Bakı Ağır Cinayətlər Məhkəməsində 87 yaşlı bibisini zorlayaraq öldürməkdə təqsirli bilinən Mişi Miqirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək Mişi Miqirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
İttihama görə, Mişi Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə bibisi Şuşan Sumxayevanı ötən il aprelin 17-də özü ilə “Yəhudi qəbiristanlığı”na aparıb. Taksi sürücüsünə onları on dəqiqə gözləmələrini tapşırıb, yaşlı, xəstə bibisi ilə birgə məzarlığa doğru addımlayıb. Sərxoş vəziyyətdə qardaşı Raxamin Migirovun məzarı önündə dayanan Mişi elə oradaca bibisinə yumruqla çoxsaylı zərbələr endirib, daha sonra isə qadını zorlayıb.
Bir saata yaxın qəbirstanlığın önündə gözləyən taksi sürücüsü onların qayıtmadıqlarını görüncə ərazidən keçən post patrul xidmətinin əməkdaşına bu haqda məlumat verib. Taksi sürücüsü polislə birgə qəbiristanlıqda Mişi ilə bibisini axtarıblar. Nəhayət, onları yarıçılpaq vəziyyətdə qəbirlərin arasından tapıblar. M.Migirovu polis bölməsinə, zərbələrin təsirindən yerdə zarıyan qadını isə xəstəxanaya çatdırıblar. 87 yaşlı Ş.Sumxayeva aldığı xəsarətlərdən ertəsi gün dünyasını dəyişib.
M.Migirov ona elan olunan ittihamları qəbul etməyib. O, bibisini zorlamadığını deyib.
Telegram kanalımız