YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Evli bacısı ilə münasibətdə olan dayısı oğlunu qətlə yetirdi

Evli bacısı ilə münasibətdə olan dayısı oğlunu qətlə yetirdi

Kriminal

28 Sentyabr 2022 16:05 13464


Gəncə Ağır Cinayətlər Məhkəməsində evli bacısı ilə münasibətdə olan dayısı oğlu Tural Mustafayevi qətlə yetirən 1990-cı il təvəllüdlü Aqil Süleymanova hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

“Yeni Sabah” xəbər verir ki, hadisə ötən ilin noyabrın 23-də Tərtər rayonunda baş verib. Araşdırmalar zamanı məlum olub ki, Aqil Süleymanov ilkin olaraq bacısı Aynur Süleymanovanın dayısı oğlu 1998-ci Tural Mustafayev ilə olan yaxın münasibətini Aynurun əri Fəxri vasitəsilə öyrənib. 

Məlum olub ki, hadisədən 8 ay öncə Aynur Süleymanovanın evində ailədaxili problemlər yaranıb. Bu problemlərə səbəb isə, Fəxrinin Aynurun dayısı oğlu ilə olan münasibətindən xəbər tutması olub. 

Bundan sonra Fəxri Aynurdan boşanmaq qərarına gəlib. Aynur da iki övladı ilə birgə ata evində yaşamağa başlayıb. Fəxri bu barədə bir neçə dəfə Aynurun yaxınlarına məlumat versə də, onlar buna inanmayıb. 

Aqil bu barədə Aynurdan soruşduqda o, Turalın uşaq olduğunu deyərək Fəxrinin sözlərini yalanlayıb. Hadisədən 3 ay öncə Fəxri bütün gecə Aynurun “whatsapp” tətbiqində onlayn olmasını görüb və Aynurun Tural ilə yazışdığı qənaətinə gəlib. Aynurun ata evinə gedən Fəxri onun telefonunu götürərək Turalla olan mesajlaşmalarını aşkar edib. 

O yazışmalarda narkotik vasitə olan “patıdan” istifadə etmələri və birlikdə intim münasibətdə olmalarını ehtiva edən danışıqların olduğunu görüb. Bundan sonra mesajları Aqilə göstərib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Aqil Süleymanov ifadəsində bildirib ki, Fəxri ona zəng edərək mesajları tapdığını və onunla görüşmək istədiyini deyib: 

“Mənə Bakıya gəldiyini və görüşmək istədiyini dedi. Görüşdük, yazışmaları göstərdi ancaq bu yazışmaların qeyri-əxlaqi məqsədlərlə baş tutduğuna yenə inanmaq istəmədim. Fəxri məndən qardaş olaraq bir tədbir görməyimi istədiyini bildirəndə ona bu məsələni Turalla dəqiqləşdirəcəyimi dedim. 

24 noyabr günü xalamın il mərasimi üçün Tərtər rayonuna getməyi qərarlaşdırmışdım. Təxminən 4-5 gün əvvəl də dayım infarkt keçirdiyindən anam, bacım Aynur və uşaqları da dayımı görmək, həmçinin il mərasimində iştirak etmək üçün Tərtərə gəldilər. Mən də Fəxri ilə birlikdə eyni vaxtda Tərtər rayonuna getməyə razılaşdıq. 

Yolda olanda bir də mesajlara nəzər saldım. Sonra Fəxriyə dedim ki, Turalla görüşəcəm və bunun izahını istəyəcəm. Fəxri mənə Turalı Fəxrinin bibisioğlunun evinə çağırıb söhbət etməyi təklif etdi. Həmin evi tanıdığımdan və evdə yaşayış olmadığını bildiyimdən razılaşdım. 

Yolda Fəxri ilə danışdıq və qərara gəldik ki, Tural öz dediklərini sübut edə bilməsə onu sındırmaq məqsədi ilə “mundarlayacam”, Fəxri isə bunu videoya çəkəcək. Tərtərə gələndə Fəxridən ayrıldım  və qohumlarımın yaşadığı Buruc kəndinə getdim. Orada yaxınlarım, Tural və digərləri ilə görüşdüm.  

Turaldan Aynurla olan yazışmaların nə demək olduğunu soruşdum və onun bacılarını öz bacılarım kimi görürdüyümü dedim. Tural isə “mənim 4 bacım var, onlar mənə bəsdir” dedi. Bundan sonra Turalı məsələyə aydınlıq gətirmək məqsədilə Fəxrinin dediyi evə dəvət etdim. Tural da getməyə hazır olduğunu dedi. 

Taksi ilə getdik, maşına minəndə Turalın cibində qara rəng mətbəx bıçağı olduğunu gördüm. Ona sadəcə söhbət edəcəyimizi və belə bir şeyə ehtiyac olmadığını dedim. Oraya çatanda Fəxrinin artıq bizi gözlədiyini gördüm”.

Şahid qismində dindirilən Aynurun həyat yoldaşı Fəxri bildirib ki, Aqillə Tural birlikdə həyətə daxil olduqda Tural onu görüb Aqilə nalayiq ifadə işlədərək “məni bura niyə gətirmisən” deyib: 

“Aqil ona Aynurla münasibətinə aydınlıq gətirmək üçün bir araya gəldiyimizi dedi. Tural isə təkzib edərək Aynurla arasında heç bir münasibətinin olmadığını dedi. Aqil məsələni aydınlaşdırmaq üçün Turala sözlə təzyiq göstərdikdə Tural üzərindən bir ədəd qatlanan bıçaq çıxararaq Aqilə bıçaqla xəsarət yetirmək üçün üzərinə getdi. Aqil Turalın əlindən bıçağı almağa çalışsa da, Tural Aqilin sol böyür hissəsinə bıçaqla vurdu. Bundan sonra Aqilin əlində mətbəx bıçağının olduğunu gördüm. Həmin bıçaqla Turala zərbələr endirməyə başlamışdı. Aralamağa çalışanda özüm də sol qoltuq altı nahiyəmdən bıçaq xəsarəti aldım. 

Sonra Tural həyət qapısından çıxıb küçəyə doğru qaçmağa başladı, Aqil onun arxası ilə küçəyə çıxıb o taqətdən düşənəcən və yıxılanacan kürəyinə aramsız daha bir neçə bıçaq zərbələri endirdi. Tural küçədə üzü üstə yıxılıb yerdə hərəkətsiz vəziyyətdə qaldı”.

Aqil Süleymanov ifadəsində deyib ki, o mətbəx bıçağını Turalın əlindən alıb: 

“Əlimdə olan bıçaqla yolun başına doğru irəlilədim. Arxamca da Fəxri gəlirdi. Bir qədər qarşıda tanımadığı birinin gəldiyini gördüm. Ona adam öldürdüyümü və 102 zəng mərkəzinə məlumat verməsini xahiş etdim. 

İnsanların məndən qorxmaması üçün əlimdəki bıçağı kanala atdım. Yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini gördüm. Polis əməkdaşlarının gəlib məni tapa bilmələri üçün maşına əyləşərək Tural Mustafayevin yanına qayıtdım. Bir müddət sonra polis əməkdaşları gəldi, törətdiyim əməli polis əməkdaşlarına etiraf etdim”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!