Elimizə, obamıza yaz gəlir. Yazın nəfəsini həm havadan, həm də insanlardakı bayram əhval-ruhiyyəsindən duymaq mümkündür. Novruz bayramına artıq sayılı günlər qalıb. Ən gözəl bayramlardan biri olan Novruzun rəngarəng adətləri də var. Bunlara bayram axşamı və ilaxır çərşənbə zamanı baxılan fallar da daxildir. Hər kəsin bildiyi kimi, bu adətlər, əsasən, gəncləri daha çox özünə cəlb edir.
Yenisabah.az ilaxır çərşənbə axşamında ediləcək adətləri təqdim edir:
1. Bu fallardan ən məşhuru qulaq falıdır. Ürəyində arzu tutan qızlar gizlincə qonşu evlərin qapısını pusmağa gedər, ilk eşitdiyi sözü arzusunun cavabı olaraq yozarlar. Ona görə də çərşənbə axşamı hamı yaxşı sözlər söyləməyə çalışar. Çünki hər zaman qapının arxasında birinin dayanıb onlara qulaq asa biləcəklərindən xəbərdardılar. Pepperoni pizza
2. İlaxır çərşənbə günü qadınlar, qızlar bir evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər. Qızlar bulaqdan, yaxud çaydan axar sudan "lal su" gətirir. Buna ona görə "lal su" deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su" deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a" deyə səs çıxarmışdır.
3. Yumurta və karandaşlar
Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş - qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır.
4. Duzlu kökə yemək
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
5. Yeddi ulduz
Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.
6. Şax konfeti
Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşam yeyib yatanda, guya adam yuxuda öz qismətini görür.
7. Subay qızlar bir evə yığışıb nişanlı qızların üzüklərinə sap bağlayaraq bir stəkanın yarısına qədər havada saxlayarlar. Bir-bir subay qızların adları çəkilərək üzüyün stəkanın divarına neçə dəfə dəydiyini sayarlar. Üzük stəkanın divarına neçə dəfə dəyərsə həmin qız elə o yaşda da ərə gedər.
Aytac Şahin
Telegram kanalımız