Müqəddəs ayda insanları maraqlandıran suallardan biri də iftar süfrəsi ilə bağlıdır. Ramazanda imkanlı şəxslərin bir qismi ehtiyaclı insanlar üçün iftar süfrəsi açır. Bəzən iftarda süfrəsinin başına orucu açanların qohumları, dostları da toplaşır. Bəs bu nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı deyib ki, İslam dinin öncə acları doyurmağı buyurur:
“İslam dini deyir ki, qohumlar arasında əlaqəni kəsməyin. O kəs ki, qohumunu, mərəzli adamı ziyarət edər, Allah onun ruzisini artırar. İslam dini deyir ki, bir-birinizlə daha çox görüşün, bir süfrə arxasında ünsiyyətdə olun. Kimin nəyə gücü çatırsa, onu etsin. Amma nəzərə alınmalıdır ki, İslam dini həm də deyir ki, öncə qonşuluqdakı acları doydurun. Bunu unutmaq olmaz. Toyuqlu pizza
Kiminsə qohumları ilə iftar süfrəsi arxasında oturmasına normal baxıram. Bunda qəbahətli bir şey görmürəm. Amma yalnız öz qohumlarına, dostlarına iftar süfrəsi açıb, başqalarına əl tutmurlarsa, yolverilməzdir.
Hər kəs öz əməlinə görə cavab verəcək. Bu ay savab ayıdır, bacardığımız qədər yardım etməli, əl tutmalıyıq. Bu ayda birinin əvəzinə Allah minini yazır, bonuslu aylarımızdır. Xoş o kəsin halına ki, bonuslarından istifadə edir. Allah Ramazan ayında hər birimizi hidayət etsin. Allah hamımıza həqiqi möminlərdən olmağı qismət eləsin”.
Sənətçi bu ayda sosial şəbəkələrdə yediklərini paylaşan insanlar barədə də fikirlərini bildirib:
“Sosial şəbəkələrdə yemək çox göstərirlər. Nəzərə alınmalıdır ki, birinin varıdır, birinin yox. Bəzən görürsən şərhlərdə yazırlar ki, pulu yoxdursa, “İnstagram”a girməsin, pulsuz adam burada nə gəzir?! Çox absurd fikirdir. Bu gün hamının evində internet var. Kasıb da, varlı da çalışır ki, internetdən istifadə etsin. Bu söhbətləri başa düşmürəm, kasıba interneti də çox götrürlər?! Bu nə düşüncədir?!
Yediklərinin şəklini çəkib paylaşırlar, “març-març” yediklərini videoya çəkib bölüşürlər, düşünürəm ki, buna gərək yoxdur. Vallah, mən də iftar süfrələrinə gedirəm, yaxud mənim də evimdə yemək bişir, amma bunu çəkib göstərmirəm, buna ehtiyac yoxdur.
Bəzən görürsən ki, bu, reklam xarakterli olur, amma çalışmalıyıq ki, o dərəcədə yeməyin içinə qədər çəkib göstərməyək. Axı bu nəyə lazımdır?!
Sözümdən bəlkə də bəzi səhifə sahibləri inciyəcək, amma bu belədir. Heç olmasa, bu ayda göz haqqını nəzərə almalıyıq. Hazırda alçanın, çiyələyin nübar mövsümüdür. Onu çəkib sosial şəbəkələrdə paylaşırlar. Bəlkə, biri hamilədir, almağa imkanı yoxdur? Bu gün alça od qiymətinədir. Bunu bu qədər abartmağın nə mənası var? Nə var, nə var, bir neçə “like” yığacaqlar...”
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız