Belaruslu atlet Kristina Tsimanovskaya avqustun 2-də Almaniya, yaxud Avstriyadan sığınacaq istəyəcək. Olimpiya qaçışçısı məşqçilərini sosial mediada tənqid edəndən sonra deyib ki, onu Tokio yarışlarından uzaqlaşdırmaq istəyirlər.
Avqustun 2-də 24 yaşlı Tsimanovskayanın Tokionun Haneda aeroportunda qaldığı bildirilir. O, bir gün öncə öz istəyi əleyhinə Belarusa göndərildiyini deyərək Yaponiya polisindən qoruma istəyib.
Müxalifətçi atletləri dəstəkləyən Belarus İdman Həmrəyliyi Fondunun (BSSF) bildirməsinə görə, idmançı elə bu gün Almaniya, yaxud Avstriyadan sığınacaq istəyəcək. Tsimanovskaya daha öncə videomüraciətində deyib ki, Belarusa qayıtmaq istəmir və Beynəlxalq Olimpiya Komitəsini (BOK) “müdaxiləyə” çağırıb. Marqarita pizza
“Mənə təzyiq göstərilir, onlar məni razılığım olmadan zorla ölkədən çıxarmağa çalışırlar”, – o vurğulayıb.
BOK avqustun 2-də bildirib ki, belaruslu olimpiya atleti ilə bağlı vəziyyəti monitorinq edir. Komitənin bəyanatına görə, üzvləri və Yaponiya rəsmiləri ötən gecə Tsimanovskaya ilə birbaşa danışıblar.
Belarus hökumətinin bir çox opponentlərini qəbul etmiş qonşu Polşa olimpiya qaçışçısına kömək təklif edib.
Xarici işlər nazirinin müavini Marcin Przidaks Twitter-də yazıb ki, Tsimanovskayaya “humanitar viza təklif olunub və istəsə Polşada idman karyerasını davam etdirə bilər”.
Çexiyanın Xarici işlər naziri Yakub Kulhanek Twitter-də qeyd edib ki, Belarusla bağlı vəziyyəti “qalmaqallı” sayır və “Çexiya Respublikası kömək göstərməyə hazırdır”. O da idmançıya Çexiya ərazisinə daxil olmaq üçün viza təklif edib.
Co Bayden iyulun 28-də Ağ Evdə Belarusda prezidentliyə keçmiş müxalifət namizədi Svyatlana Tsixanovskaya ilə görüş keçirib
Tsimanovskaya avqustun 2-də qadınların 200 metrlik məsafəyə qaçış üzrə yarışına qatılmalıydı. Amma atletin sözlərinə görə, məşqçiləri ona şeylərini yığışdırmağı tapşırıb və aeroporta aparıblar.
İdmançı sosial mediada yazıb ki, iyulun 29-da rəsmi bildirişdən az sonra qadınların 400 metrlik qaçış üzrə yarışına salınıb, çünki komandanın bəzi üzvlərinin yarışa bilməyəcəyi üzə çıxıb.
Belarus Olimpiya Komitəsinin bəyanatına görə, Tsimanovskaya həkimlərin tövsiyəsi ilə “emosional, psixoloji durumu”ndan dolayı yarışlardan uzaqlaşdırılıb.
Bundan bir neçə saat sonra Tsimanovskaya Yaponiya polisinin nəzarəti altında “təhlükəsiz” olduğunu bildirib.
BSSF sözçüsü Aleksandr Opeykin AP-yə deyib ki, Tsimanovskaya Alyaksandr Lukaşenkanın avtoritar hökumətinin tərəfdarları tərəfindən hədəfə alınıb.
“Kampaniya yetərincə ciddi şəkildə aparılırdı və onun Belarusdakı həyatına təhlükə olacağı aydın görünürdü”, – o deyib.
Yanvarda Belarusun 350-dək atleti və idman icmasının başqa üzvləri açıq məktub yazaraq prezident seçkisinin nəticələrinin ləğvinə, bütün “siyasi məhbusları” azad etməyə çağırıb.
BOK ötənilki etirazlardan sonra atletlərin təzyiq, qorxutmayla bağlı şikayətlərini araşdırandan sonra Lukaşenka Tokio Olimpiya oyunlarına buraxılmayıb.
Lukaşenkanın 2020-ci ilin avqust seçkisinin qalibi elan olunması ölkədə etirazlara səbəb olub. Müxalifət seçkinin nəticələrinin ləğvini tələb edib. Minlərlə etirazçı saxlanıb. Saxlananlar onlara işgəncə verildiyini bildirib. /Azadliq.org
Telegram kanalımız