Azərbaycanı narkotik tranzitinə çevirmək istəyən kimlərdir? 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanı narkotik tranzitinə çevirmək istəyən kimlərdir? 

Kriminal

12 Aprel 2022 13:29 1129


Son zamanlar İran ərazisindən Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən narkotik maddələrin sayındakı artım ciddi narahatlıq doğurur. Xüsusilə Azərbaycanın İranla sərhəd olan işğaldakı ərazilər azad olunduqdan sonra ölkəmizi narkotranzitə çevirmək üçün çalışan qüvvələrin olduğu hiss edilir. Sərhədçilərimizin ayıq-sayıqlığına, sərhədboyu müşahidə kameralarının olmasına baxmayaraq həmin qüvvələr inadla bu tranzitdən istifadə etməyə çalışır: Gizli ya da zor gücünə.

Elə bu səbədəndir ki, son zamanlar həmin narkokuryerlər həm daha böyük dəstə ilə, həm də silahlanmış şəkildə sərhədi pozmağa çalışırlar. Təkcə aprel ayında Azərbaycan-İran sərhədində qaçaqmalçılarla əsgərlərimiZ arasında baş verən silahlı atışmaları yada salmaq kifayət edər. 

Dövlət Sərhəd Xidmətinin yaydığı statistikalardan görünür ki, cari ilin mart və aprel aylarında ölkə ərazisinə qanunsuz şəkildə keçirilməyə çalışan narkotik vasitələrin sayı ən azı iki dəfə artıb. Bu hələ ələ keçirilənlərdir. Ələ keçməyən kuryerlərin olması da istisna edilmir.  Sezar pizza

İndi DSX tərəfindən ictimaiyyətə açıqlanan rəsmi rəqəmlərə diqqət yetirək:

Xidmətin fevral ayı üzrə olan statistikasında bildirilir ki, ay ərzində sərhədçilərimiz 55.980 kq narkotik vasitələrin ölkəmizə keçirilməsinin qarşısını alıblar. 

Mart ayında bu rəqəm iki dəfə artaraq 115.036 kq təşkil edib.

İki ay ərzində təxminən 200-ə yaxın şəxs sərhəd rejimi qaydalarını pozmasına görə saxlanılıb. Onlar dünyanın ən müxtəlif ölkələrinin vətəndaşları olub: Azərbaycan, Türkiyə, İran, Tacikistan, Pakistan, Yəmən, Ukrayna... 

Xatırladaq ki, sonuncu belə hal isə aprelin 7-də baş vermiş və nəticədə 1 nəfər həyatını itirmişdi. Ələ keçirilən narkotik vasitənin çəkisi isə 24.730 kq olmuşdu. 

Gördüyünüz kimi, statistikalar gözqorxuducu durumdadır. Azərbaycanda narkotik vasitələrə aludəçiliyin get-gedə artmasını istəyən qüvvələr, ilk növbədə, bu zəhəri evimizin qapısından – sərhəddən keçirməyə çalışırlar.

Elə ölkə daxilində də bu durum o qədər ürəkaçan deyil. Daxili İşlər Nazirliyinin narkotik vasitələrin satışı, daşınması ilə bağlı gündəlik olaraq yaydığı açıq məlumatlar durumun qənaətbəxş olmadığını göstərir.

Bəs bizim gəncliyimizi zəhərləyən kimdir? Onlar bunu sadəcə narkobiznes vasitəsi olaraq həyata keçirirlər, yoxsa, daha böyük məqsədləri var?

“Yeni Sabah” mövzunu hüquq müdafiəçisi, keçmiş millət vəkili Çingiz Qənizadə ilə müzakirə edib. O, bildirib ki, müasir dünyada qanunsuz yolla ən çox gəlir gətirən sahələrdən biri narkotika ticarətidir:

“Bu ticarətlə məşğul olanlar fərdi, dəstə, mütəşəkkil və yaxud da ki, transmilli mütəşəkkil cianyətkar birliklər vasitəsilə idarə olunurlar. Artıq belə olduqda onun coğrafiyası və bu prosesdə iştirak edənlərin sayı, onların vəzifə bölgüləri də artır və müəyyənləşir”.

Ç. Qənizadə təəssüf edir ki, Azərbaycan bu gün xaricdən narkotik daşınan həm ölkə, həm də tranzit bir ölkə kimi coğrafi bir məkanda yerləşib: “Xüsusilə narkotiklərin son zamanlar ölkə ərazisinə gətirilməsi və yaxud da ki, ölkənin daxilində daxili işlər orqanları vasitəsilə narkotik ticarəti ilə məşğul olan şəbəkələrin ifşa olunması olduqca ciddi siqnallar verir və narahatlıqlar doğurur. Belə ki, görülən işlər, aparılan tədbirlərin nəticəsinə baxdıqda cinayətkarlığın bu növü ilə məşğul olan insanların sayı həm günbəbügün artır, həm də ölkəyə gətirilən narkotiklərin sayında artımlar müşahidə olunur”.

Eksperin fikrincə burada müəyyən yanaşmalar ola bilər və bəzən belə deyirlər ki, bu, bilərəkdən Azərbaycana daşınır, müəyyən məqsədlər var: Məsələn Azərbaycan cəmiyyətini və gəncliyini məhv etmək var və s:

“Əslində, bu, belə deyil. Çünki hansı ölkələrdə münbit şərait varsa, həmin ölkəyə zəhərli maddələr daşınmaqda davam edəcəkdir. Çox təəssüf ki, bu gün Azərbaycanda da narkotikə meylli insanların sayı həm çoxalmışdır, həm də Azərbaycandan tranzit ölkə kimi istifadə etmək imkanları yarandıqda təbii ki, bu zaman ölkəyə narkotiklərin daşınmasında say və çəki artımını görəcəyik.

Elə statistikaya baxdıqda çox vaxtlar həm DSX, həm də DİN-in yaydığı məlumatlarda da bu dövrlərdə həm mübarizənin sayının artması, həm də ölkəyə gətirilən narkotiklərin sayının artmasını müşahidə edirik. Bu da təbii ki, olduqca ciddi bir haldır”.

Bəs necə etmək olar ki, bunun qarşısı alınsın? Çingiz Qənizadə hesab edir ki, birincisi, bu cinayətin qarşısının alınması və yaxud da kökünün kəsilməsi qeyri-mümkündür. Elə buna görə də bəzi dövlətlər narkotikdən istifadəni leqallaşdırırlar və narkotik aludəçiləri barəsində artıq cəza çəkmə müəssisələrində yerlərin olmamasına görə, müəyyən miqdarda istifadəni tam leqal şəkildə həyata keçirdirlər. Belə insanlar müəyyən yerlərdə qeydiyaytlarda olurlar: “Elə bizdə də narkotikdən istifadəyə görə, hansı ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi məhz istifadə ilə bağlıdır və burada da cəzaların yüngülləşdirilməsi ilə bağlı addımların atılmasını yəqin ki, bu yaxınlarda görəcəyik.

Yəni narkotik qəbul edəni tutub həbsxanaya göndərmək heç də narkotikə qarşı mübarizə metodu deyil. Bu insanlar araq düşkünü kimi xəstədirlər. Biz, əslində, narkotikin bir ölkəyə daşınmasının həm sərhədlərimizindən, həm də hansısa yolla, ola bilər ki, müəyyın laboratiyalar vasitəsilə də ölkə daxilində hazırlanır, belə bir iddialar da var, buna görə də onların qarşısını almaq olduqca vacibdir. Daha çox onu satan, onu gətirən, onu sifariş verənlərlə mübarizəni gücləndirməliyik.

Baxın, bu, o qədər gəlir gətirən sahədir ki, narkotiklərin qanunsuz yolla Azərbaycana gətirilməsi zamanı bu dəstənin üzvləri, hətta dövlət orqanlarına qaşrı silahdan belə istifadə edirlər. Yəni heç nədən çəkinmədən dövlət sərhədlərimizi qoruyanlara və polis əməkdaşlarımıza qarşı silahdan istifadə edirlər. Bu da onu göstərir ki, onların bu məsələdə maddi maraqları o qədər yüksəkdir ki, hətta daha ağır cinayətlər törtəməklə öz niyyətlərinə nail olmağa çalışırlar.

Bu, əslində bizim gəncliyimizi, eləcə də gələcəyimizi məhv edir. O baxımdan, mən həm də ölkədə güclü maarifləndirilmənin olmasını istəyərdim. Yəni bu gün teleməkanlarda mənasız, boş-boş şoulara vaxt ayıran müddətləri biz insanların maariflənməsinə, narkotikə qurşanan insanların sonrakı talehlərinin necə olması ilə bağlı sənədləri filmlərin nümayiş etdirilməsinə, məktəblərdə bunun təbliği ilə məşğul olunmasına, hər addımda “Narkotikə yox deyək!” plakatlarının küçələrə vurulmasına və eyni zamanda hüquqi bazanın da yaranmasına nail olmalıyıq.

Məsələn, bu gün rayonlarda narkotikə qurşanan insanların dərhal tutulması və yaxud da onların müalicə müəssisələrinə göndərilməsi ilə bağlı proseslər ləng gedir. 

Birincisi, bütün bu proseslər düşəcək polisin üzərinə. Polis onu götürməli, xəstəxanaya aparmalı, yerləşdirməli və s. kimi məsələlər var. Təbii ki, bunlar məhkəmənin qərarı ilə olur. 

Lakin demək istədiyim odur ki, biz təkcə polisin və yaxud da ki, DSX-nin gücü ilə bu mübarizədə uğurlu nəticənin tam əldə olunmasına nail ola bilmərik. Bu baxımdan, belə hesab edirəm ki, nə qədər ki, hamılıqla narkotikə yox deməmişik və eyni zamanda narkotik ticarəti ilə məşğul olan şəxslərə qarşı ictimai nəzarəti təmin edə bilməmişik, onda bu, bizim istədiyimiz nəticələrə gətirib çıxarmayacaq”.

Narkomaniya üzrə ekspert Emil Maqalov isə İrandan narkotrafikin coğrafiyasını açıqlayıb. Bu marşrut belədir: İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna:

“Ölkədə bu marşurutlar ilə narkotiklərin daşınması halları dəfələrlə aşkar edilib, külli miqdarda narkotik vasitələr tutulub.

Hətta tutulan narkotiklərin bağlamalarının üstündə utanmadan, çəkinmədən açıq aşkar İran narkoistehsal fabriklərinin də möhürləri olur. Bu həm də onu göstərir ki, İran hökuməti bundan xəbərdardır və bununla özlərinə "çörək" qazanaraq, dünyanı narkotik xausuna salmaqda davam edir.

Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda da digər tranzit ölkələridə də satılır. 

Deyəcəksiz, Bəs Sərhəd xidməti hara baxırdı?  İllər uzunu İran bu narkotiklərin həm də əvvəl işğalda olan torpaqlarımızda, həm istehsal edib həm də ermənilərin əli ilə, dünyaya yayırdı.

İndi Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra, Azərbaycan İranın bu narkotrafik tranziti və istehsalını İran üçün keçilməz etdi.  Bununla da İran hökumətində Azərbaycanla münaqişə yarandı.  Amma İranın rəsmiləri Azərbaycanla yaranmış münaqişəni, guya Azərbaycanda İsrail bazasının olması ilə əlaqələndirdi.  Çünki İran rəsmiləri rəsmən "Azərbaycan çörəyimizi kəsdi" deyə bilməzdi axı”.

Rafi Müslümov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.  


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!