18 Oktyabr - Azərbaycan müstəqilliyinin yenidən bərpası

saytların hazırlanması

Evə çatdırılma

18 Oktyabr - Azərbaycan müstəqilliyinin yenidən bərpası

Siyasət

11 Oktyabr 2024 11:47 922


Müstəqillik xalqımızın böyük tarixi  nailiyyəti və milli  sərvətidir.  İstiqlaliyyət günümüzün ölkəmizdə hər il  təntənəli şəkildə  bayram edilməsi Azərbaycanın dövlət  müstəqilliyinin möhkəm təməllər üzərində  qurulduğunu və əbədi  olduğunu bir daha sübut  edir. 

Tarix dəfələrlə sübut edib ki,  müstəqilliyi qoruyub saxlamaq  onu qazanmaqdan qat-qat  çətindir.  Azərbaycan bir əsrdə iki dəfə  müstəqillik etdi və özünün suveren dövlətini  yaratmaq imkanını qazandı. 

Təəssüf ki,  birinci imkan  xarici müdaxilə, daxili  çəkişmələr və beynəlxalq  təminatın olmaması  səbəblərindən  itirildi.  1918-ci ildə  qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.   Dominos pizza

İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet İmperiyasının  dağılması Azərbaycan xalqına öz milli  müstəqilliyini bərpa etmək fürsəti verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən  Azərbaycanın istiqlaliyyəti  barədə qəbul edilmiş  Konstutusiya Aktına  əsasən  həmin tarixdən başlayaraq  30 ildir ki,  18 oktyabr - Müstəqillik Günü kimi qeyd edilir. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi   cəmiyyətimiz tərəfindən nə qədər  böyük sevinc hissi ilə  qarşılansa da, sonrakı dövrdə baş verən  neqativ siyasi proseslər  xalqımızın azadlıq  ideyalarını şübhə altına  almışdı. 

1992-1994-cü illərdə  Ermənistanla Dağlıq Qarabağ uğrunda baş verən münaqişə müstəqilliyimizin ilk dövrlərində dövlətçiliyimiz üçün çətin sınaqlar gətirdi. Ancaq dərin dövlətçilik ənənələrinə malik olan Azərbaycan bu təlatümlü və çalxantılı dövrlərdən də üzüağ çıxmağı bacardı. 

Həmin dövrün siyasi və tarixi gedişi, siyasi çətinliklər və müstəqillik yolundakı görülən işlərlə bağlı Yenisabah.az-a danışan sabiq deputat, DemBlok üzvü Firudin Cəlilov bildirib ki, 80-ci illərin ortalarından başlayan milli azadlıq hərəkatı sonda Azərbaycanda müstəqilliyin yenidən bərpası ilə yükunlaşdı:

“Azərbaycanda milli azadlıq hərəkatı 80-ci illərin ortalarında başlamışdı. 86-cı ildən Qarabağ məsələsi ortalığa atıldı və mübarizənin yönü məhz bu istiqamətə yönəldi. Amma xalq arasında müstəqilliyin yenidən bərpası və suverenliklə bağlı yenidən böyük ümidlər yaranmışdı. Biz də həmin ümidlə yaşayanların önündə gedən bir qrup ziyalı idik. Tale elə gətirdi ki, 1991-ci ildə müstəqilliyimizi elan etdik. 

Onu da deyim ki, müstəqillik səs qoyulanda, parlamentdə cəmi 43 nəfər səs verdi. Lakin bütün bunlara baxmayaraq, biz Milli Məclisdə müstəqilliyimizi qəbul etdik. Mən də parlamentin üzvü və komissiya sədri kimi bu işlərə ürəklə qoşulmuşdum. 

Rəhbərlik etdiyim komissiya, Elm, təhsil və mədəniyyət komissiyası idi. Bütün dövlət atributlarını bizim komissiya hazırladı. Daha sonra mən bunu parlamentə təqdim etdim. Bayrağın rənglərinin necə olması ilə bağlı qanunu yazdıq, latın qrafikalı əlifbanı və himni bərpa etdik. Əlbəttə, bunlar çox çətinliklə olurdu. Amma biz bütün çətinliklərə baxmayaraq, bu dövlət atributlarını hazırlayıb, qəbul etdirə bildi. 

Həmin dövr çox gərgin idi, Qarabağda müharibə başlamışdı. Ölkə üçün siyasi və sosial baxımdan çətinliklər vardı. Biz Müstəqillik Aktında da qeyd etdik ki, 1918-ci ildə Azərbaycanda qurulmuş demokratik cümhuriyyətin varisiyik və onun xəritələri, himni və dövlət atributları ilə birlikdə onu bərpa edirik”.

Firudin Cəlilov müstəqilliyin ilk illərində yaşanan siyasi çətinliklərdən və Ermənistanla baş verən müharibədən də bəhs edib:

“Biz müstəqilliyi qəbul edən kimi, ilk olaraq dövlətimizi Türkiyə tanıdı. Daha sonra ardıcıl olaraq, Rumıniya, Pakistan kimi dövlətlər bu sıraya qoşuldu. Həmin dövrdə xarici siyasət də çətin idi. Rəhmətlik Tofiq Qasımov müstəqilliyin tanınması üçün gah BMT-yə, gah da ABŞ-a gedirdi. Həmin qarışıq dövrdə, Vaşinqtonda məşhur və bədnam 907-ci düzəliş qəbul edilmişdi. Digər tərəfdən hakimiyyət uğrunda gedən mübarizə və Qarabağdakı intensiv hərbi müharibə ilk müstəqillik illərini daha da çətin edirdi. 

Ordu olmadığı üçün könüllü döyüşçü dəstələrimiz öz fədakarlıqları hesabına erməni işğalının qarşısını alırdı. Amma biz çox çətinliklə də olsa, dövlət müstəqilliyimizi elan etdik və qoruyub saxladıq”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!