbul etməmələrini tövsiyə edib:

“Artıq çəkidən əziyyət çəkən şəxslər çəkiləri tez bir zamanda vermək üçün internetdən qarşılarına çıxan müxtəlif  "detoks" smuzi reseptlərinə baş vururlar. Hər zaman qeyd edirəm ki, bu cür smuzilərin kalori dəyəri çox aşağıdır. Buna görə də bu cür smuziləri uzun müddət qəbul etmək düzgün deyil. Lakin çox qısa müddəti əhatə edirsə, maye qidalardan istifadə etmək olar. Bu cür qidalar asan həzm edilir və ödəm (şişkinlik) atmağa yardımçı olur.

Səhhətində problem olan şəxslər (ürək-damar xəstəliklərində, şəkərli diabet, insulin dirənci, polikistoz və s.) üçün qəbulu tövsiyə edilmir. Sağlamlıq Allah tərəfindən verilən gözəl nemətdir və onun qeydinə qalmaq vacibdir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!