“Təsəvvür edin ki, Azərbaycan filmlərində Floranın səsi yoxdu. Onda necə olar?! Hətta müəyyən zəif filmlərimiz var ki, onlar Floranın ifasına görə kino sahəsinin incilərindən sayılır”
“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu Xalq artisti Flora Kərimova haqda danışarkən deyib. O, ölkə başçısına Flora xanımla bağlı imzaladığı sərəncamlara görə öz təşəkkürünü bildirib:
“Həmişə deyirlər ki, Azərbaycan xalqı şair xalqdır. Mən isə həmişə əlavə etmişəm ki, Azərbaycan xalqı oxuyan xalqdır. Yəni Azərbaycanda kimi dindirsən, ya şairdi, ya ifaçıdır, ya da musiqiçidir. Bütün bunlar öz yerində. Azərbaycan xalqı istedadlı xalqdır. Toyuqlu pizza
Amma bir sənət sahəsində mərhələ, məktəb, akademik, tarix olmaq tamam başqa bir şeydi. Burda ancaq barmaqla sayıla biləcək Rəşid Behbudovdan tutmuş, Müslüm Moqamayev, Bülbül kimi sənətkarlar var ki, onları saymağa barmaqlar kifayət edir. Flora da o sənətkarlardandır. Təsəvvür edin ki, Azərbaycan filmlərində Floranın səsi yoxdu. Onda necə olar?! Hətta müəyyən zəif filmlərimiz var ki, onlar Floranın ifasına görə kino sahəsinin incilərindən sayılır.
Təsəvvür edin ki, “Gün keçdi” filmində Flora oxumur, onda bilirsinizmi ki, film nə qədər itirər. Yəni bu ifa filmin içində film yaradır. Doğrudan da o, əvəzsiz sənətkardı, Azərbaycan xalqının milli sərvətidir. Ona sadəcə ifaçı, müğənni, müasirimiz kimi baxmaq düzgün deyil. O, Azərbaycan mədəniyyətində tarix yazan sənətkardı. Təkcə ifasıyla yox, şəxsiyyətiylə, mədəniyyətiylə, Azərbaycan qadınlığıyla, analığıyla, dostluğuyla, vətənsevərliyi ilə hər sahədə örnək ola biləcək sənətkardı.
Təsəvvür edin ki, mən onu İsmayıllıya bir-iki dəfə gətirmişəm, maşınla yol gedə bilmir. O dövrdə pandemiyaya mübtəla oldum, Heydər Əliyev Fondu məni Şuşaya Xarıbülbül Festivalına dəvət etmişdi, gedə bilmədim. Amma bir də baxdım ki, Flora xanım orda oturub. Görün o nə qədər özündə güc, qüvvə toplayıb. O vətən eşqi, genləri onu Şuşaya aparıb. Üzündə isə yorğunluq yox, xoşbəxtlik, zəfər və iftixar hissi var idi.
Mənə Floranı istəyən sənətkarlar zəng edirlər və başda da Mübariz Tağıyev olmaqla. Mübariz müəllim zəng vurub dedi ki, “Bu gün Flora xanımın səksən illiyidir, amma nəsə bir xəbər yoxdu”. Dedim ki, Mübariz, tələsmə. Hələ də bizdə o bürokratik aparat işləyir və yəqin ki, Flora xanımın səksən yaşının tamam olmasını yuxarı çatdırmayıb.
Amma inanın ki, birinci və ikinci şəxsə bu məlumat çatan kimi ən yüksək səviyyədə o, mükafatını alacaq və buna əmin olun. Doğrudan da Flora xanımın doğum günündən bir neçə gün keçdi və o, mükafatını aldı. Çünki Cənab Prezident təkcə bu məsələlərlə məşğul deyil, bütün dünya üstümüzə gəlir.
Bütün bu məsələlərin fonunda yenə də nəzər, diqqət Floranın üstündə cəmləndi və bu sərəncamlar səsləndi. Bunlar isə çox böyük diqqətin, qayğının, etimadın nümunəsi idi ki, ölkə rəhbərliyi Flora xanımın sənətini, xidmətini, şəxsiyyətini, ictimai fəaliyyətini və saymadığımız digər yüksək Azərbaycan qadınına xas olan keyfiyyətlərini dəyərləndirdi.
Mən Flora xanımın, özüm və onu sevənlərin adından Cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və hörmətli Leyla xanım Əliyevaya öz təşəkkürümü bildirirəm ki, bizim xalqın böyük dəyər verdiyi sənətkara öz imzalarıyla dəyər verdilər. Əsas işləri ünvanına çatdıran Leyla xanımdı, çünki o, ədəbiyyatın, incəsənətin içində olan adamdı.
Flora xanıma isə nə qədər öz ürəyi istəyir ömür arzulayram. İnşallah Flora Xankəndini də, Azərbaycan sərhədinin tam qapanmasını da, Ermənistanla olan sülh müqaviləsini də görəcək və tamam əmin, arxayın həyatla da hələ görüşəcək”.
Telegram kanalımız