YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Mən bu ölkədə bir adamla işləmişəm, heç kim mənə tapşırıq verə bilməzdi” - Rasim Məmmədov

“Mən bu ölkədə bir adamla işləmişəm, heç kim mənə tapşırıq verə bilməzdi” - Rasim Məmmədov

Kriminal

30 Sentyabr 2022 18:58 2999


Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” MMC-nin sabiq Rasim Məmmədovun məhkəmə iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda şahidlərin ifadələri dinlənilib. Dinlənilən şahid Əliməmməd Hüseynov ifadəsində deyib ki, o, Rasim Məmmədovu və “Baku Steel Company”də maliyyə direktoru olmuş Mübariz Səmədovu uşaqlıq dostu olan Yusif Əhmədzadənin vasitəsilə tanıyıb. Bildirib ki, Rasim Məmmədov vaxtilə Yusif Əhmədzadə ilə dost olub: “Mübariz Səmədov mənə dedi ki, sənə ayda 500 manat pul veriləcək, adına şirkət açaq. Mənim də pula ehtiyacım vardı, ona görə razılaşdım. Mənə demişdilər ki, Rasim Məmmədovun şirkətidir...”, - deyə Əliməmməd Hüseynov ifadəsində deyib. O bildirib ki, ayda təxminən iki dəfə şirkətin ofisinə, yaxud vergi orqanına gedib, şirkət adından sənədləri imzalayırdı. Hüseynovun sözlərinə görə, Rasim Məmmədovu bir dəfə - metronun “Xətai” stansiyasının yaxınlığındakı ofisdə yığıncaqda görüb.

Təqsirləndirilən Məmmədov isə bu şirkətin ona məxsus olması barədə iddialarla razılaşmır. Deyir ki, o şirkətin əsl sahibi başqası olub. Amma həmin şəxsin kimliyini açıqlamayıb:

“Əgər o şirkət mənim olsaydı, öz adamımı təyin edərdim. Bir dəfə tanıdığım Cəfəri təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, “çıxar onu”. Mən də çıxardım...”

Məhkəmədə dindirilən başqa bir şahid Samir Məmmədov uzun illər “Baku Steel Company”, “Azeri Steel-2009” şirkətlərində satış meneceri işləyib. 2008-ci ildə Rasim Məmmədova məxsus “Wortex” şirkətində satış meneceri kimi fəaliyyətə başladığını deyən Məmmədovun sözlərinə görə, 2013-cü ildə “Azeri Steel”-ə eyni vəzifəyə göndərilib. 2015-ci ildən “Baku Steel Company”nin satış meneceri olub, bir müddət sonra isə yenidən “Azeri Steel”ə qaytarılıb: “Bu yerdəyişmələrin səbəbi mənə məlum deyildi. Harda işləmək barədə göstəriş verilirdisə, orada da gedib işləyirdim”.

Onun sözlərinə görə, “Azeri Steel”də kassa məsələsinə də baxırdı: “Biz “Azeri Steel” şirkətində “Baku Steel Company”nin armaturlarını satırdıq. Mal satışından gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala verilirdi. “Azeri Steel”dən Rasim Məmmədova da bir neçə dəfə pul aparıb vermişəm. Elə olurdu özünə, elə də olurdu, köməkçisinə verirdim. 100 min apardığım olub, 200 min olub...”

O, məhkəmədə Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə fərqli danışıb. Deyib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu. Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. Məsələn, 1 milyon “Şüşəli bazar”ın yanında (“Elmlər Akademiyası”nın yaxınlığı) torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə...

Təqsirləndirilən Məmmədov onun yalan danışdığını, əleyhinə saxta şahidlərdən istifadə olunduğunu iddia edir.

“Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi...”, - bunu da Məmmədov məhkəmədə çıxışında vurğulayıb.

Daha sonra şahid Bəxtiyar Kələşov bildirib ki, şirkətdə metal qəbuluyla məşğul olub. O istintaqa verdiyi ifadəsində göstərib ki, zavodun 3 milyon 400 min manat kəsri olub. Ancaq məhkəmədə bildirib ki, istintaqa verdiyi ifadəsində belə söz deməyib: “Müstəntiq özü mənə dedi ki, sənədlərdə belə bir şey var. Ancaq mən özüm belə bir şey deməmişəm”. 

Şahid bildirib ki, ibtidai istintaqda ifadə verərkən otaqda müstəntiqdən başqa auditor və vəzifəsini bilmədiyi başqa iki nəfər də olub. 

Rasim Məmmədov deyib ki, bu adam zavodda metal işinə baxıb, kimin zavoda nə göndərməsindən xəbəri olmayıb: “Bu hardan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”. 

Sonra Mübariz Səmədov ifadə verib. O ifadəsində göstərib ki, Rasim Məmmədov həbs olunmamışdan iki ay əvvəl onu DTX-ya çağırıblar: “Azeri Steel-ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orda nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı. Şahid ifadəsinə davam edərək bunları deyib: “DTX-dan çıxandan sonra gəldim “Azeri Steel” şirkətinə, şirkətin 10 illik hesabatı ilə bağlı məlumatları iki flaşkarta yığdım, özümdə saxladım. Rasim Məmmədov tutulan ərəfədə məni yenə DTX-ya apardılar. Həmin gün Rasim Məmmədova yaxın olan adamarı gecəyarı buraxsalar da, məni səhərədək saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver ki, evində axtarış aparaq. Yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Mənə orada təzyiqlər göstərdiklərinə görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçiləri maaşları və zavodun digər xərcləri çıxılıb, 85 milyon gəlir qalıb. O 85 milyon manatdansa kod adları altında kimə nə qədər verilib, hamısı vardı. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahəti üçün xərclənən pullar, yuxarı-1, yuxarı-2, o yuxarı (bu yerdə Rasim Məmmədov dillənir ki, “o yuxarı mən olmuşam). 

Məhkəmənin növbəti iclasını oktyabrın 3-nə təyin edib.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!