Ölkəmizdə parlament ənənələri olduqca dərin köklərə malikdir. Azərbaycanda ilk parlament Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin 27 may tarixində Zaqafqaziya seyminin 44 nəfərlik müsəlman üzvü tərəfindən Tiflisdə toplanması ilə yaranıb.
Həmin dövrdə parlament həm icraedici, həm də qanunverici səlahiyyətə malik idi. Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclisə seçkilər 1995-ci ildə keçirilib. Həmin vaxt seçici siyahılarına daxil edilmiş 4 milyon 132 min 600 nəfər vətəndaşdan 3 milyon 556 min 277-si və ya 86,05 faizi seçkilərdə iştirak edib. Milli Məclisə 124 deputat seçilib. Bunlardan 99-u birmandatlı seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə çoxmandatlı seçki dairəsindən olub.
Milli Məclisə II çağırış 2000-ci ildə reallaşıb. Bu dəfə respublika üzrə seçici siyahılarına 4 milyon 318 min Azərbaycan vətəndaşı daxil edilib. Mandat uğrunda 390 nəfər mübarizə aparıb. Nəticədə, birmandatlı seçki dairələri üzrə 88, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 25 deputat olmaqla, Milli Məclisə cəmi 113 deputat seçilib. Milli Məclisinin III çağırış seçkilər isə 2005-ci ildə keçirilib. Parlamentə 125 seçki dairəsi üzrə 121 deputat seçilib. Dörd dairədə isə səsvermənin nəticələri etibarsız hesab edilib. Marqarita pizza

2010-cu ildə növbəti parlament seçkiləri baş tutub. Səsvermədə 2 442 365 nəfər vətəndaş iştirak edib. Bu dəfə isə 125 seçki dairəsindən nəticələri etibarsız hesab edilən olmur və Milli Məclisdəki deputat sayı 125 nəfər olur.
Parlamentə V çağırış seçkilər isə 2015-ci ildə keçirilib. Səsvermədə 2 894 515 nəfər iştirak edib. Bu dəfə bir dairədə seçkinin nəticəsi etibarsız hesab edilib və Milli Məclisə 124 deputat seçilib.
2020-ci ildə seçilmiş seçkilər Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri oldu. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisinə 125 namizəd deputat seçildi. Sonradan 4 dairədə seçkinin nəticələri ləğv edildi.
Ümumilikdə demokratik dövlətlərdə parlamentin idarəçilikdə rolu müstəsna önəm daşıyır. Deputatlar hakimiyyət və xalq arasında bir növ vasitəçi funksiyanı yerinə yetirir. Azərbaycanda parlament ənənələrinin tarixi, keçdiyi yol və fəaliyyəti ilə bağlı Yenisabah.az-a danışan keçmiş deputat, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Xalq Cümhuriyyəti dövründə ilk parlament yaradılsa da, sovet hakimiyyəti dövründə o sadəcə formal funksiya daşıyıb:
“Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə parlament ənənələrinin yaranmasında mühüm rolu olub. AXC özlüyündə parlamentli respublika idi. Amma sonralar bolşevik hakimiyyəti Azərbaycanı uzun illər işğal altında saxladığı dövrdə ölkəmizdə parlament mövcud olmuşdu, lakin mahiyyət olaraq, formal xarakter daşıyırdı. Çünki faktiki olaraq, Azərbaycan həmin dövrdə müstəmləkə şəraitində olmuşdu. O zamanki Azərbaycan SSR-nin parlamenti sadəcə olaraq, Moskvanın qəbul etdiyi qanunları köçürməklə məşğul idi. Yəni xüsusi olaraq bu parlamentin elə də rolu olmayıb”.
Əliməmməd Nuriyev deyib ki, müstəqilliyin bərpasından sonra Milli Məclisin Azərbaycan dövlətçiliyi adına bir sıra mühüm qərar və qanunlara imza atıb:
“Daha sonra Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdə, yenidən parlament mühüm rola malik olmağa başladı. Xüsusilə, sovet hakimiyyətinin sonu, müstəqillik illərinin ilk vaxtlarında parlament bir sıra əhəmiyyətli qərarlar qəbul etdi. Buna Azərbaycanın Müstəqillik haqqında Bəyannaməsini, Suverenlik haqqında qanunu misal göstərmək olar. Sonrakı dövrdə Azərbaycanın bir dövlət kimi yaşamasında və müstəqilliyin davamlı olmasında Milli Məclisin böyük rolu oldu. Ermənistanla baş verən Qarabağ müharibəsi və sonrasında xarici ölkələrin parlamentariləri ilə danışıqlar və görüşlər zamanı münaqişənin həlli istiqamətində bir sıra vacib işlər görüldü. 1995-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunduqdan sonra, artıq parlament fərqli xarakter daşımağa başladı. Azərbaycan dövləti öz xarakteristikasına görə, prezidentli respublikadır. Ona görə də Azərbaycanda parlamentin funksiyası qanunvericilik hakimiyyətidir. 33 illik müstəqillik dövründə Milli Məclis qəbul etdiyi qanunlar, beynəlxalq əlaqələrin qurulması və həmçinin dövlətçiliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası istiqamətində mühüm işlərə imza atıb”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Telegram kanalımız