Bu gün Xalq artisti, sevilən aktrisa Həmidə Ömərova doğum gününü qeyd edir. Sənətkar doğum günü münasibəti ilə Moderator.az-ın suallarını cavablandırıb.
- Həmidə xanım, bu gün sizin doğum gününüzdür. Moderator.az kollektivi adından sizi təbrik edirəm. Marağlıdır, pandemiyada doğum gününüzü necə qeyd edəcəksiz?
- Öncə diqqətinizə görə sizə öz təşəkkürümü bildirirəm, sizin qələminizə bələdəm və Moderator.az-ı hər zaman izləyirəm. Doğum günümü harada keçirəcəyimi dəqiq bilmirəm. İndi pandemiya dövrüdür, yəqin ki, qeyd etməyəcəm. Qeyd etsəm də ailə üzvlərimlə birlikdə olacağam. Ümid edirəm ki, bütün bəşəriyyətin canı bu bəladan qurtarar. İnşallah yenə də əvvəlki günlərimiz qayıdar. Atalarımız deyib ki, pis günü görməsən, yaxşı günün qədrini bilməzsən. Biz bu maskalarla qapandıq, təcrid olunduq, hər şeyimiz onlayn oldu, distansiyalara üstünlük verməyə başladıq və əvvəlki, xoşbəxt günlərimiz üçün darıxdıq, hamının qəlbində nostalji hiss yarandı. Çox şeyləri biz daha dərindən dərk etməyə başladıq. Canlı ünsiyyəti, canlı münasibəti və təhsili heçnə əvəz edə bilməz. Mən arzu edirəm ki, xoş günlərimiz qayıtsın və bizim təbabət bu virusun öhdəsindən tezliklə gəlsin. Ona görə də mən ad günümü qeyd etməyi planlaşdırmıram, yəqin ki, ailə üzvlərimə harasa gedərik, heç olmasa evdən-qapalı məkandan uzağlaşarıq. pizza sifarişi
- İndiyə qədər ən yadda qalan ad gününüzdən bizə danışa bilərsiniz?
- Mən 23 yaşımı qeyd edirdim, bu ərəfədə də "Qızıl uçurum" filminə çəkilirdim. Evdə anam ilə tədarük gördük, qonaqlarımız da gəlmişdilər. Birdən qapı döyüldü, "Qızıl uçurum" filminin yaradıcı heyətindən gəldilər ki, tez ol, hazırlaş, gedirik. Dedim, axı bu gün mənim ad günümdür, dedilər, çox gözəl, təbrik edirik, amma bunun bizim çəkilişimizə heç bir aidiyyatı yoxdur. Çəkiliş ad gününə baxmır. Qonaqlarım artıq süfrə arxasında oturmuşdular, mənsə getdim. Çəkiliş qrupu ilə Qala kəndinə gəlib çatanda dedilər ki, kamera xarab olub. Rejissorumuz Fikrət Əliyev hirslənirdi ki, tez olun, çəkin, gün batır. Kamera təmir olunana qədər gün batdı. Nə isə, biz o səhnəni çəkə bilmədik. Mən evə saat 12-nin yarısında gəldim. Gördüm, qonaqlarım çoxdan dağılışıblar, süfrə arxasında təkcə anam əyləşib, məni gözləyir. O zaman anam məni qucaqlayıb dedi ki, ay qızım, eybi yox, budəfəki ad gününü ana-balalı keçirdik.
- Bu illər ərzində yaddaqalan hədiyyəni kim verib sizə?
- Mən bu hadisəni çox danışmışam (gülür). O vaxt "Retro" kinozalını aparırdım, ad günüm ərəfəsi idi. Redaksiyada dedilər ki, sənə bir sevgi məktubu yazıblar, şəklini də çəkiblər. Məktubda yazılmışdı ki, sevirəm səni, gözəl gözlərini, dərin mənalı, ifadəli baxışlarını. İki səhifəlik sevgi məktubu idi. Axırda da yazılmışdı: "Xahiş edirəm, mənə hind filmini göstərəsən". Sən demə, bu, sevgi məktubu deyilmiş, bütün bu tərifnamələr, komplimentlər, şəkillər hind filmini göstərməyim üçün imiş (gülür). Bu, mənim üçün ən qeyri-adi sürpriz idi. Bir dəfə də Şəkidə bir film çəkirdik, o da mənim ad günümə təsadüf edirdi. Qrimyor Tanya ilə bir otaqda qalırdım. Dedim, bu gün mənim ad günümdür, gedək, bazarlıq edək, Tanya həvəslə razılaşdı. Bazara gedən yolda arxamızca bir oğlan düşdü, biz dükana getdik, o da dükana girdi, biz çıxıb qaçdıq, o da arxamızca qaçdı. Axırda onu birtəhər azdırıb heç nə almadan mehmanxanaya qayıtdıq. Dedim ki, hə, Tanya, yaxşı aldatdıq hərifi. Bir də gördüm ki, qapı döyülür. Qapını açanda gördüm ki, həmin oğlan dayanıb heyran-heyran mənə baxır. Dedi: "Nə olar, mənə bir rubl ver də" (gülür).
- Həmidə xanım, elə bir film olubmu ki, çəkilmək istəmisiz, amma alınmayıb?
- Filmlərdə o qədər intensiv çəkilirdim ki, deyə bilmərəm ki, hansı rolu oynamaq istəmişəm. Kino bir az başqa cürdür, ssenari yazılır, sənə təqdim edilir, sən onu ya bəyənib oynayırsan, ya da bəyənməyib oynamırsan. Mən o qədər filmə çəkilmişdim ki. Bir gün rejissorumuz, rəhmətlik Gülbəniz Əzimzadə mənə dedi ki, Həmidə, sən çox çəkilmisən, indi sənin elə bir vaxtındır ki, özün seçim edə bilərsən ki, hansına çəkilim, hansına yox. Dedi ki, məncə sən bir az istirahət et. Onun bu sözündən sonra düz bir il təklif olunan 3 senaridən imtina etdim, çəkilmədim. Əvvəl peşman idim, fikirləşirdim ki, 3 filmə çəkilmədim. Daha sonra kinostudiya bağlandı, biz aktyorlar işsiz qaldıq. Həmin o 3 filmi görəndən sonra peşmançılığım yoxa çıxdı, ürəyimdə təskinlik tapdım ki, yaxşı ki, mən o filmlərə çəkilməmişəm. Ona görə də kinoda belə bir rol olmayıb ki, mən deyim ki, çox istərdim bu obrazı oynayım. Amma yaşıma uyğun, mükəmməl bir dərin xarakterli, psixoloji obraz oynmağı arzulayıram. Bu mənim böyük arzumdur.
- Yeri gəlmişkən, siz teatrda da bir neçə obraz yaratmısız.
- Teatrda məni “Xanuma” roluna çağırıblar, istəmişəm oynayım, müəyyən səbəblərdən bu alınmayıb. Buna baxmayaraq mən çox sevinirəm ki, bəxtim teatrda da gətirib. Əli Əmirlinin “Hasarın o üzü” əsərini Bəhram Osmanovun quruluşunda Humay ana obrazını mən 8 ildir ki, Nurəddin Mehdixanlı və Gənc Tamaşaçılar Teatrının gözəl, istedadlı aktrisaları ilə birlikdə oynayıram. Çox gözəl obrazdır, əqidəmə, ruhuma, yaxın, inanclı bir qadındır Humay. Mən çox xoşbəxtəm ki, eyni zamanda absurd teatrında “Stullar” tamaşasında görkəmli sənətkarlarımız Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılovla tərəf müqabili olub, 94 yaşlı qoca qarı obrazını yaratmışam. Bu çox eksentrik bir obrazdır. O qadın həm cavandır, həm qocadır, həm əzazildir, bir sözlə müxtəlif xarakterləri özündə cəmləşdirib. Yeri gəlmişkən bu il mən teatrdakı fəaliyyətimə, iki tamaşaya görə “Sənətkar” medalına layiq görüldüm. Buna görə ilk növbədə Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətova dərin təşəkkürümü bildirirəm. Məhz onun sayəsində “Stullar” tamaşası ərsəyə gəlmişdi. Təbii ki, İlkin Mehdiyevin rejissorluğu ilə. Xarici səfirliklərin nümayəndələri bu tamaşaya baxıb bizi xarici ölkələrə dəvət etmişdilər. Təəssüf ki, ezamiyyət ərəfəsində lənətə gəlmiş pandemiya başladı. Allah mənim tərəf müqabillərimə, ümumiyyətlə bütün sənətçilərə uzun ömür can sağlığı versin ki, biz bu tamaşanı xarici tamaşaçılarımıza da göstərə bilək.
- Hal-hazırkı fəaliyyətinizdən də danışmağınızı istərdim.
- Mən Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam, bu universitetin professoruyam. Hal-hazırda artıq 4-cü mövsümdür ki, rejissor Rüfət Şahbazovun “Ata ocağı” serialında Şəfiqə obrazını canlandırıram. Rejissorumuz başda olmaqla çox gözəl kollektivimiz var. Nə yaxşı ki, bu seriallar var. Çünki bura çox gözəl aktyorlar cəlb olunur, istedadlar aşkar olunur, xalq da həmin cavanları tanıyır, onlar da seriallarda çəkilməklə sənətlərini daha da püxtələşdirirlər. Həm maddi, həm də mənəvi cəhətdən seriallar incəsənət xadimlərinə çox kömək edir.











Telegram kanalımız