Azərbaycanda mütəmadi olaraq, hətta demək olar ki, hər gün qanunlara dəyişiklik edilir və ya yeni qərarlar qəbul edilir. Lakin əksəriyyət dəfələrlə dəyişiklikliyi oxuyub tanış olsa da, anlaya bilmir, qanunu necə tətbiq edəcəyi haqqında təsəvvürü olmur.
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli parlamentdə qəbul edilən qanunla bağlı "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır”- deyə bildirib. Görünür, parlament üzvləri belə qanunlardan baş aça bilmir. Bəs sadə xalq bunu necə dərk etsin?
Tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Yeni Sabah”a açıqlamasında deyib ki, Azərbaycan Konstitusiyasına görə, qanunların dilinə münasibətdə konkret, dəqiq olması, ümumi abstrak terminlərdən istifadə edilməməsi tələblərdən biridir: pizza hut
“Bu baxımdan təəssüf ki, qanunlar hazırlanarkən onun geniş ictimai müzakirəsi , eyni zamanda ölkə üzrə hansı qanunlara tələbin olması istiqamətində müvafiq təhlillər həyata keçirilmir. Azərbaycanda bu, geniş yayılmayıb. Hesab edirəm ki, Milli Məclis , həmçinin qanunvercilik təşəbbüs subyektləri tərəfindən qanunlar hazırlanarkən araşdırmalar da aparılmalı və bu qanunlara nə qədər ehtiyacın olduğu müəyyən edilməlidir. Bu günlərdə Milli Məclisdə daxili reqlament haqqında qanuna mühüm bir dəyişiklik edildi ki, istənilən qanun ictimai müzakirəyə çıxarılmalıdır. Parlament artıq bu proseslərə başlayıb. Bu, qanunların keyfiyyətinə də təsir göstərən amildir”.
Ə.Nuriyev qanunların tez-tez dəyişilməsi məsələsindən də söz açıb:
“Əslində normativ hüquqlar haqqında qanunun tələbinə görə, qanun qəbul ediləndən 6 ay sonra ona dəyişiklik edilə bilər. Bu da qanunlarda sabitliyin artmasına mühüm təsir göstərən amillərdəndir. Niyə qanunlar tez-tez dəyişilir və ya yeni qanunlar qəbul edilir? Bunun əsas səbəbi sürətli inkişafdır. Bir sıra hallarda qanunvericilik inkişafdan geri qalır. Ona görə də qanunvericiliyin tez-tez dəyişilməsi məcburiyyəti yaranır, ictimai münasibətlərin tənzimlənməsi prosesində iştirak edir. Xüsusilə informasiya kommunikasiya texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi o qədər sürətlə inkişaf edir ki, dünyada yeni standartlar yaranır. Və bu da qanunvericiliyin proseslərlə ayaqlaşmasını zəruri edir. Bu məsələlər kompleks şəklində həll edilməlidir”.
Hüquqşunas bildirib ki, istənilən qanunlara, eyni zamanda qərarlara geniş izahatların verilməsi yaxşı olardı:
“Bu gün qanunvericilik qəbul ediləndən sonra onun anlaşıqlı, sadə dildə ifadə edilməsi üçün bələdçilər hazırlanmalıdır. Onlar qanunda nələrdən bəhs edildiyini cəmiyyət üçün aydınlaşdırmalıdırlar. Qanun normasının tətbiqi və ya istifadə edilməsi müəyyən edilməlidir. Qanunu sadə insanların başa düşəcəyi dilə çevirmək lazımdır. Bu məsələlər istiqamətində problemlər var və aradan qaldırılmalı, müvafiq tədbirlər görülməlidir. Qeyd etdiyim kimi ictimai müzakirələr, sorğuların keçirilməsi, şərhlərin verilməsinə ehtiyac var. Boşluqları aradan qaldırmaq mümkündür”.
Günay Rəsulqızı
Telegram kanalımız