“Avropa İttifaqının Cənubi Qafqaz regionu ölkələri münasibətləri differensiallaşdırılmış çərçivədədir. Aİ istər Azərbaycan, istər Gürcüstan, istərsə də Ermənistanla fərqli və fərdi münasibətlər formalaşdırıb”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində şöbə müdiri Mətin Məmmədli deyib. O bildirib ki, hazırda Avropa İttifaqı üçün regiondakı ən əhəmiyyətli tərəfdaş Azərbaycandır:
“Əvvəla onu qeyd edim ki, Avropa İttifaqının Cənubi Qafqazda ciddi geosiyasi və geoiqtisadi maraqları var. Bu səbəbdən, region ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan həm Avropa İttifaqı ilə, həm də dünyanın digər güc mərkəzləri ilə münasibətləri özünün milli maraqları çərçivəsində formalaşdırır. Avropa İttifaqı hazırda elə bir strategiya formalaşdırmağa çalışır ki, regionda mövqeyi güclənsin. Cənubi Qafqaz olduqca vacib geosiyasi mövqeyi olan regiondur və Mərkəzi Asiyaya çıxış nöqtəsi kimi qəbul olunur. Xüsusilə Azərbaycan neft-qaz resursları ilə zəngindir və Aİ-nin əsas məqsədi ilk növbədə neft-qaz idxalını differensiallaşdırmaqdır. Bu baxımdan, Bakı ilə münasibətlər İttifaq üçün böyük əhəmiyyət daşıyır. Ötən illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında bir sıra istiqamətlər üzrə münasibətlər artıq formalaşıb. Amma ən vacib istiqamət enerji təhlükəsizliyidir. Bu istər Azərbaycan, istərsə də Aİ rəsmiləri tərəfindən dəfələrlə qeyd olunub”. Marqarita pizza
Politoloq vurğulayıb ki, yaxın perspektivdə Brüssel-Bakı münasibətləri müxtəlif istiqamətlər üzrə daha da dərinləşəcək:
“Mayın 4-də Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində qitə rəsmiləri bəyan etdilər ki, tədbirdə bir sıra vacib məsələlər müzakirə edilib. Onlar 3 əsas mövzunu qeyd etdi. Bunlar Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsi, Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi və regional bağlantıların təhlükəsizliyi məsələsidir. Avropa İttifaqı üçün aktuallaşan 3 əsas istiqamətdən 2-də Azərbaycanla əməkdaşlıq vacib hesab olunur. Həm enerji təhlükəsizliyi, həm də regional bağlantılar istiqaməti üzrə gələcəkdə Brüssel və Bakı arasında münasibətlər daha da dərinləşəcək”.
M.Məmmədli vurğulayıb ki, Avropanın mötəbər siyasi institutları Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməlidir:
“Təəssüf ki, Avropa Parlamenti kimi Avropa İttifaqının bəzi strukturlarının qəbul etdiyi qərarlar, Azərbaycan və Aİ arasındakı münasibətlərin ruhuna uyğun deyil. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, Avropa Parlamenti daxil olmaqla, digər bütün qitə institutları Avropa İttifaqının maraqlarından çıxış edərək, Azərbaycana qarşı ədalətli davransın. Dövlət başçısının da qeyd etdiyi kimi, son 5 ildə Avropa Parlamentində 14 Azərbaycan əleyhinə qətnamə qəbul edilib. Bu qətnamələr sadəcə olaraq, Avropa İttifaqının Azərbaycanla münasibətlərinə xələl gətirir”.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 4-də Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında Avropa Parlamentinin Azərbaycanla bağlı fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı bildirib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra – 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib.
Nazim Hacıyev
Telegram kanalımız