Dünyanın bəzi texnologiya və enerji milyarderlərinin sərvətində həm azalma, həm də artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu, “Bloomberg Milyarderlər İndeksi”nin son siyahısında öz əksini tapıb.
Məlumata görə, “Teleqram” sosial şəbəkəsinin sahibi Pavel Durovun sərvəti 2026-cı ilin fevral ayında 2,24 milyard dollar azalaraq 12,1 milyard dollara düşüb. Bununla belə, Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti əksinə, artım göstərib. Belə ki, ölkənin aparıcı milyarderlərinin kapitalı ümumilikdə 10,6135 milyard dollar yüksəlib. pizza sifarişi
Siyahıya əsasən, Rusiyanın Azərbaycan əsilli iş adamı, “Lukoil” şirkətinin keçmiş sahibi, neft maqnatı Vahid Ələkbərovun sərvəti artaraq 25 milyard dollara çatıb. Bundan başqa, milyarder Andrey Melniçenkonun da sərvətində artım qeydə alınıb və onun kapitalı 21,1 milyard dollar təşkil edib. O, “EuroChem” və SUEK şirkətlərinin həmtəsisçisi kimi tanınır.
Ümumilikdə isə Bloomberg indeksinin son yenilənməsinə əsasən, dünyanın ən zəngin şəxsləri arasında texnologiya sektorunun nümayəndələri üstünlük təşkil edir.
Dünya milyarderlərinin siyahısına amerikalı iş adamı Elon Musk liderlik edir və onun sərvəti 676 milyard dollar qiymətləndirilir. Sonrakı yerlərdə Larry Page (278 milyard dollar), Sergey Brin (258 milyard dollar), Mark Zuckerberg (239 milyard dollar) və Jeff Bezos (234 milyard dollar) qərarlaşıb.
“Bloomberg Milyarderlər İndeksi” dünyanın ən zəngin 500 nəfərinin sərvətindəki dəyişiklikləri gündəlik olaraq izləyən və bazar qiymətlərinə əsaslanan nüfuzlu reytinqlərdən biri hesab olunur. İndeks qlobal maliyyə bazarlarında baş verən dəyişikliklərin milyarderlərin sərvətinə təsirini operativ şəkildə əks etdirir.
Telegram kanalımız