İntihara cəhd edən 109 nömrəli məktəbin V sinif şagirdi Firuzənin atası Şamxal Əliyev övladının məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd etiyini bildirib.
O, deyib ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızına dəfələrlə təzyiq göstəriblər: “Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”.
Şamxal Əliyev deyib ki, qızı 6 qutu dərman atıb: “Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”. Dördpendirli pizza
Ş.Əliyev qeyd edib ki, baş verən hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb: “Dünən prokurorluq əməkdaşları qızımı və sinif yoldaşlarını prokurorluğa çağırmışdılar.
Bu hadisə qızıma təkrar sarsıntı yaşadıb və o, dünən təkrar intihara cəhd edib. Bu uşaqların cəmi 11 yaşları var. Yaxşı olardı ki, onlar məktəbdə, psixoloqun iştirakı ilə dindirilsinlər”.
Atası hazırda övladının məktəbə getmədiyini bildirib.(ONA)
Lent.az-ın əməkdaşları adı keçən məktəbdə olub, hadisə ilə bağlı öyrənməyə çalışıblar. Jurnalist məktəbin qarşısında toplanan valideynlərdən Firuzə hadisəsini eşidib-eşitmədiklərini soruşub.
Valideynlər bir-birləri ilə ani baxışmadan sonra sanki sözləşmiş kimi tanımadıqlarını deyirlər: “Bizim məktəb çox yaxşıdır. Bir dənədir məktəbimiz. Kimin uşağı problem yaşayırsa, getsin kökünü evində axtarsın”-deyə, valideynlərdən biri öz fikrini bildirir.
Söhbətin bu yerində bizi dinləyən iki yeniyetmədən biri əlini yanındakı şagirdə uzadıb: “Bu, Firuzəni tanıyır. Paralel oxuyurlar”-deyir.
Firuzənin müəllimlərlə problem yaşayıb-yaşamadığını soruşuruq. Uşaq ağzını açıb danışmaq istəsə də, valideyn him-cimlə sakit durmasını istəyir. Uşaq çarəsiz başını bulayır.
Məktəbin içinə daxil olanda isə başını stolun üstünə qoyub mürgüləyən mühafizəçi maraqla bizi süzür. Firuzə adını eşidən kimi sözü bitirməmiş onun ümumiyyətlə məktəbə gəlmədiyini deyir. Xanımın hadisə ilə bağlı məlumatlandırıldığı məlum idi: “O qız heç məktəbə gəlmir. İndi burada Ağdam məktəbinin dərsi başlayıb. Firuzənin sinfi səhərlər oxuyur”.
Mühafizəçi xanım uzun müddət kiminləsə telefonla danışdıqdan sonra bizə qısa bir cavab verdi: “Deyirlər ki, Bakı Baş Təhsil İdarəsi ilə əlaqə saxlasınlar”...
Telegram kanalımız