“Evdə hər gün təpiyin altına salırlar, bir qəpiklik hörməti yoxdur...”  - Vəziroğludan qalmaqallı açıqlama

“Evdə hər gün təpiyin altına salırlar, bir qəpiklik hörməti yoxdur...” - Vəziroğludan qalmaqallı açıqlama

Sosial

11 Yanvar 2023 17:32 57875


Son illər telekanallarda ailədaxili münaqişələrin müzakirəsinə həsr edilən verilişlərin sayı xeyli artıb. 

Bəzən isə bu proqramlar tamaşaçıları qıcıqlandırır və onlar sosial şəbəkələrə üz tutaraq orada verilişləri, ekspertləri tənqid atəşinə tuturlar. 

Bir neçə dəfə evlənib-boşanan, ailə müqəddəsliyinin qədrini bilməyən, dünyaya qanunsuz övlad gətirən qeyri-sənət adamlarının camaata ailə dərsi keçməsi  insanları qəzəbləndirir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu qeyd edib ki, proqramda ekspert qismində çıxış edənlər əvvəlcə özləri cəmiyyətə nümunə olmağı bacarmalıdırlar:

“Verilişlərdə ekspert deyəndə təkcə mənim adım ağla gəlməməlidir.  Ekspertlərin içində həkimlər, psixoloqlar, jurnalistlər olur, hərə bir sahənin adamıdır. Ola bilər ki, kimsə yaxşı həkimdir, amma pis ekspertdir, yaxud da bunun əksinə. Yəni bunun verilişə heç bir aidiyyatı yoxdur. 

Bizdə dananı kəsib keçinin ayağından, keçini kəsib dəvənin ayağından asırlar. Bu çox pisdir. Bir şeyi qəbul etmək lazımdır ki, əgər sən cəmiyyətdə özün nümunə deyilsənsə, başqasına nümunə ola bilməzsən. Əgər öz rayonumda, məhləmdə mənə hörmət qoyan yoxdursa, necə respublika səviyyəsində hörmət tələb edə bilərəm? Bu mümkün deyil.

Bu gün elə adamlar var ki, ekspert yarlığı daşıyır, amma buna layiq davranmır. Elələri var ki, heç ailəsində onu sayan yoxdur, evdə hər gün təpiyin altına salırlar, bir qəpiklik də hörməti yoxdur. Təbii ki, belə adamlar var. Xalqın gözü tərəzidir. Xalq bilir ki, məsələn Anar Vəziroğlu kimdir, kiminlə qonşudur. Bəziləri elə hesab edir ki, sanki Afrikada doğulub gəlib burda ekspert kimi çıxış edib, camaata məsləhət verə bilər. Elə şey yoxdur, bura balaca respublikadır, 10 milyonluq əhaliyik, hamı bir-birini gözəl tanıyır”. 

Müsahibimiz hesab edir ki, verilişə çağırılan ekspertlərə görə hər dəfə teleaparıcıların tənqid edilməsi doğru yanaşma deyil: 

“Bəzən ekspertlərə görə aparıcılar tənqid hədəfinə çevrilir. Bu da düzgün deyil, bəzən aparıcıların üzərinə çox düşürük. Bu məsələdə aparıcının üzərinə 10 faiz məsuliyyət düşür, aparıcı nə etməlidir? Əvvəla, hər studiyanın, telekanalın öz rəhbəri var, onlar düşünməlidir ki, filankəs bu məsaələyə yarayar, ya yox. Aparıcı sadəcə hadisələri tənzimləyir. Biz ekspertlər özümüz millətə nümunə olmalıyıq. Çox təəəssüf ki, bəzilərimiz bu cür nümumə olmağı bacarmırlar”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!