HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra, İran İsrailə qarşı qisas hücumları edəcəyini bəyan edib. Hücumun hansı istiqamətdə və necə olacağı tam məlum olmasa da, rəsmi Tehran bununla bağlı addımlar atmağa hazırlaşır. Bir sıra siyasi analitiklər son hadisənin birbaşa olaraq İranın siyasi nüfuzuna ciddi zərbə vurduğunu hesab edir.
Bəs görəsən, İranın cavab tədbirləri nə zaman və necə olacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, İran İsrailə qarşı daha çox proksi qüvvələrin əli ilə hücumlar həyata keçirəcək: Dominos pizza
“İranın təhdidlərinin kağız üzərində qalacağını düşünmürəm. Əvvəla baş verən hadisənin mahiyyəti çox böyükdür. Ortada İran dövlətinin qüruruna toxunan bir hadisə baş verib. Eyni zamanda bu özlüyündə İranın özünü təhdid edəcək bir hadisədir. Nəzərə alsaq ki, Qumdakı Cəmkəran məscidində qırmızı rəngli savaş bayrağı qaldırılıb, bu o deməkdir ki, hansısa bir formada Tehranın bu hadisəyə reaksiyası olacaq. Lakin bunun konkret zamanı ilə bağlı nəsə söyləmək dəqiq deyil. Düşünürəm ki, bu apreldəki hadisədən böyükdür və İran artıq Macarıstan vasitəsi ilə İsrailə belə bir hücumun olacağını çatdırıb. Digər tərəfdən “Hizbullah” liderinin dünənki açıqlamasına baxsaq, orada açıq şəkildə ifadə olundu ki, Livan, Yəmən və İran İsrailə hücum hazırlıqlarına başlayıb”.
Politoloq Türkiyənin məsələyə mümkün müdaxilə imkanlarından da danışıb:
“Təbii ki, Rusiya və digər dövlətlər dəfələlərlə olduğu kimi, yenə də İranı daha təmkinli olmağa çağırır. Rusiyanın özü də hazırda genişmiqyaslı savaşdan yana deyil. Eyni zamanda nəzərə alaq ki, İranın İsraillə birbaşa quru sərhəddi olmadığından quru qoşunları vasitəsi ilə konvensial savaşa girməsi real görünmür. İran sadəcə olaraq, bu savaşı özünə bağlı olan proksi qüvvələr vasitəsi ilə aparacaq. Çünki İran həm də belə qüvvələrə göstərmək istəyir ki, Tehran hakimiyyəti onların arxasındadır. Bu baxımdan yaxın zamanlarda İran tərəfindən hansısa cavabın olacağını gözləyirəm. Türkiyəyə gəlincə, düşünmürəm ki, İsraillə hər hansısa silahlı münaqişəyə can atsın. Bu heç Ankaranın maraqlarına da uyğun deyil. Sadəcə olaraq bu mövzuda Türkiyənin mövqeyi daha çox siyasi və diplomatik istiqamətdə olacaq”.
Nazim Hacıyev
Telegram kanalımız