Son günlər karantin rejiminin yumşaldılması ilə əlaqədar ölkədə virusa yoluxanların sayında artma tempi müşahidə edilib. Belə ki, may ayının 6-da 67 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Ötən gün isə 77 nəfərdə COVİD-19 simptomları aşkarlanıb. Bu müddət ərzində sağalıb evə buraxılanlar ümumi sayı isə 71 nəfər olub. Virusa yoluxanların sayının sağalanların sayını üstələməsi narahatlıq doğurub.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən həkim Aydın Əhmədov ilk əvvəl bildirib ki, burun-boğaza düşmüş virus ağciyərlərə enib orada geri dönüşü olmayan problemlər yaradır, hüceyrələri sərtləşdirir: “Ümumiyyətlə virusların çoxu hava damcı yolu ilə yoluxur. Covid-19 da belədir. Virus insanın sağlam hüceyrəsinin içərisinə daxil olub onu dağıdır.Təəssüf ki , neçə vaxtdır mütəxəsislərin, yaradılmış xüsusi qərargahın və orada işləyən insanların heç biri məsələnin əslində nə qədər qorxulu olduğunu insanlara başa sala bilmir”.
Həkim yoluxma sayının artmasını insanların etinasızlığı ilə əlaqələndirib və çıxış yolu olaraq maarifləndirmə işlərinin aparılmalı olduğunu deyib: “90 faiz insan nə sosial məsafə gözləyir, nə maska taxır, nə də əlcəkdən istifadə edir. Bu isə xəstə sayını sürətlə artırır və faciəvi sonluq qaçılmazdır. İnsanlarımızda qəribə bir psixologiya formalaşıb. Əgər atam, anam, dayım, övladım xəstə deyilsə, demək şoudur və yalandır. Ali təhsilli müəllim, mühəndis, fəlsəfə doktorları məsələyə barmaqarası baxır və düzgün maarifləndirmə işləri aparmırlar. ÜST hansı ölkələrdə sağalmanın yoluxma sayından çox olduğu hesabatını görürsə, onu kritik həddi aşmış hesab edir. Amma bu həddi də əldə saxlamaq vətəndaşlara bağlıdır.Təəssüf kı,vətəndaşlarımızla bu mümkün olmayacaq”. pizza
Aydın Əhmədov qeyd edib ki, artıq ikinci dalğa başlamaq üzrədir: “Mütləq 2-ci dalğa başlayacaq. Çünki 1 nəfərin məsuliyyəti hiss etməsi ilə xəstəliyi nəzarət altına almaq mümkün olmayacaq. Qaydalar daha da sərtləşdirilməlidir. Əks halda hər ev kimləsə vidalaşacaq. Bir məsuliyyətsiz insan çox sayda insanın məhv olmasına və bir ömür zədələnmiş ağ ciyərlərlə yaşamasına səbəb olacaq. Dünya ölkələrinin hesabatına baxdıqda görürük ki, ikinci dalğa daha faciəvi olur. Virusdan qorunma şəklini həyat tərzimizə çevirməsək, nəinki iqtisadiyyatı, bütün bəşəriyyəti məhv etmək təhlükəsi ilə qarşı-qarşıya qalacağıq. Dünyanın var olması biz insanların əlindədir. Xəstəliyə qarşı vaksin tapılanadək edəcəyimiz əsas şey təmizlik və ictimai yerdə maska , rezin əlcək taxmaqdır. Həm özümüzü, həm də əzizlərimizi bu yolla qoruya bilərik . Sanki bu xəstəlik insanlığın və insan olmanın bəşəriyyət qarşısında imtahanıdır”.
Sayad Həsənli
Telegram kanalımız