Məsud Pezeşkiana çox da etibar etmirəm. Niyəsini deyim...   - TƏHLİL

saytların hazırlanması

Evə çatdırılma

Məsud Pezeşkiana çox da etibar etmirəm. Niyəsini deyim... - TƏHLİL

Siyasət

27 İyun 2024 15:35 800


Məsud Pezeşkian deyir: “Mən mühafizəkaram, amma islahat istəyən mühafizəkar!” Təəccüblüdür? Bir adamda iki cəhət necə birləşə bilər? Amma bu prezidentliyə namizədin ona ümid bəsləyən və kənardan maraqla izləyənləri heyrətləndirəcək başqa oxşar bəyanatları var: “Mən Rəhbərin (Ayətullah Xamnəi – red.) ümumi siyasətinə bağlı adamam və onun xəttini izləyirəm”. 

Belə olan halda, Məsud Pezeşkian, həqiqətən, islahatçı namizəd sayıla bilərmi?

Düzü, o, adamı bir qədər ürküdür. pizza

 

Yada düşən xatirələr

İrandakı mövcud seçki mənzərəsi nədənsə 2009-u və 2022-ni xatırladır: seçicilərlə görüşlərdə dalğalanan füruzəyi bayraqlar “yaşıl inqilab”ın rəmzinə oxşayır, yalnız çalar fərqi var – tünddən açığa. “Bərai İran” (“İran üçün”) şüarı da 2 il əvvəlki kütləvi etirazlar zamanı peyda olan və “Emmi” mükafatı almış müğənni Şervin Hacipurun “Bərai” mahnısını yada salır...

Təsadüfdür?

Üstəlik, Məsud Pezeşkian Məhsa Əmininin ölümünə görə İran hakimiyyətini ittiham edən nadir siyasətçilərdən biridir.

Bəzən təsəvvürdə qorxunc ssenarilər canlanır. Onlardan ən ürküdücüsü kütləni evdən çıxarıb seçki qutusuna yönəltməyə çalışan islahatçı cinahın məğlubiyyət halında elektoratı etirazçı axına çevirməsidir.

Məncə, bu ilğımı təkcə İrandakı bəzi siyasi fəallar deyil, xaricdə də görənlər var. “Rusiya seçkilərin nəticəsindən narahatdır!” iddiasında olanlara da haqq qazandırmağa dəyər (Bəziləri İbrahim Rəisinin helikopter qəzasında ölümündən bəri təxminən 50 gündə prezident əvəzi Məhəmməd Müxbirlə sayca 3 telefon söhbətini məhz bununla əsaslandırır). 

Bəlkə də Məsud Pezeşkian özü bunu duyur, buna görə də idarəçilik əyrilikləri və cəmiyyətin qabarıq gözləntiləri barədə alovlu çıxışlarına baxmayaraq, İslam Respublikasındakı mənfiliklər quyusunun dibinə enməyə lüzum görmür.

 

Zorən islahatçı

Bunu “Əsre İran” qəzeti də dəqiq sezib. 6 namizədə (Əmirhüseyn Qazizadə Haşiminin və Əlireza Zakaninin geri çəkilməsi ilə artıq say 4-ə enib) verdiyi səciyyədə o, Məsud Pezeşkiana belə tərif verir: 

“Onun mühərriki hələ tam işə salınmayıb və özü də gözləntiləri doğrultmayıb. Sanki hələ də Nəzarətçilər Şurasının süzgəcindən keçdiyinə və geniş mötədil-islahatçı cinahın prezidentliyə namizəd kimi dəstəklədiyinə inanmır. Hazırda onun ən mühüm rəqibi bəzən seçici bazasının xoşuna gəlməyən şeyləri söyləməsidir. Pezeşkian tərifləri bir kənara qoymalı və ona dəstək olan ictimai axını təmsil etməlidir, əks halda, ehtiyac duyduğu dalğa cuşa gəlməyəcək”.

Düz sözə nə deyəsən?!

Üzdən görünən budur ki, Məsud Pezeşkianın əsas dəstəkçisi və himayədarları mötədil-islahatçı Həsən Ruhani administrasiyası üzvləridir. Xüsusən, Cavad Zərif və keçmiş rabitə naziri Azəri Cəhromi təbliğat kampaniyasında dərindən-qabıqdan çıxırlar. Pezeşkianın bundan xoşhal olduğunu düşünmürəm. 

İlk çıxışlarında belə o, Məhəmməd Xatəmi hökumətinin üzvü kimi “islahatçı administrasiya”nın siyasi yolunu gedəcəyini bildirib. Xatəmi də ona verdiyi siyasi dəstəyi 2 dəfə təkrarlayıb. Bununla belə, rəqiblər, xüsusilə Əlireza Zakani xəbərdarlıq edir: “Pezeşkianın qələbəsi üçüncü Ruhani hökumətinin qurulması deməkdir. Buna imkan verməyəcəyəm!”

Rəqib namizədlərin və rəqib elektoratın islahatçılara nifrətini bilərək Pezeşkian iki od arasında qalıb: nə Həsən Ruhaninin də təmsil olunduğu cinahın dəstəyindən imtina edə bilir, nə də adının onunla birgə çəkilməsini istəyir.

 

Meritokrat, yoxsa separatçı?

Tərəzinin bu gözündə olan başqa bir məsələ Məsud Pezeşkianın etnosentrizmə meyilliliyidir. Bu bəzən separatizm həddinə çatır. Pezeşkiana pantürkizm barədə sual verilərkən o, İran türklərinin hakimiyyətdə təmsil olunmaması barədə yalan danışır, ölkədə bircə milliyyətcə kürd vali olmadığını dedikdsə isə açıq-aşkar ikiüzlülük edir. 

İranda mövcud etnik qruplara müraciətində Məsud Pezeşkianın “Mən ləyaqətli sünnilər tanıyıram ki, bacarıq və səriştələrinə baxmayaraq, sadəcə bəzi insanların qapalı zehniyyəti və qüsurlu sistemləri ucbatından onlara düzgün mövqe və vəzifə verilmir” iddiası daha çox seçicini cazibəsinə çəkməyə yarıyır, amma eyni zamanda, İslam Respublikasının “qırmızı xətlər”inə yaxınlaşmaqdır.

Anti-korrupsiya və meritokratiya (rəhbər vəzifələri sosial mənşəyindən və maddi sərvətindən asılı olmayaraq, ən bacarıqlı insanların tutması – red.) çağırışları edən bu namizədə islahatçıların özü belə zənn-gümandadır. Sözümü yarımçıq qoyub diqqəti elə islahatçılara məxsus “Sazəndegi” qəzetinin Məsud Pezeşkianla bağlı yazdığına çəkirəm: 

“...müsbət cəhəti yaxşı reputasiyasıdır. İnsanlar onu rüşvətxor siyasətçi kimi tanımır və danışığında fürsətçilik əlamətləri görmürlər. Ailəsi indiki İran siyasətçilərinin “standartlar”ından daha sağlamdır və onların həyatında korrupsiyadan əsər-əlamət yoxdur”.

Bu tərifdən sonra:

“...bir çox səbəblərə görə Məsud Pezeşkian sosial demokrat adlandırılmalıdır və o, şəkk-şübhəsiz, liberal kateqoriyasına daxil edilə bilməz. Pezeşkian iqtisadi azadlığın müdafiəçisi deyil və özəlləşdirməni şərti qəbul edir. Buna görə də liberalların Pezeşkiana münasibəti ikilidir: birincisi, onun federalist ideyalarını tənqid edir; ikincisi onu sosialist hesab edirlər.

Pezeşkian prezident olarsa, o, qiymət çərçivəsini (əsas istehlak malları üçün rəsmi tənzimləmə) aradan qaldırmayacaq və özəl sektoru genişləndirməyəcək, biznes onun hökumətində, sözün əsl mənasında, azad olmayacaq və hökumətin biznesə müdaxiləsi azalmayacaq...

Məsud Pezeşkian diplomatiyada balansın müdafiəçisidir. O, anti-qərbçi deyil və özünü Şərq aşiqi hesab etmir. Diplomatiyada tarazlıqla onun hökuməti böhran dövründə milli maraqları güdə bilər. Bacaracağı iqtisadiyyatı daha proqnozlaşdırıla bilən etmə və Qərblə münasibətlərdə qeyri-müəyyənliyi azaltmaq olacaq”.

Əziz Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!