Bir neçə gün öncə hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC-nin taksi fəaliyyəti göstərəcəyi ilə bağlı məlumat yayılmışdı. Bu barədə xəbər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmişdi. Bu məsələ digər taksi şirkətlərinin, taksi fəaliyyəti ilə fərdi məşğul olan şəxsləri narahat edib.
Məsələylə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov “Yeni Sabah”a açıqlaması zamanı məlumatın yanlış olduğunu bildirib: “Məlumatın özündə yanlışlıq var. Bakı şəhərinin hər yerində, o cümlədən hava limanında taksi fəaliyyətini tənzimləyən qurum Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi deyil, Bakı Nəqliyyat Agentliyidir. Belə məsələləri BNA həll edə bilər, başqa heç kim. Bu, məsələnin hüquqi tərəfidir. Məlumat dəqiq, rəsmi məlumat deyil, orada bir yanlışlıq var.
Məsələnin ikinci tərəfi odur ki, qanunvericilikdə taksi fəaliyyəti ilə məşğul olmağın şərt və qaydaları var. Orada heç yerdə qeyd olunmayıb ki, hansısa bir yerdə xidmət konkret şirkətə həvalə olunub. Avtobus marşrutları ilə bağlı belə qayda var. Müsabiqə keçirilir və müsabiqənin qalibinə, məsələn Bakı şəhərində 11 saylı marşrut ona verilir. Həmin marşrutu da BNA müəyyən edir. Taksilərlə bağlı belə bir şey yoxdur. Taksi fəaliyyəti tam sərbəstdir. Kimsə inzibati qərarla müəyyən edə bilməz ki, burada taksi xidməti ilə ancaq filan şirkət məşğul ola bilər. Alqoritmin birinci addımı odur ki, bu, düzgün deyil. Qanunda belə bir şey nəzərdə tutulmur”. pizza
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev isə açıqlamasında bildirib ki, bu məsələyə BNA-nın qarışacağı yoxdur:
“Yəni biz tərəfdən belə bir qərar qəbul olunmayıb, göstəriş verilməyib. Bizə aid olan məsələ deyil. Konkret bu layihə BNA-ya aid deyil”.
Əsmər Qabil
Telegram kanalımız