2000-ci il təvəllüdlü Orxan Hüseynli Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 7 il azadlıqdan məhrumetmə cəzası verilib.
“Yeni Sabah” xəbər verir ki, hadisə bu ilin fevral ayının 10-u baş verib.
Belə ki, zərərçəkmiş şəxs - Elçin Heydərov (soyadlar şərtidir) məskunlaşdığı yataqxanada qonşusu Orxan Hüseynlinin evindəki səs-küydən və dəhlizdə nalayiq ifadələr işlətməsindən narahat olaraq onun evinə gedib və Orxanı itələyərək onu yerə yıxıb. Daha sonra onun boğazından sıxaraq evdən çıxıb. Bundan qəzəblənən Orxan evdən bıçaq götürərək onun arxasınca gedib. Elçin binanın 9-cu mərtəbəsinə doğru qalxan zaman Orxan da pilləkənlə yuxarı qalxıb və əlbəyaxa mübahisə zamanı ona bədəninin müxtəlif nahiyələrindən bıçaqla zərbələr yetirib. O sırada bıçaq zərbələrindən biri hadisə zamanı pilləkənlə düşən Elnur Xəlilovun kürək nahiyəsindən dəyib. pizza mizza
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Orxan Hüseynli özünü ona elan olunan ittihamla qismən təsirli bilərək Elçinə iki bıçaq zərbəsi vurduğunu deyib. O, həmçinin qeyd edib ki, Elnuru əvvəldən tanımayıb və onu bıçaqla vurduğunu hadisə vaxtı bilməyib.
Zərərçəkmiş şəxs qismində dindirilən Elçin Heydərov ifadəsində bildirib ki, Orxan tez-tez spirtli içkilər qəbul edərək yaşadığı mənzildə qışqıraraq hay-küy salıb və arvadı ilə tez-tez dalaşıb nalayiq ifadələr işlədərək ətrafda narahatçılıq yaradıb. Buna görə də, bir neçə dəfə qonşular Orxanın yaşadığı mənzilə gedərək, sonuncuya bu barədə xəbərdarlıq ediblər.
Digər zərərçəkmiş şəxs qismində dindirilən Elnur Xəlilov ifadəsində bildirib ki, yaşadığı mənzilə getmək üçün aşağı düşən zaman Elçinlə Orxanın pilləkəndə dayanıb çəkişdiklərini görüb və onların yanından keçib yaşadığı mənzilə gedərkən Orxanın Elçinə vurmaq üçün atdığı ilk zərbə onun sol kürək nahiyəsindən dəyib:
“Buna baxmayaraq, əhəmiyyət vermədim. Binanın 7-ci mərtəbəsinə düşən zaman sol kürək nahiyəmdə güclü ağrı hiss etdim və baxan zaman qan axdığını gördüm. Tez binanın həyətinə düşərək xəstəxanaya getdim. Orada həkimlər tərəfindən əməliyyat olundum.”
O, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını bildirib.
Nəzrin Cavadzadə
Telegram kanalımız