Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə üçün görülən tədbirlərlə əlaqədar olaraq bir çox insan başqaları ilə təmasları minimuma endirməyi və evdə qalmağı üstün tutur. Hətta bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı “evdə qal” şüarını səsləndirib. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə əhaliyə ehtiyac olmadığı halda çölə çıxmamağı tövsiyyə edib.
Yeni reallıq insanların həyat tərzini və vərdişlərini dəyişdirir. Bəs insanların müvəqqəti sosial həyatdan təcrid olması onların psixologiyasına necə təsir edəcək?
Mövzu ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən psixoloq Azad İsazadə insanların seçim qarşısında olduğunu bildirib: Dördpendirli pizza
“Biz ya psixoloji komfortu, ya da fiziki təhlükəsizliyi seçməliyik. Aydındır ki, biz evdə oturmaqla müvəqqəti olaraq özümüzü virusdan qoruyuruq. Söhbət ondan getmir ki, biz evdə oturmaqla virusa qarşı mübarizə aparırıq. Evdə oturmaqla biz sadəcə səhiyyə sisteminə imkan yaradırıq ki, o bu problemdən hansısa yolla çıxış tapsın. Çünki İtaliya və İrandakı kimi xəstələrin sayı çoxalsa, səhiyyə sistemi iflic olacaq. Bu təkcə Azərbaycana aid deyil, digər ölkələrdə də vəziyyət belədir. Sözsüz ki, biz bir müddət nədənsə imtina etməliyik.
Statistikaya baxanda görürük ki, insanların bir qismi xəstəliyi yüngül formada keçirir. Sözsüz ki, buna qarşı vaksin də hazırlanır".
Psixoloq artıq insanlarda koronafobiyanın yarandığını bildirir:
"Bütün bu proseslər bir sıra psixoloji təsirlər də yaradır - qorxular, həyəcanlar və s. Hətta mənə koronafobiya ilə bağlı müraciət edən olub. İstisna etmirəm ki, təhlükə biraz azalanda, yəni epidemioloqların işi azalanda, psixoloq, nevropatoloqların, psixiatrların işi çoxalacaq. Virus səngidikdən sonra bütün psixoloji gərginlik ortaya çıxacaq".
A.İsazadə hazırda Azərbaycanda koronavirusla bağlı həyata keçirilən tədbirlərin müsbət psixoloji təsirləri olduğunu da vurğulayıb:
"Bu qadağalarla Bakıda tıxac azaldıb, avtobusları dayanacaqda çox gözləmirik, boş yer tapırıq. Havanın çirklilik səviyyəsi xeyli aşağı düşüb. Bunlar stressi azaldan faktorlardır".
O, psixoloji ziyanların minimum olması üçün insanları koronavirusdan qorxmamağa çağırıb:
“Gərgin vəziyyətdə insanlara nəsə tövsiyyə etmək çətindir. Təhlükəni gözləməkdənsə, təhlükənin içində olmaq insanı daha çox rahatladır. Bu bir növ hansısa imtahan sınağını gözləmək kimidir. İnsan imtahana girdikdən sonra onun həyəcanı çəkilib gedir. Biz xəsətələnməliyiksə, xəstələnəcəyik, bundan qaçış yoxdur. Xəstələnmək qorxusu xəstəliyin özündən daha çox bizə ziyan vurur. Xəstəlik barədə çox düşünməyin, istirahət edin, ailənizlə vaxt keçirin”.
Sabrina Eldarqızı
Telegram kanalımız