Ermənistanda Baş nazir Nikol Paşinyan və komandasının əleyhinə etirazlar davam edir.
Yenisabah.az xəbər verir ki, demokratik dəyərləri əlində bayraq edərək inqilabi yolla hakimiyyətə gələn Paşinyan etirazları güc tətbiq etməklə yatırtmağa çalışır. Maraqlıdır ki, Ermənistan siyasi rəhbərliyinin anti-demokratik addımlarına Qərbdən hər hansı etiraz eşidilmir.
Mövzu barədə saytımıza danışan Demokratik İslahatlar Partiyasının (DİP)sədri, millət vəkili Asim Mollazadə Ermənistanda baş verənlərin qarşılıqlı zorakılıqla müşayiət olunmasına diqqət çəkib. “Zorakılıq aktları təkcə siyasi hakimiyyət tərəfindən deyil, etirazçılar tərəfdindən də edilir. Yəni, baş verənlərə qarşılıqlıdır. Azadlıq Radiosunun binasının zəbt edilərək talan olunması, jurnalistlərin döyülməsi, “Soros” Fonduna hücum və ofisin dağıdılması buna misal ola bilər. Dominos pizza
Siyasi hakimiyyətə gəlincə, Paşinyan və komandası demokratik iqtidar kimi dəyərləndirilsə də, əslində onun Baş nazir olmasından sonra Ermənistanın siyasi səhnəsində repressiv addımların şahidi olduq. Bundan əlavə, Paşinyan hakimiyyəti faşist Nijde Qaragenə abidə ucaltmaqla nasizmə dəstək verdiyini açıq şəkildə nümayiş etdirdi. Maraqlıdır ki, bütün bunlar Qərb dairələri tərəfindən sükutla qarşılanır.
Mən Avropa Şurasının Monitorinq Komitəsində bu məsələləri qaldırmışam. Bildirmişəm ki, əgər söz azadlığı sizin üçün qırmızı xətdirsə, o zaman nə üçün Ermənistanda jurnalistlərin döyülməsinə, Azadlıq Radiosunun ofisinin darmadağın edilməsinə sükutla yanaşırsız? Niyə siyasi həbsləri görməzdən gəlirsiniz? Hanı Avropa Şurasının Ermənistan üzrə müşahidəçisi?
Təsəvvür edin, Ermənistanın keçmiş vitse-spikeri bəyan edirdi ki, çayları zəhərləməklə azərbaycanlıları məhv etməliyik, yaxud bu ölkənin Avropa Şurasındakı nümayəndəsi deyirdi ki, Mingəçevir su anbarına ballistik raket atıb azərbaycanlıları suda boğmalıyıq və s. Bunlar hamısı insanlığa qarşı cinayət çağırışlarıdır. Amma Qərb susur”, - deyə partiya sədri bildirib.
Deputatın fikrincə, Qərbin, xüsusilə Avropa strukturlarının baş verənlərə susmasının səbəblərindən biri zəngin ermənilərdən təşkil olunan diasporlarla bəzi beynəlxalq təşkilatların və siyasi fiqurlar arasında korrupsiya əlaqələrinin olmasıdır. “Bu çox narahatedici məsələdir. Avropanın özü üçün mənfi nəticələrə gətirib çıxara bilər. Onsuz da hazırda Avropa da demokratiya böhranı yaşayır. Bu gün Avropada nasizmin dirçəlməsi, islamafobiya, yəhudilərin döyülməsi və s. bu kimi halların şahidi oluruq. Belə bir narahatedici, mənfi tendensiyanın fonunda Ermənistan kimi məzmunu və mahiyyəti faşizmdən ibarət olan bir dövlətin cinayət xarakterli addımlarına göz yummaq demokratik dəyərlərə xəyanətdir. Mən onlara bildirmişəm ki, siz öz dəyərlərinizə xəyanət edirsiniz.
Azərbaycan faşizmlə mübarizədə 300 000 qurban verib. Faşizmin tarixin arxivinə göndərilməsi demək olar ki, Azərbaycan neftçilərinin enerjisi ilə baş tutub. Bu bizim faşist Nijde Qaragenə heykəl qoyan, onu qəhrəmanlaşdıran Ermənistanla fərqimizdir. Bu fərqi görməzdən gəlmək daha çox öz dəyərlərinə xəyanət etməkdir. Bunun da kökündə heç şübhəsiz bəzi beynəlxalq strukturlar və siyasi fərdlərlə erməni diasporası arasında demokratik dəyərlərlə ziddiyyət təşkil edən korrupsiya əlaqələri dayanır”, - deyə Asim Mollazadə vurğulayıb.
Telegram kanalımız