Elm və ədəbiyyat dünyasının ən prestijli mükafatları 120 ildir Nobel adı ilə verilir. Ancaq zamanında bu mükafata adını verən Nobel haqqında qəzetlərdə “Ölüm taciri öldü” xəbərləri çıxmağa başlamışdı. Bəs necə oldu ki, adı ölümlə hallanan bu adam, artıq mükafatla xatırlanmağa başlandı? Alfred Nobel kimdir?
1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olub. Kimyagər, mühəndis və eyni zamanda böyük bir iş adamı idi. Həyatın hər iki üzünü görmüş, həm yoxsulluğu, həm də zənginliyi yaşamışdı. Kimyaya olan marağı təkcə onun həyatını deyil, eyni zamanda başqa həyatları, hətta onların ölüm tərzlərini də dəyişdirdi.
Müharibələr, insanlıq tarixi kimi çox qədimdir, ancaq odlu silahlar qədər qədim deyil. İnsanlar sadəcə son min ildə bəzi maddələrin kimyəvi reaksiya ilə partlaya biləcəklərinin fərqinə vardılar. Və partlayıcıların bu min illik qısa tarixində 2 mühim icad edildi, barıt və dinamit. Pepperoni pizza
1863-cü ildə barıtdan sonra ən güclü partlayıcını icad edən şəxs Alfred Nobeldir. O, gündə 18 saat işləyir və müxtəlif labaratoriyalarda sayısız cəhdlər sınayırdı. Hətta bu cəhdlərin birində meydana çıxan partlayışda öz qardaşı daxil olmaqla 5 insan həyatını itirir.
Nəhayət sayısız cəhdlərin sonunda dinamitin patentini alır və 1 gecənin içində çox məşhur və zəngin olur. Bu patentlə yanaşı 355 fərqli patentə imza atır.
İsveçin dünyaca məşhur Müdafiə sənayesi şirkəti “Bofors”-u satın alır. 20 ölkədə 92 şirkət qurur və bu şirkətlərdə istehsal olunan partlayıcı maddələr həm müharibədə, həm də infrastruktur işlərində istifadə olunur. Yəni onun işləri həm savaşa, həm də sülhə fayda verir.
1888-ci ildə Parisdə çıxan qəzetlərin birində yazılan “Le marchand de la mort est mort” (Ölüm taciri öldü) manşeti həqiqətən öz ölümünü düşünməyə sövq etmişdi.
“Öldükdən sonra insanlar məni necə xatırlayacaq?” düşüncəsi ilə, sərvətinin 94 faizini insanlığa fayda verən şəxslərə bağışlamağı qərara alır. Tək öz dövründə yox, bir sonrakı dövrlər üçün də bunun davam etməsini öz vəsiyyətində bildirib.
Və beləliklə Nobel mükafatları bu şəkildə ortaya çıxıb. Hər şeyi öz vəsiyyətində qeyd edən A.Nobel, bunu 5 kateqoriyaya: fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və sülh, iqtisadiyyat(1968-ci ildə əlavə edildi) bölür.
Bağışladığı sərvətin doğru insanlara, doğru şəkildə çatması üçün Fond qurur. Nobel öldükdən sonra, 1901-ci ildə Fizika üzrə ilk Nobel mükafatını Vilhelm Rentgen alıb. Bu fondun nə qədər ədalətli seçim etdiyi hər zaman mübahisəli olub. Məsələn dünyaca məşhur Lev Tolstoy Nobel mükafatı əldə etməyənlərdəndir. Gandhi 5 dəfə namizəd göstərilməsinə rəğmən heç vaxt Nobel ala bilməyib. O öldükdən sonra isə 1948-ci ildə Norveç Nobel Komitəsi (sülh kategoriyasının mükaftını yalnız Norveçlilər təqdim edir) “Yaşayan uyğun bir namizəd” olmadığını bildirərək, o il heç kimə Nobel Sülh Mükafatı təqdim etməyib. Bunun səbəbi Nobel mükafatının sadəcə yaşayan şəxslərə verilməsidir.
Namizədlərin isə necə seçildiyi hələ ki, bir sirr olaraq qalır. Bundan başqa, mükafatı qazanan şəxslərə 1 milyon dollarlıq maddi yardım da göstərilir.
Bir zamanlar bəzilərinə görə “Ölüm taciri” olaraq bilinən birinin adı sonradan prestijli bir mükafatın adına verildi. Alfred Nobelin icadları çox insanın ölümünə yol açdı, amma sıra öz ölümünə çatdığı zaman, o ən böyük icadını bu dəfə insanlığa fayda verən şəxslər üçün etdi. Cəsarətləri, yaradıcılıqları və maraqları ilə dünyanı dəyişdirən bu insanlar da bizlərə həm ümid, həm də ilham verməyə davam edir.
Bəlkə də Alfred Nobelin həyat hekayəsi bizlərə də ilham verər və biz də öz ölüm xəbərimizi qəzetlərdə görmədən, öldükdən sonra necə xatırlanmaq istəyəcəyimizi indidən düşünməyə başlayarıq.
Ayzel
Telegram kanalımız