“Parlament komissiyalarının işinə müxalifətin cəlb edilməsi çox vacibdir. Parlamentdə hazırlanan layihələrin məhz ümummilliliyi ifadə etməsi baxımından müxalifət nümayəndələrinin iştirakını önəmli hesab edirəm”.
Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, parlament sahəsində ehtiyac olan islahatlardan söz açıb:
“Əgər islahat həyata keçirmək istəyiriksə, gərək Konstitusiyaya dəyişiklik edilsin. Əvvəlcə, parlamentin səlahiyyətləri artırılmalıdır. Eyni zamanda parlament sahəsinə nəzarət gücləndirilməlidir. Yoxsa elə-belə islahatlarla parlamentin fəaliyyətinə təsir etmək olmaz”. Dominos pizza
S.Cəlaloğlu hazırda parlamentdə varlığı bilinməyən, adlarını eşitmədiyimiz deputatlardan da söz açıb:
“Aydın məsələdir ki, saxta parlamentdir. Onsuz da o cür deputatların vəzifəsi susmaqdır.
Guya Azərbaycanda parlament görüntüsü yaratmaqdır. Deputatların hamısı Konstitusiyaya zidd olaraq bizneslə, parlamentdən kənar qanunun qadağan etdiyi fəaliyyətlə məşğuldurlar. Onlar klassik Azərbaycan millət vəkilləri deyillər. Ona görə də danışdılar, danışmadılar – bunun mənası yoxdur. Çoxu heç ora niyə düşüb bilinmir və ya çoxunun öz biznesi, günü-güzəranı var, fikri qalıb onların yanında, heç orda oturmaq istəmirlər. Ümumiyyətlə saxta parlament seçkilərinin keçirilməsinin acı nəticələrindən biri də budur ki, parlament faktiki olaraq Azərbaycan xalqının və dövlətin həyatında iştirak etmir”.
Partiya sədri qeyd edib ki, ölkədə yaranmış vəziyyətdə cüzi dəyişiklik etmək istəyiriksə, parlament seçkilərinin saxta keçirilməsi ənənəsinə son qoyulmalıdır:
“Onsuz da parlamentin elə ciddi səlahiyyəti yoxdur. Faktiki olaraq parlamentdən icra hakimiyyətinə real təhlükə mövcud deyil. Heç olmasa, qanunvericilik faəliyyətinin yüksəldilməsi üçün müxalifətin hakimiyyətə inteqrasiyası çox vacibdir. Bu, siyasi münasibətləri də dəyişə bilər.
Xüsusilə müxalifətin küçədə qalmağındansa, sistemin daxilində qalıb fəaliyyət göstərməsi daha yaxşıdır. Bu, bir tərəfdən həm qarşılıqlı nəzarətə imkan verir, digər tərəfdən həm də müxalifətin destruktiv meyllərdən uzaqlaşmasına səbəb olur. Yoxsa indi kimlərinsə dəqiqədə bir mitinq keçirməsi, üsyan səsləndirməsi müşahidə olunur. Müxalifət parlament vasitəsilə öz iradəsini ifadə edə bilsə, nə mitinqlərə, nə də üsyana ehtiyac olar. Hökumət ən azı özünü sığortalamaq istəyirsə, gərək parlamentin qapısını müxalifətin üzünə açsın. Amma Azərbaycanda prezident xalqı üçün addım atmaq istəsə də, klanlar imkan vermir. Çünki onların maraqlarına toxunan kimi dərhal dövlətdə ciddi problemlər yaradırlar”.
Günay Rəsulqızı
Telegram kanalımız