Məlum olduğu kimi, ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu üçün sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərarından sonra insanlar mağazalara axın elədi.
Əksəriyyət iki günlük karantin üçün iki həftəlik ərzaq aldı. Kimi o iki gündə 5 banka xiyar turtşusu yedi, kimi də 15 çörək... Kütlədəki bu xof isə təbii olaraq birmənalı qarşılanmadı. İctimai statusu olan bəzi şəxslər bunu dövlətə inamsızlıqla, bəziləri isə cahilliklə əlaqələndirdi.
Maraqlıdır, insanların bu cür davranmalarının səbəbi nədir? pizza
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü İlahə Dəmirbəy bildirib ki, postpandemiya dövründə insanların normal həyata adaptasiyası bir az gec olacaq. Çünki artıq insanların beynində travmalar var:
“Düşünürlər ki, birdən xəstələnərəm, hansısa qidanı tapmaram, hansısa təhlükə baş verər və s. İnsanların mağazalara sanki şüursuz şəkildə hücum etməsini sırf psixoloji olaraq dəyərləndirə bilərik. Biz məsələni aydınlaşdırmaq üçün Abraham Maslouun “Ehtiyaclar Piramidası”na baxa bilərik. Orada insanın təməl ehtiyacları var. Qida, su, yuxu və cinsəl tələblər ilk sırada dayanır. Bunlar ödənilsə, həmin insan özünü təhlükəsizlikdə hiss edir. Daha sonra sevgi, qarşılıqlı hörmət gəlir. Ən yuxarıda isə artıq formalaşmış bir şəxsiyyət statusu durur. Belə deyə bilərik ki, insanların şüur altında “qidam, çörəyim, yeməyim olmasa, mən potensial bir təhlükədə ola bilərəm” kimi bir düşüncə var və bu siqnal müəyyən situasiyalarda onlara ötürülür. Bəzən istəmsizcəsinə, hadisənin real olmadığını bildikləri halda xoşagəlməz şeylər edirlər. Bu onların özlərini təhlükədə hiss etmə qorxuları ilə əlaqədardır. Biz televiziyalarda, sosial şəbəkələrdə inkişaf etməmiş, müharibə şəraitində olan dövlətlərdə uşaqların ac qaldığını, onlarda problemlər yarandığını görürük, bu da şüuraltına təsir edən amillərdəndir. Baş verənlər psixolojidir. Bu, təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində belədir. Bu, dəyərlər sisteminin, dövlətin problemi deyil, sadəcə olaraq insanların şüuraltı olaraq ehtiyaclarından yaranan hadisədir”.
Sayad Həsənli
Telegram kanalımız