Məlum olduğu kimi, ötən gün Operativ Qərargahın brifinqində ölkəmizdə iki həftəlik ciddi karantin rejiminin tətbiq ediləcəyilə bağlı açıqlama verilib. Ciddi karantin rejiminin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək tətbiq ediləcəyi gözlənilir.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, insanlar rejimi gözləmədilər, karantin davranışlarına riayət etmədilər və sərt karantin tədbirləri məcburi vasitə kimi ortaya atıldı: “Bu gün Bakı şəhərində artıq bir neçə iri xəstəxana koronavirus xəstələrinin müalicəsinə cəlb olunub. Xəstə sayı sürətlə artır. Bizdə bu qədər çarpayı yoxdur, ona görə də çatışmazlıq özünü göstərir. Xəstə gəldiyi gün çıxmır, bəzən iki həftə və daha çox qalır. İnsanlar rejimi gözləmədilər, karantin davranışlarına indi də riayət etmirlər, nəticədə zərurət ortaya çıxıb, yəni sərt karantin tədbirləri məcburi vasitə kimi ortaya atılıb. Hər halda 1-2 həftə müddətində bəzi nüanslar aydınlaşacaq. Əlbəttə, yay vaxtı evdə oturmaq xeyli çətindir, amma görək, bu, yoluxma intensivliyinə necə təsir edəcək? Çünki bu gün Abşeron yarımadasında həm əhali sıxlığı, həm təmasların çoxluğu, həm də insanların karantin davranışlarını (sosial məsafə, dezinfeksiya, maska və s.) gözləməməsi xeyli böyük yoluxma potensialı yaradıb. Bu xəstələrdə yavaş-yavaş klinik simptomatika üzə çıxır. Lakin xeyli xəstə də xəstəliyi simptomsuz keçirir, bunu da nəzərə almaq lazımdır”.
Həkim qeyd edib ki, hazırda virus üçün dərman məsələsini kənara qoymaq lazımdır: “Biz hələlik real olandan yapışmalıyıq. Məsələn, SARS təxminən 6-7 ay mövcud oldu. Mənim pronozuma görə, bu virus da payıza yaxın səngiməlidir. Dövrü uzun olmayacaq. Çünki koronaviruslar genetik baxımdan mutasiya qabiliyyətinə görə bir-birinə yaxındırlar. Əslində, bəzi ölkələrdə o, lokallaşdırılıb. Azərbaycanda da lokallaşdırılırdı. Sadəcə olaraq insanlar səhlənkarlıq etdilər, sürətlə yoluxma oldu və ikinci bir reinfeksiya yaşandı. Bildirim ki, buna ikinci dalğa demək olmaz, çünki proses azalıb təkrar intensivləşdi. Nəticədə biz bu işlərə getməyə məcbur olduq. Amma infeksiyanı lokallaşdırmaq olardı”. pizza mizza
Adil Qeybulla diqqətə çatdırıb ki, viruslar bölünüb çoxalmırlar, bunlar hüceyrə deyil, onlar öz surətini yaradırlar: “Sürətini yaratma prosesində insan orqanizmində müxtəlif biokimyəvi proseslər gedir. Yüksək temperatur, dərman təsirləri və s. olur. Virusun fenotipində müəyyən dəyişikliklər baş verir. Mutasiya ona deyirlər. Bu həm də xassə dəyişikliyinə gətirir. Deməli, virus artıq zəifləyə, xəstəlik törətmə qabiliyyətini itirə və bununla da yoxa çıxa bilər. Adətən bu cür də baş verir”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız