Azərbaycan ÜST-lə əməkdaşlığı gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ÜST-lə əməkdaşlığı gücləndirir

Sağlamlıq

17 Aprel 2020 17:55 995


Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını koronavirus pandemiyasının yayılmasında günahlandıraraq maliyyələşdirməni dayandırdıqlarını bəyan etdi. Bu hadisədən sonra 17 ölkə təşkilata dəstək nümayiş etdirib. Yəqin ki, bu dövlətlərin ÜST ilə uzunmüddətli əməkdaşlığının nəticəsidir.

Yenisabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılıb. 1948-ci il aprelin 7-də təşkilatın nizamnaməsi qüvvəyə minib. BMT-nin ixtisaslaşmış qurumlarından biridir və qərargahı Cenevrədə yerləşir. 

Hazırda 190 dövlət ÜST-nin üzvüdür. ÜST üzv-dövlətlərlə əlaqələrini regional ofisləri vasitəsilə həyata keçirir və hazırda 6 regional ofisi var. Təşkilatın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. 

ÜST dünyada sağlamlığı inkişaf etdirmək, dünyanı təhlükəsizliyin təmin etmək  üçün çalışır. Məqsədi bir milyarddan çox insanın ümumdünya sağlamlıq əhatəsinə sahib olmasını təmin etməkdir. Buna qısa bir misal göstərə bilərik.  pizza

Məsələn, 2012-ci ildə təxminən 12,6 milyon insan zərərli mühitdə yaşadığı və işlədiyi üçün ölüb. Havanın və suyun çirklənməsi, kimyəvi təsirlər, iqlim dəyişikliyi, ultrabənövşəyi radiasiya və s. 100-dən çox xəstəliyin yaranmasına şərait yaradıb. Nəticədə 2016-cı ilin mart ayında ÜST sağlam mühit vasitəsilə xəstəlik və ölüm hallarının qarşısının alınması üçün sübut edilmiş strategiyalardan bəhs edən “Sağlam mühit vasitəsilə xəstəliklərin qarşısının alınması: Ekoloji risklərdən qaynaqlanan xəstəlik yükünün qlobal qiymətləndirilməsi” adlı  hesabatı ikinci nəşrini yayımlayıb.

Azərbaycan Respublikası 1992-ci il 2 oktyabr tarixində ÜST-ə üzv qəbul olunub. 2000 və 2004-cü illərdə ÜST-nin Avropa Regional Ofisinin Direktoru Mark Danzon Azərbaycan Respublikasına rəsmi səfər edib. Səhiyyə Nazirliyi 2006-cı ildən etibarən ÜST-nin İcraiyyə Şurasında iki dəfə təmsil olunub. Ölkəmiz 2011-ci ildə  bu təşkilatın Avropa regionu üzrə illik ali toplantısına ev sahibliyi edib. Regional Komitənin Azərbaycan Respublikasında keçirilmiş sessiyasında “Səhiyyə 2020” adlanan yeni Avropa səhiyyə siyasəti sənədi müzakirə edilərək növbəti il qəbul olunub. Sözügedən sənəd “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin tamamlayıcısı hesab olunur.

Bildirək ki, son on il ərzində ÜST-nin Baş direktoru ölkəmizə üç dəfə səfər edib. ÜST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı çoxsaylı layihələr həyata keçirilmiş və ya hazırda keçirilməkdədir. Təşkilatın köməyi ilə 2006-cı ildə Azərbaycanda  HİV infeksiyasının müalicəsi üçün xidmətlər göstərilməyə başlanıb. Təşkilatın  “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin işlənib hazırlanması prosesində mühim rolu var. Həmçinin Azərbaycanın seçilmiş rayonlarında  icbari tibbi sığortanın pilot qaydada tətbiqi ÜST-nin dəstəyi ilə həyata keçirilib. ÜST hazırda ölkəmizdə “Vərəmlə mübarizə üzrə” Dövlət Tədbirlər Proqramının həyata keçirilməsinə dəstək göstərir. ÜST ilə əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricilərindən biri kimi Azərbaycan Respublikasının mütəmadi olaraq ÜST orqanlarına üzv seçilməsi nümunə ola bilər.

Qeyd edək ki, ÜST-nin Bakı şəhərində yerləşən Nümayəndəliyində 6 əməkdaş çalışır. Təşkilatın Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı prioritetlər iki illik əməkdaşlıq sazişi əsasında müəyyən edilir. Nümayəndəlik milli təşkilatlarla və beynəlxalq tərəfdaş agentliklərlə yaxından əməkdaşlıq etməklə bu sazişi yerinə yetirir və Azərbaycan Respublikasının milli siyasətlərinin və planlarının təmin edilməsinə dəstək verir.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!