Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-dan “Yeni Sabah”a verilən məlumata görə, görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.
S.Mehdiyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Komitə sədri Prezident İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında qarşılıqlı əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb. Dördpendirli pizza
Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran S.Mehdiyev istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.
İranın iqtisadi işlər və maliyyə naziri ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Qonaq qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib.
F.Dejpəsənd Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərə toxunaraq, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.
Sonra Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Gömrük Administrasiyası arasında görüşün protokolu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev, İran tərəfindən Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi imzalayıblar.
Daha sonra Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Telegram kanalımız