Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində dayandırılması arxadan gələn avtomobillər üçün ciddi təhlükə yaradır.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə müraciət edən qurumdan bildirilib ki, belə hallar çox vaxt nəqliyyat vasitəsinin nasazlıq səbəbindən yolda dayanması və sürücünün zəruri təhlükəsizlik tədbirlərini görməməsi nəticəsində baş verir: “Lakin müşahidələr göstərir ki, bəzi sürücülər məcburi səbəb olmadığı halda da, məsələn, sərnişin mindirib-düşürmək və ya digər şəxsi məqsədlərə görə avtomobili intensiv hərəkətin olduğu hissədə dayandırırlar. pizza
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə isə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsi sərnişin düşürmək məqsədilə yolun hərəkət hissəsində dayanan avtomobillə toqquşub. Qəza siqnalının yandırılması ilə təhlükənin aradan qalxdığını düşünən sürücü çoxzolaqlı yolda sərnişini düşürməklə həm özünü, həm də digər şəxsi təhlükə qarşısında qoyub. Hadisə nəticəsində mərkəz istiqamətində sıxlıq da yaranıb.
Bir daha xatırlatmaq istəyirik ki, bu cür qayda pozuntuları ölüm və xəsarətlə nəticələnən qəzaların qeydə alınmasına və yollarda hərəkətin ləngiməsinə səbəb olur. Sərnişinin yolun hərəkət hissəsində düşürülməsi isə onun həyatını birbaşa təhlükəyə atır”.
Telegram kanalımız