Xəbər verdiyimiz kimi bu il Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Səbail”, “Qəbələ” klubları təmsil edəcək.
İdman eksperti Aslan Kərimov “Yeni Sabah”a açıqlamasında klublarımızın Avropadakı şanslarından danışıb. O, təmsilçilərimizdən “Qarabağ”ın mərhələ adlamaq şansının daha yüksək olduğunu bildirib:
“Belə hesab edirəm ki, “Qarabağ” klublarımızın arasında 1-ci təsnifat mərhələsini ən rahat keçə biləcək klubdur. Düzdür, futboldur, amma maddi və mənəvi cəhətdən götürəsi olsaq, o, rəqiblərindən qat-qat üstündür. Rəqibin açıqlamaları da bizdən açıq-aşkar çəkindiklərini deməyə əsas verir”.
Ekspert “Neftçi” və “Qəbələ”nin də ilk mərhələni rahatlıqla keçə biləcəklərinə inandıqlarını söyləyib:
““Neftçi” isə ilk oyunu Moldovada keçirməsinə baxmayaraq, istədiyi nəticəni ala biləcək. Ən azından 1 qol vursalar belə, evdəki oyunda daha rahat oynayacaqlar. “Neftçi” də ilk mərhələni keçəcək deyə, fikirləşirəm. “Qəbələ”yə qaldıqda isə, fikirləşirəm ki, onun da ilk mərhələdə şansı var. Baxmayaraq ki, heyətlərində böyük dəyişiklik baş verdi, maddi problemlərə görə, 70% oyunçularını əldən buraxdılar. Amma Tiflis daha çox yerli oyunçuların yetişdirilib satılması ilə məşğuldur, böyük ehtimalla, legionerləri olmayacaq”.
A.Kərimov bu komandalarımızdan yalnız “Səbail” üçün çətinlik yarana biləcəyini söyləyib:
“Səbail”dən türklər demiş, bir az “endişəm” var. Onun rəqibindən bir az çəkinirəm. Düzdür, adlı-sanlı klub deyil, amma klublarındakı yerli oyunçuların keyfiyyəti bizdən yuxarıdır. Bu baxımdan rumunlarla oyunu 50/50-yə dəyərləndirə bilərəm. “Səbail” ilk mərhələni 100% keçəcək deməyə çətinlik çəkirəm. Dolayısı yolla desək, 3 komandanın dəqiqliklə mərhələ adlayacağını, “Səbail”in şansını isə 50/50-yə hesab edirəm”.
Naibə Məmmədova
Telegram kanalımız