Məlum olduğu kimi, son illər Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı artıb. Bunu statistik rəqəmlər də sübut edir. Statistikaya əsasən, 2000-2005-ci illər arasında bu bəladan əziyyət çəkənlərin sayı 14 min civarında idisə, son beş ildə 20 mindən yuxarı olub, hətta 2017-ci ildə 30 min 131, 2018-ci ildə isə 31 min 432 nəfər müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub.
Vəziyyətin kifayət qədər acınacaqlı olduğunu qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı da sübut edir. Məsələn, təkcə 2020-ci ilin ilk üç ayında 630 kq 874,4 qr narkotik maddə dövriyyədən çıxarılıb. Bəs bu maddənin insan sağlamlığına nə kimi zərəri var? İlk əvvəl bildirək ki, mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə mənası “yuxu, bihuşluq” deməkdir və “mania” – “cəzb etmə, ağılsızlıq” anlamına gəlir. Bu maddələr əvvəlcə tibdə istifadəyə başlanıb. O insan düşüncəsinə təsir edən və müəyyən mənada beyni tənzimləyən bir maddədir. Lakin təəssüf ki, bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərə səbəb olur. Mütəxəssislərin sözlərinə görə, gənc yaşda narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Adətən, narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çox olur. Çünki narkotik maddələrin bir çoxu şprislə qana ötürülür və narkoman qrupları əksərən eyni şprisdən istifadə edirlər. Ona görə də narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasında əsas faktorlardandır. Həmçinin narkomanlarda şəkər diabeti də geniş yayılıb. Buna səbəb isə markotik maddə alverçilərinin heroin və kokainə şəkər tozu qatmasıdır. Diqqətə çatdırmaq lazımdır ki, alverçilərin bu addımı atmasının da xüsusi səbəbi var. Belə ki, əgər şəxs heç bir qarışığı olmayan narkotik maddə qəbul edərsə, zəhərin güclü təsirindən həmin an ölə və ya şikəst ola bilər. Təbii olaraq, narkomanlar haqqında nə qədər araşdırma aparsaq da, onların özlərini necə hiss etdiklərini tam olaraq bilə bilmərik. Məhz bunu öyrənmək üçün vaxtilə bu bəlaya düçar olmuş şəxslərdən biri ilə söhbətləşmək qərarına gəldik.
Yenisabah.az müsahibəni təqdim edir: pizza mizza
- Narkotikadan əziyyət çəkən adamların öz hekayələri olur. Kimini var-dövlət, kimini də yoxsul həyat bu yola çəkir. Sizin "ağ ölüm"lə tanışlığınız necə başlayıb?
- Təxminən 15 il əvvəl bu bəlaya düçar olmuşam. Həmin vaxt 20 yaşım var idi. Tələbəydim, sonuncu kursda oxuyurdum. Kef məclislərinin birində tanıdığım uşaqlarda heroin var idi. Özümüzü “krutoy” hesab edən vaxtlarımız olduğundan dedik ki, bir bunun dadına baxaq və “ağ”ı burunumuza çəkdik. Hər şey də bundan sonra başladı. İlk vaxtlar ancaq “burun gedirdik”, yəni, damara vurmurduq. Asılılıq artdıqca doza da artırdı. Artıq pul çatdıra bilmirdik, ona görə də başladıq damara vurmağa.
- Elə ilk dəfədən asılıq yaranır? -
- Əslində yox. Sadəcə sən o həzzi yenidən yaşamaq istəyirsən. Daha sonra bu psixoloji asılılığa çevrilir. Çoxları deyir ki, “mal” vurmayanda ağrılar olur. Biz buna “lomka” deyirik. Amma ağrılar 2-3 gün davam edir. Əsas psixoloji asılılıqdır. Bundan qurtarmaq çətin olur. Adam var ki, 3-5 il tərgidib, amma sonra yenə başlayıb. Təsəvvür edin, hər dəfə onun adı çəkiləndə, yaxud bunu birgə elədiyin adamları görəndə yenə köhnə günlərinə qayıtmaq istəyirsən. Adətən, elə qayıdırsan da...
- Elm sübut edir ki, narkotik maddələrdən asılı olan adamlar heç də həmişə öz dünyalarında olmurlar. Narkotikanın təsiri keçəndən sonra bu əməlinizə görə peşmanlıq hissi keçirmisiz? Ziyanın yarısından qayıtmaq üçün qərar verdiyiniz vaxtlar çox olub?
- Dəfələrlə... Ümumiyyətlə, narkomanların həmişə “mal”ı vurandan sonra ilk sözləri tezliklə bundan yaxa qurtaracaqları olur. Amma böyük əksəriyyət səhəri gün bu dediklərini unudur.
- Statistik məlumatlara görə, hazırda ölkədə narkotik maddələrin asılılığından əziyyət çəkən adamların sayı 30 mindən bir qədər çoxdur. Sizcə, bu rəqəm reallığı əks etdirirmi? Qeydiyyatda olmayan narkomanlar çoxdurmu?
- Məncə, real deyil. İndi narkomaniya çox yayılıb. Çünki yeni narkotik maddələr, psixotrop maddələr çıxıb. “Kakos”, “şüşə” və s. Gənclərin çoxu indi ya “kakos”, ya da “şüşə” çəkir. Onların çoxunu aldadırlar ki, burda problem yoxdur. Damara vurmursan ki, sadəcə çəkirsən. Amma “kakos” və “şüşə”nin asılılığı daha dəhşətlidir. 1-2 ay çəkəndən sonra artıq damarını deşmək məcburiyyətində qalırsan. Çünki “doza” artdıqca pul çatdıra bilmirsən. Məsələn, biri var ki, 30 manat verib yarım qram “kakos”u çəkəsən, bir də var 10 manat verib 1 “çet”(0.25) alıb damara vurasan. İndiki gənclər bax belə tələyə düşür.
- Deyirlər ki, oturub-durduğumuz, üz-üzə əyləşdiyimiz adamların narkoman olmasından çox vaxt xəbərimiz olmur. Bu cür ağır xəstəlikdən əziyyət çəkdiyiniz halda, bunu necə gizlədə bilirsiniz?
- Boş söhbətdir. Narkomanı tanımağa nə var ki... Qoy onun “lomka”sı gəlsin, görüm özünü necə gizlədir? Əgər kimsə “mal” vurubsa, o bunu heç vaxt gizlədə bilməz. Hərəkətlərindən, danışığından dərhal bilinəcək. Ola bilər, elə insanlar var ki, ümumiyyətlə, bu barədə heç nədən xəbəri yoxdur. Bəlkə onlar bilməz. Məsələn, narkomanı “trixat” (titrəmə) tutanda elə bilər ki, yəqin ona soyuqdur, yaxud “taskalayanda” (eyforik vəziyyətdə başı ləngər vuranda) düşünər ki, yəqin yetim o qədər işləyib ki, yorulub yuxulayır. Amma belə şeylərdən az-çox xəbəri olanlar dərhal biləcək ki, qarşısındakı bu adam narkomandır.
- Narkomanlarla bağlı bəzən ağıla sığmaz söhbətlər nəql edilir. Doğrudanmı bu xəstəliyin daşıyıcısı olan şəxs ehtiyacını ödəmək üçün anasından, bacısından, həyat yoldaşından keçməyə hazır olur?
- Elələri də olur... Onlara “konçennıy narkoman” deyirlər. Bu tip narkomanlar 1 “çet” “mal”a görə hər şey edərlər. Bilirsiniz, bu zibil adamın şəxsiyyətini məhv edir. Pulu olanlar özlərini az-çox qoruya bilir. Vay o gündən ki, narkoman olasan, pulun olmaya...
- Bu şəxslər üçün orta ömür neçə il sayılır? Narkotikadan əziyyət çəkənlər arasında 70-80 il yaşayan olur?
- Mən 80 yaşında narkoman görməmişəm. Ola bilər ki, bəlkə tərgidib və sonra həmin yaşda yenidən başlayıb. Narkomanlar daha çox “peredoz”dan ölürlər. Getdikcə doza artır və nəhayət orqanizm buna dözmür. Hepatit C, “SPİD” kimi ağır xəstəliyə tutulub ölənlər də var.
- Narkotikadan xilas olmağın mümkünsüz olduğu deyilir. Necə oldu ki, bu cür ağır xəstəlikdən müalicə oluna bildiz?
- Narkotikadan yeganə xilas yolu iradədir. Mən şəxsiyyətimi itirmək istəmədim. Ona görə də bütün məhrumiyyətlərə dözüb bu yoldan döndüm. Narkotika sayəsində tapdığım “dostlar”dan, o mühitdən uzaqlaşdım. Özümü təcrid etdim və nəhayət, yaxa qurtardım.
Sayad Həsənli
Telegram kanalımız