“Biznesimizi batırmaq istəyiriksə, insanları aldatmalıyıq” –   Sara Rəcəbli ilə MÜSAHİBƏ

saytların hazırlanması

Evə çatdırılma

“Biznesimizi batırmaq istəyiriksə, insanları aldatmalıyıq” – Sara Rəcəbli ilə MÜSAHİBƏ

İqtisadiyyat

15 İyul 2019 12:12 1265


“Yeni Sabah”ın müsahibi “Free to Travel”, “Buta Art & Sweets” və  “Social Business Youth Center” layihəsinin təsisçisi, NAYORA-nın Gənc elçilər proqramının üzvü, “EU Neighbours East” layihəsinin gənc avropalı səfiri Sara Rəcəblidir.

Sara xanımla yeni hədəflərindən danışdıq və uğur qazanmaq istəyən gənclərə məsləhətlərini öyrəndik:

- Prezident mükafatçısı olduqdan sonra həyatınızda nə kimi dəyişikliklər baş verib?

Prezident mükafatçısı olduğumdan bəri mənim layihəmdə həqiqətən də çoxlu dəyişikliklər olub. Bəzi dəyişikliklər haqqında biz daha ətraflı 2-ci ildönümümüzü qeyd etdikdə danışacağıq. Amma ümumilikdə, biz əməkdaşlarımızın və tərəfdaşlarımızın sayını artırdıq. Menyumuzu genişləndirdik, yay mövsümü üçün olan şirniyyatları əlavə etdik. Bir  çox dövlət qurumları bizi tanıdı, tədbirlərinə bizi dəvət etməyə başladı. Qadın Sosial Sahibkarlıq Forumunda iştirak etdik. Həm də BUTA Art & Sweets layihəsini təqdim etdik. Eyni zamanda sosial sahibkarlığa aid təqdimat etdik.

NAYORA tərəfindən qəbul olunan Erasmus+ ilə bağlı sosial sahibkarlıq mentorluq proqramına seçildim. Biz hazırda regionda yaşayan gənclərin seçimini aparırıq ki, gələn ilin aprel ayına kimi biz  onlara mentorluq edək və onlar sosial biznes idealarını inkişaf etdirə bilsinlər. Aprel ayında Xorvatiyada baş tutan 1-ci həmin proqram çərçivəsində, təlimdə iştirak etdim. Bəzi bacarıq və təcrübələri qazandıq. Azərbaycana gətirdik. Gənclər üçün bəzi təlimlər təşkil etdik. Hazırda da həmin mentorluq prosesindəyik.

Ümumiyyətlə, 1500-dən çox gəncə yarım il ərzində sosial sahibkarlıqla bağlı təlimlər keçmişəm. Bunu regionlarda da həyata keçiririk və proses hələ də davam edir. Tovuz regionunda gənc xanım və qızlar üçün sosial sahibkarlığa aid təlimlər keçirəm. Bir çox regiona həm çıxışlarla, həm təlimlərlə bağlı dəvət almışam. Bakı da buraya daxildir. Auditoriyanı əsasən gənclər təşkil edir. USAID tərəfindən maliyyələşdirilən Qadın İştirakçılıq Proqramı çərçivəsində 2 kursda iştirak etdim - marketinq araşdırmaları və korporativ satış. Hazırda onun hesabatlarını göndəririk.

- BUTA Art & Sweets layihəsinin ilk vaxtlarında bəzi məsələlərlə bağlı xeyli problem yaşadığınızı qeyd etmişdiniz. Bəs indi necə?

İlk vaxtlarda bizim problemlərimiz, həqiqətən, çox idi. Çünki bizi anlayan az idi. Sosial sahibkarlıq konsepti anlayışını çox az adam bilirdi. Çox heyif ki, biz adicə deyəndə ki, həmin məhsulları fiziki məhdudiyyətli  xanımlar hazırlayıb insanların beynindəki sterotiplərə görə onu çox az adam alırdı. Biz sərgilərə gedib araşdırma edirdik və görürdük ki, çox az adam yaxınlaşıb nəsə almaq istəyir. Çoxlu problemlər var idi - müştərilərin tapılmasında, həmin xanımlarla kommunikasiyanın qurulmasında. Amma  həmin məsələlər yavaş-yavaş həll olunmağa başladı. Çünki biz daim olaraq xanımlar üçün təlimlər keçmişik. Özümüz də çox əziyyət çəkmişik. Əməkdaşlıq üçün şirkətlərə müraciət edirdik. Sonradan biz həmin problemləri imkanlara çevirdik.

BUTA Art & Sweets layihəsinin təsisçisi kimi də bu yaxınlarda keçirilmiş Hackathon müsabiqəsində iştirak etdik. Hackathon adı limitsiz adlanır. Əsas məqsəd fiziki məhdudiyyətli insanların problemini texnologiya layihələri ilə həll etmək idi. Həmin layihədə mentor kimi təyin olundum. Gənclərin komandalarına istiqamət verirdim. Eyni zamada Azərbaycanda hər il qeyd olunan sahibkarlıq gününə həsr olunmuş konfransda Azərbaycanda növbəti bir ilkə imza atdıq və ilk dəfədir ki, Sosial sahibkarlıq nominasiyası üzrə qalib olduq. İnkişaf edən Avropa müsabiqəsi çərçivəsində Avropa regionu üzrə bərabərlik prinsipinin qorunduğuna görə top 10, yəni güclü layihələr siyahısına düşmüşük.

“Öz dəyərinizi düzgün formada təqdim etməyi bacarın!”

- Bir sosial sahibkar kimi bu müddət ərzində nələr öyrəndiniz?

2 il ərzində bir sosial sahibkar kimi daha güclü olmağı öyrəndim. İnsanların fərqlərini qəbul etməyi, onlarla düzgün ünsiyyət qurmağı öyrəndim. Bir daha anladım ki, sosial sahibkarlıq ənənəvi sahibkarlıqdan çətindir. Çünki özünə sosial problemin həllini daha innovativ, kreativ, daha uyğun yollarla həllini göstərir, ehtiva edir. Sosial sahibkarlıqda ən çətin olan məsələ insanların beynindəki stereotipləri sındırmaqdır və biz bunun üçün bir çox iş görmüşük.

Nələri öyrəndik? Daim yeniliklərə imza atmağı, insanların fikirlərini öyrənməyi, mütəmadi olaraq inkişaf etməyi, yeni trendləri izləməyi öyrəndik. Baxmayaraq ki, biz sosial sahədə çalışırıq. Hazırda  bizim ən  çox çalışdığımız məqamlardan biri komandanın, əməkdaşların fikirlərini öyrənməkdir. Biz əvvəllər deyirdik, “Müştərilərin fikirlərini öyrənək”. Lakin daha sonra öyrəndik ki, sosial sahibkarlıqda komanda üzvlərinin fikirlərini də öyrənməli, onlarla hər bir şeyi məsləhətləşməliyik.

Korporativ dünyada məni ən çox təəccübləndirən bir məqam oldu. Baxmayaraq ki, siz ənənəvi sahibkarlıqla məşğulsunuz, ya sosial sahibkarlıqla. Siz mütləq şəkildə öz dəyərinizi düzgün formada təqdim etməyi bacarmalısınız. Güclü ideanız ola bilər. Ancaq onu düzgün qablaşdırıb insanlara çatdıra bilmirsinizsə, o ideanı çox az adam görəcək.

- Azərbaycanda bu sahə ilə bağlı 2 il ərzində irəliləyiş olubmu?

Azərbaycanda sosial sahibkarlıqla bağlı güclü irəliləyiş olub. BUTA Art & Sweets-i yaradandan sonra belə qərara gəldim ki, Sosial Biznes Gənclər Mərkəzini yaradım. Biz 1 ilə yaxın vaxt ərzində 1200-dən çox gənc üçün təlimlər, düşərgələr, bir çox tədbirlər təşkil etmişik. Beynəlxalq spikerləri, böyük şirkətlərin nümayəndələrini də dəvət etmişik ki, onlar öz təcrübələrini paylaşsınlar.

Digər irəliləyiş sosial sahibkarlıq sahəsinin dövlət səviyyəsində tanınması idi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq bizə müraciət edirdi ki, biz onlarla sosial sahibkarlığın inkişafı ilə bağlı əməkdaşlıq edək. Artıq bu konsept qanunvericilikdə əlavə olunsa, siz düşünə bilərsiniz ki, BUTA Art & Sweets komandası, digər sosial sahibkarlar birləşərək həmin dövlət qurumları ilə uğurlu əməkdaşlığa imza atıblar. Biz artıq bu cür önəmli addımı atmışıq. Azərbaycanda ilk dəfə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiyası və “Education HUB”ın təşkilatçılığı ilə Qadın Sosial Sahibkarlıq Forumu  keçirildi və mən oraya əsas spiker kimi dəvət olunduğum üçün çox məmnun oldum. Dövlət qurumlarının spikerləri ilə birgə sosial sahibkarlığın perspektivləri, problemləri, onun tarixçəsi haqqında təqdimat etdim, beynəlxalq təcrübəyə aid bir çox məlumat paylaşdım. Həmin auditoriyadakı bir çox gənc bizə yaxınlaşdı və istədi ki, biz bir yerdə sosial sahibkarlıq ekosistemini inkişaf etdirək. Mən çox sevindim ki, artıq bizim gənclər biznes, sahibkarlıq yolunu cəmiyyətin həyatının pozitiv yöndə dəyişilməsi üçün istifadə etmək istəyirlər.

“Sıfır vəsaitlə, kiçik addımlarla da nəsə yaratmaq olar”

- Sosial sahibkarlıqla bağlı maarifləndirmə işləri həyata keçirirsiniz. Bunu hansı vasitələrlə və hansı növ auditoriyaya tətbiq edirsiniz?

Sosial sahibkarlığın maarifləndirilməsi mənim həyat missiyama çevirilib. Çünki bu sahəni o qədər sevmişəm ki, hələ də araşdırıram, kitablar, məqalələr oxuyuram, daim bunun üzərində çalışmaq istəyirəm. Bununla bağlı həm, Sosial Biznes Gənclər Mərkəzi, həm də beynəlxalq layihələr çərçivəsində xeyli təlim keçmişəm. İnsanlar bu sahə ilə maraqlandıqda mən çox sevinirəm. Çünki sosial sahibkarlıq yeni bir sahədir və biz daim istəmişik ki, gənclər arasında maarifləndirmə aparaq.O nlar çevik, enerji doludurlar. Kreativ yanaşmaları olur. Empatiya hisləri daha güclüdür. Bunu sərgilərdə də müşahidə etmişik ki, bizim məhsulları ən çox gənclər bəyənir, alır. Biz ona görə düşündük ki, gənclər əgər hazırda problemləri həll etmək istəyirlərsə, heç bir şey gözləməli deyillər. Sıfır vəsaitlə, kiçik addımlarla  da nəsə yarada bilərlər. Bunun ən gözəl yolu da onlar arasında sosial sahibkarlıqla bağlı maarifləndirmə işlərinin aparılmasıdır. Onları sosial biznes layihələrinin qurulmasına təşviq etmək, ruhlandırmaqdır.

- İşinizi ənənəvi sahibkarlığa çevirməyi düşünmüsünüzmü?

İşimi heç vaxt ənənəvi sahibkarlığa çevirməyi düşünməmişəm, çünki bizim layihəmizin əsas məqsədi sosial problemi, insanları yoxsulluq səviyyəsindən çıxartmaqdır. Biz sosial sahibkarlığa  başlamışıqsa, insanları aldatmamalıyıq, onların hisləri  ilə oynamamalıyıq. Bu mənim şəxsi düşüncəmdi. Ənənəvi sahibkarlıqda əsas məqsəd gəlirlərin maksimallaşdırılmasıdır. Bizim  BUTA Art & Sweets olaraq “Niyə?”  sualına cavabımız xüsusi qayğıya ehtiyacı olan xanımların işsizlik problemini həll etməkdir. Biz ənənəvi sahibkarlığa keçmək istəmirik. Lakin biz komandamıza fiziki məhdudiyyətli xanımlardan əlavə qaçqın düşmüş ailələri əlavə edə bilərik. Yaxud maddi vəziyyəti olduqca pis olan ailələr də ola bilər. Amma bu yenə də hər hansı bir sosial problemin həllinə fokuslanacaq. Həmin xanımlar maaş alırlar, qazanırlar. Amma biz onlar üçün əlavə olaraq, heç bir donordan asılı olmayaraq  əlavə master klasslar, təhsil proqramlarını təşkil etmək istəyərik.

22 ölkəyə səyahət və qırılan stereotiplər

- Layihələrdə iştirak etdiyiniz müddət ərzində bir çox ölkəyə səyahət etmisiniz. Bu səyahətlər zamanı sizi ən çox təəccübləndirən nə olub?

İndiyə qədər xeyli beynəlxalq layihədə iştirak etmişəm. Həm layihələr vasitəsilə, həm də turist kimi 22 ölkədə olmuşam. İlk dəfə 18 yaşımda səyahətə çıxmışam. DAAD-ın proqramı ilə Almaniyada təhsil hüququ qazanıb  2-ci kursun 1-ci semestrı, yəni 2014-2015-ci illərdə Almaniyada təhsil aldım. O illərdə həm də işləyirdim. Çalışırdım ki, həm təqaüdümü, həm də işdən gələn gəlirimi ən faydalı şəkildə xərcləyim.  Orada imtahanlarım bitən kimi 8 ölkəni 16 gün ərzində gəzdim. Bu səyahətlər zamanı məni ən çox təəccübləndirən yerli insanların isti münasibətləri oldu. Baxmayaraq ki, mənim beynimdə stereotiplər olub.  Almaniya, Skandinaviya ölkələri ilə bağlı çox vaxt eşidirik ki, oranın insanları çox soyuqdur. Lakin əslində onlar çox yardımsevər,qonaqpərvər insanlardır. Biz çox vaxt milləti qiymətləndiririk, amma bu çox səhv yanaşmadı. Biz hər kəsi fərdi olaraq qiymətləndirməliyik. Biz insanlarla kommunikasiya qurduqda stereotipləri qırağa qoymalıyıq      .

- Çox gəzmək, yoxsa çox oxumaq?

Mən bunlardan hansının daha üstün olduğunu deyə bilmərəm.  Gərək bunun ikisi də tarazlaşdırılmış şəkildə olsun. Əgər biz çox gəziriksə, amma getdiyimiz yerlər, dünyadakı proseslər haqqında  məlumatımız yoxdursa, sadəcə bələdəçilərdən aldığımız limitli sayda məlumatla kifayətlənməli olacağıq. Amma bəzən yerli əhalidən o qədər maraqlı məlumatlar ala bilərik ki, onlar heç bir kitabda olmasın.

- Növbəti hədəf və idealarınız nələrdir?

Yeni hədəf və idealarım əsasən layihələrimin Azərbaycanın regionlarında və xaricdə genişləndirilməsi ilə bağlı olacaq. Özümə konkret  məqsədlər qoymuşam. Amma bunları kiminləsə paylaşmağı sevmirəm. Təəssüflər olsun ki, bu mənə düşmür. Amma bu məqsələrə çatmaq üçün komandamla birlikdə var gücümlə çalışıram. Ümumi desək, mənim hədəf və məqsədlərimin insanların həyatına daha çox pozitiv təsir göstərməkdən ibarətdir.

Uğura gedən yolda “Niyə?” sualının rolu

- Uğur qazanmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

Uğur anlayışı çox subyektiv anlayışdı. Məsələn, biri üçün bank hesabında 1 milyon dollar, digəri üçün limitli büdcə ilə bütün dünya turunu təşkil etmək, o biri üçün isə bütün həyatı boyu kənddə, sakit həyat tərzi sürməkdir. Ona görə də mən hansısa məsləhət verə bilmərəm. Amma mənim üçün uğur insanların həyatına maksimum dərəcədə təsir etmək, öz şəxsi liderlik bacarıqlarımı lazım olan vaxt nümayiş etdirmək, eyni zamanda özümdən sonra hər hansı irs qoymaq bacarığıdır. Mənim üçün heç vaxt vacib olmayıb ki, mən milyoner olum, mənim haqqımda hansısa jurnalda yazı çıxsın. Mənim üçün vacib olan insanların üzündə bir gülüş olmasıdır. Özümü uğurlu insan ona görə sayaram ki, çətinliyə, ailə sıxıntılarına baxmayaraq, həm təkbaşına, həm layihələr çərçivəsində bir çox ölkələr gördüm və Azərbaycanı layiqincə təmsil edə bildim. Həm BMT-də, həm Avropa Kommisiyası, Həm Avropa Şurası, həm bir çox beynəlxalq platformada Azərbaycanı layiqincə təmsil etməyi bacardım. Ümumi məsləhət olaraq deyərdim ki, hansısa işə başlamazdan öncə mütləq “Niyə?” sualını cavablandırmalıyıq.  Biz deməyək ki, “Nə edək?”, biz deməliyik ki, “Niyə edək?”. Minimum 5 dəfə bunu soruşmalıyıq. Əgər bunu cavablandıra bilməsək, bizim bütün fəaliyyətlərimiz uğursuz olacaq. Hər bir uğurun arxasında çoxlu, ağrılarla, gözyaşları ilə dolu məqamlar olur. Yıxıldığımız məqamlar olur. Zərbələrdən, insanların bizə qarşı mənfi yanaşmalarından ibarət  hallar olur. Buna görə “Niyə?” sualının cavabını bilməliyik ki, o bizi ruhulandırsın. Həyat bizi 1000-ci dəfə yıxanda, 1001-ci  dəfə ayağa durmağı bacaraq. Eyni zamanda içimizdəki səsi dinləməliyik. Kənar insanlar bizi lağa qoysalar, gülsələr belə, biz özümüzə inanmalıyıq ki, digərlərini də inandıra bilək. Hansı sahə olur olsun, dürüst olmağı bacarmalı, namusla, qeyrətlə, insafla çalışmağı bacarmalıyıq ki, bunları başqalarına da aşılaya bilək.  Hər biznesdə bizə deyirlər ki, özümüz qazanmaq üçün insanları aldatmalıyıq.  Bu çox geridəqalmış düşüncədir. Əgər biz biznesimizi batırmaq istəyiriksə, bəli, insanları aldatmalıyıq. Ancaq biz dayanıqlı şəkildə inkişaf etmək, uzun müddət fəaliyyət göstərmək istəyiriksə, mütləq şəkildə insan olmağı bacarmalı, başqaları ilə dürüst və səmimi olmalıyıq.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!