Azərbaycandakı bu qəbiristanlığın min ildən çox yaşı var -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandakı bu qəbiristanlığın min ildən çox yaşı var - FOTOLAR

Sosial

01 Aprel 2026 12:21 1161


Vəndam Qəbələ rayonu ərazisində yerləşən ən böyük yaşayış məntəqələrindən biridir. Bu qəsəbəyə səfərim zamanı yerli sakinlərin “Dəşmir” adlandırdıqları məzarlıq haqqında maraqlı faktlarla qarşılaşdım. Məlum oldu ki, burada insanlar “qəbristanlığa gedək” ifadəsi əvəzinə məhz “Dəşmirə gedək” deyirlər. Görünür, bu ad artıq coğrafi anlayışdan çox, kollektiv yaddaşa çevrilib.

Sakinlərin “Yeni Sabah”a bildirdiyinə görə, qəsəbədə bir neçə məzarlıq olsa da, əhalinin böyük hissəsinin son mənzili məhz bu ərazidir. Hətta yaxınlıqdakı Seyidqışlaq kəndinin bir hissəsi də buranı dəfn yeri kimi seçib.

Məzarlığa gedən yol kəndin aşağı hissəsindən keçir. Həmin yolda yerləşən qədim qəbiristanlıq diqqətimi cəlb edir. Dəstəmaz çayı adlandırılan çayın üzərində yerləşən köhnə körpü ilə bağlı isə maraqlı rəvayətlər danışılır. Bildirilir ki, körpü tikilərkən məhlulun daha möhkəm olması üçün ona yumurta qatılıb. Bu cür detallar bölgənin folklor yaddaşında xüsusi yer tutur. Sonradan sel körpünün keçid hissəsini dağıtsa da, dayaq hissələri hələ də qalır və üzərində yeni keçid qoyulub… pizza mizza

Kənd sakinləri burada olan məzarlığı “Şitlik qəbristanlığı” adlandırırlar. Rəvayətə görə, burada dəfn olunanların bir qismi aclıqdan, digərləri isə duz çatışmazlığından dünyasını dəyişib. Dəqiq tarixi faktlara rast gəlinməsə də, danışdığım insanların əksəriyyəti eyni məlumatı təkrarlayırdı. Xüsusilə vurğulanırdı ki, ölənlərin çoxu duzsuzluq səbəbindən həyatını itirib və məzarlığın adı da məhz bununla əlaqələndirilir.

Məzarlıq ərazisini gəzərkən qəbir daşlarının üzərində hər hansı yazıya rast gəlmədim. Fəslin dəyişməsi ilə əlaqədar daşların üzəri mamırla örtülmüşdü. Zaman sanki öz izlərini buraya həkk etmiş, adları və tarixləri torpağın yaddaşına həvalə etmişdi. Diqqət çəkən məqamlardan biri isə burada dəfn olunanların əksəriyyətinin uşaqlar olması idi. Kiçik ölçülü, səssiz məzarlar yarımçıq qalmış ömürlərin izini daşıyırdı.

Məzarlığın ortasından keçən yol ərazini iki hissəyə bölür. Kənd sakini Habil Qarayevin sözlərinə  görə, bu yol Sovet hakimiyyəti dövründə salınıb:

“Həmin vaxtlar bu ərazidən keçərək əkin sahələrinə gedilir və digər kəndlərə gediş-gəliş təmin olunurdu. Orada yol olmadığı üçün yerli camaat yoxuşdan düşüb qəbiristanlığa və əkin sahələrinə gedirdilər. Həmin sahələrdə isə tütün əkilirdi. Kənd əhalisi əkin üçün Dəşmir dediyimiz həmin yerə gedirdi. Sonra gedişi asanlaşdırmaq üçün məzarlığı iki hissə ayırıb, aradan yol çəkdilər. Şitlik qəbiristanlığı dediyimiz yer də bununla 2 hissəyə bölündü. Bir tərəfi meşəlik əraziyə, bir tərəfi də dərəyə tərəf düşdü”.

Hazırda da həmin bu yol həm əkin sahələrinə, həm də yaxın yaşayış məntəqələrinə çıxış funksiyası daşıyır. Eyni zamanda yerli əhalinin Dəşmir adlandırdığı əraziyə hərəkəti təmin edir.

Yolun çəkilişi ilə bağlı da maraqlı hadisə danışılır. Bildirilir ki, tikinti zamanı torpaqdan çıxan insan sümüklərini görən kənd sakinlərindən biri qorxudan vəfat edib.

Kəndin mollası isə bildirdi ki, bu barədə dəqiq bir məlumatı olmasa da, elə həmin ərazini kənddə hər kəs “Şitlik qəbiristanlığı” kimi tanıyır:

“Bu barədə dəqiq məlumatı kəndin yaşlıları verə bilər. Çünki bununla bağlı dəqiq tarixi faktlar yoxdur”.

Kənd sakinlərindən biri Səxavət Qarayev isə bildirdi ki, həmin ərazi əslində “Şitlik qəbiristanlığı” deyil. Buradakı məzarlıq 16-17-ci əsrə aiddir:

“Bu qəbiristanlığın 1000 ildən çox tarixi var. Albanların dövründə həmin ərazi şəhər qəbiristanlığı olub. Dəşmirə gedən yolda, çayın üstündəki taxta körpünün dayaqları yumurta sarısı, kirəc daşı və torpağın qarışımı ilə tikilib. Həmin körpünü də Hacı Qəhrəman baba inşa etdirib. Onun məzarı indi kənd camaatı tərəfindən pir kimi istifadə olunur. Orada olan məzarlar da tək 16-17-ci əsrə aid deyil, yaşı daha çox olanlar da var. Adları və yaşları haqqında heç bir məlumat yoxdur. Şitlik qəbristanlığı adlanan ərazi isə kəndin başında yerləşir. Bu qəbirlərin tarixi lap qədimdir. Deyilənə görə, Teymurləngin oğullarının yürüşü zamanı vəba xəstəliyindən ölənlərin bir hissəsi məhz bu qəbiristanlıqda dəfn olunub”.

Mən isə deyə bilərəm ki, adının nə olmasından asılı olmayaraq bu ərazidə hər daşın altında danışılmamış bir tarix, hər addımda isə unudulmuş adlar yatır. Diqqətlə dinləyəndə zamanın susdurduğu hekayələr ərazinin sakitliyində hələ də hiss olunur…

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!