Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Bratislavada keçirilən görüşü 3 saat yarımdan çox davam edib.
“Yeni Sabah” xəbər verir ki, rəsmi məlumatda tərəflərin münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardığı vurğulanır.
Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər. pizza sifarişi
Bratislava görüşü 2019-cu ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı sonuncu yüksək səviyyəli görüş sayılır. Bu, həm də 2019-cu il ərzində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 5-ci görüş idi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşü Yenisabah.az-a şərh edərkən bildirib ki, danışıqlarda irəliləyişin olmayacağı əvvəlcədən bəlli idi.
“Çünki Azərbaycan Xarici İşlər Nazirliyi görüşdən əvvəl bəyan məktub göndərmişdi ki, bizim prinsiplər bəllidir. Azərbaycan hesab edir ki, münaqişə BMT də digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həll olunmalıdır. Ermənistanın Baş naziri isə İrəvanda Qarabağdakı qondarma rejimin Xarici İşlər naziri ilə görüşməklə mesaj verdi ki, status məsələsinin, separatçıların maraqlarının nəzərə alınması ilə bağlı mesaj verdi. Bu halda əlbəttə ki, bir gün sonra keçiriləcək danışıqlarda irəliləyiş ola bilməzdi.
Mən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışını dinlədim. Ara-sıra optimist görünməyə çalışan Elmar Məmmədyarov da bu görüşdən sonra pessimist çıxış etdi və heç bir irəliləyişin olmadığını bildirdi”, - deyə politoloq vurğulayıb.
Elxan Şahinoğlu əlavə edib ki, hər dəfə bu tip görüşlərdən əvvəl Ermənistan tərəfi müxtəlif vasitələrlə danışıqlar prosesini pozmağa, ən yaxşı halda yayınmağa çalışır. Bu da səbəbsiz deyil: “Azərbaycan münaqişənin mərhələli həllinin tərəfdarıdır. Yəni, Bakı istəyir ki, əvvəlcə işğal olunmuş ətraf rayonların qaytarılsın, bundan sonra isə Dağlıq Qarabağın status məsələsi müzakirə oluna bilər. Ermənistan isə status məsələsini önə çəkir. İrəvan bilir ki, Azərbaycan haqlı tərəf olaraq prinsiplərindən geri çəkilməyəcək. Ona görə də danışıqlardan yayınmağa çalışır”.
Telegram kanalımız