İdman yazarları “Qarabağ“ın bugünkü oyunu barədə:   “Rəqib çox güclüdür“

saytların hazırlanması

Evə çatdırılma

İdman yazarları “Qarabağ“ın bugünkü oyunu barədə: “Rəqib çox güclüdür“

İdman

24 Fevral 2022 17:10 3494


Bu gün Konfrans Liqasında 1/16 pley-off mərhələsinin cavab oyunları keçiriləcək. “Qarabağ” Bakıda Fransa "Marsel"ini qəbul edəcək.

“Köhlən Atlar” bu mərhələni keçə biləcəkmi?

Tanınmış idman jurnalistləri Yenisabah.az-a “Qarabağ”ın bugünkü şansını dəyərləndiriblər. pizza sifarişi

“Matc.az”-ın redaktoru İxtiyar Əsgərov Rəqibin güclü olduğunu, lakin “Qarabağ”ın bu gün uduzmayacağını bildirib:

“Rəqib güclüdür, Fransa çempionatında ikinci pillədə qərarlaşıb. Lakin bütün hallarda, ortada səviyyə fərqi var. Nəzərə alaq ki, “Marsel”in futbolçuları çempionatda qiyməti milyonlarla ölçülən Neymar, Messi, Mbappe, Di Mariya kimi ulduzlara, “Qarabağ”ın futbolçuları isə bizim Premyer Liqada Biləcəridən o tərəfdə heç kimin tanımadığı Məhəmməd Mirzəbəyov, Ədilxan Qaraəhmədov, İlkin Qırtımov kimilərinə qarşı oynayır.

“Qarabağ” Marseldəki qarşılaşmada 1:3 hesabı ilə uduzsa da, pis təsir bağışlamadı. Komandamız daha çox qol vura bilərdi. Hardasa şanssızlıq oldu, yenə də futbolçuların fərdi ustalıq səviyyəsi öz sözünü deyir. Məsələn, ən yaxşımız Zubirdi, amma səhv etmirəmsə, Fransa çempionatında rəqabətə tab gətirə, əsas heyətə düşə bilməyib.

“Qarabağ”ın ilk görüşdə çox yaxşı oynadığını “Marsel”in baş məşqçisi Xorxe Sampaoli də etiraf edib. Qarşılaşmadan sonra “Qarabağ” bizə oynamağa imkan vermədi” söyləmişdi. Fikrimcə, Sampaoli bundan nəticə çıxarıb, mərhələ adlamaq şansını əldən verməyəcək.

“Qarabağ”a gəlincə isə, mən düşünürəm ki, komandamız bu gün uduzmayacaq. Adətən, “şans həmişə var” deyirlər, amma etiraf edək ki, rəqib “Keşlə” və ya “Səbail” deyil. “Qarabağ”ın qələbə qazanacağına inanıram. Kaş, bu qələbə mərhələ adlamağa yetərli olsun!”

Tanınmış idman jurnalisti Natiq Muxtarlı “Qarabağ”ın “Marsel”lə başabaş mübarizə apara biləcək komanda olduğunu söyləyib:

““Qarabağ”ın “Marsel”lə oyunda qalib gəlmək şansı var. Bu, sıradan iddia deyil. Marseldə keçirilən ilk qarşılaşma da sübut etdi ki, “Qarabağ” rəqibi ilə başabaş mübarizə aparmağa qadirdir. Əslində, Fransada alınan məğlubiyyət ələ düşən imkanlardan yararlanmamağın və ayrı-ayrı futbolçuların fərdi səhvlərinin nəticəsi idi. Görünür, həmin futbolçular oyunun təzyiqinə tab gətirə bilmədi.

Sözsüz, “Marsel” güclü rəqibdir, amma “Qarabağ” da sübut edib ki, heç bir komandadan çəkinmir. Hər şey yaradılan imkanların reallaşdırılması faizindən asılı olacaq. Belə qarşılaşmalarda imkanlardan maksimum yararlanmaq vacibdir.

Ümid edək ki, hücumçular bu dəfə daha dəqiq olacaqlar. Amma bütün hallarda nəzərə almalıyıq ki, büdcəsi və futbolçularının keyfiyyəti bir-birindən kəskin fərqlənən iki komandanın mübarizəsini izləyəcəyik. Bir tərəfdə “böyük beşlik” ölkəsi Fransada çempionatın liderlərindən olan komanda, digər tərəfdə isə 8 komandanın çıxış etdiyi zəif Azərbaycan çempionatının təmsilçisi.

Sadəcə “Qarabağ” Azərbaycan çempionatının səviyyəsini üstələyən klubdur. Amma bu da müəyyən həddə qədərdir. “Qarabağ” öz oyununu nümayiş etdirə bilsə, ələ düşən imkanlardan maksimum yararlansa, “Marsel” Fransaya başıaşağı qayıdacaq. Ancaq biz “Qarabağ”ı təzyiq altında saxlamamalı, nəticədən asılı olmayaraq bu komandaya təşəkkür etməliyik. Azərbaycan futbolunun imicini xilas etdiyi üçün”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!