“Pandemiya xroniki təşvişlərin, panik atakların artmasına səbəb olacaq”   - Psixoloq

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiya xroniki təşvişlərin, panik atakların artmasına səbəb olacaq” - Psixoloq

Sağlamlıq

09 Aprel 2020 14:07 1230


Dünyanı cənginə alan koronavirus pandemiyasının qarşısını almaq hələki mümkünsüz görünür. Çünki artıq virusa yoluxanların sayı 1.5 milyonu keçib. Azərbaycanda da COVİD-19 daşıyıcılarının sayı artır. Yaşanan ağır günlər insanların psixologiyasına müəyyən qədər təsir edir, təşvişə düşənlərin sayı günbəgün artır. Çünki sanki ilk dəfə insanlar həyatın nəbzini tuta bilmirlər. Olanlar, olacaqlar onları çaşbaş qoyub.

Yenisabah.az-ın pandemiyanın insan psixologiyasına təsiri ilə bağlı bu və ya digər suallarını psixoloq Aytən Ələkbərova cavablandırıb: 

- Aytən xanım, bildiyiniz kimi, karantin rejimidir və insanlar evdən bayıra icazə ilə çıxırlar. Maraqlıdır, qapalı həyatın mənfi və müsbət tərəfləri nələrdir?  pizza

- Bu müddət ərzində evdə oturmağın mənfi tərəfləri odur ki, ailədaxili münaqişələrin artmasına gətirib çıxara bilir. Çünki sanki insanlar bugünədək işdə çox olduqları üçün bir-birləri ilə effektiv ünsiyyət qura bilməyiblər. Müsbət tərəfi isə odur ki, artıq ailədə şəxslər özlərini yenidən kəşf edirlər. Evdə oturduqca düşünürlər ki, mən əbəs yerə ailəmə söz salmışam, əbəs yerə normal fikirləri başqa cür anlamışam. Nəticədə problem olduqda müzakirə ilə həll yolunu tapmağa çalışırlar. Fikirlərini irəli sürə bilirlər. 

- Karantin rejiminin müddəti uzanarsa, insanların hal və hərəkətlərində hansı dəyişikliklər baş verə bilər? 

- Karantin rejimi uzanarsa, az əvvəl qeyd etdiyimin əksi də ola bilər. Məsələn, insanlar bir-birini yaxından tanıdıqca çox fərqli dünyalarının olduqlarını da görə bilərlər. Ailədaxili münaqişə insanların psixi xüsusiyyətlərinin bir-birinə uyğun olmaması nəticəsində baş verir. Bəzən işləyən insanlar bunun fərqinə çox vara bilmirlər. Lakin evdə olan zaman bunu dərk etmək üçün kifayət qədər vaxt olur. Xüsusiyyətlər uyğun olmadıqda sanki görüntü xatirinə ailə olurlar. Statistikaya baxanda boşanmaların sayının artdığını görəcəyik. Bir çox ölkələrdə artıq onlayn şəkildə boşanmalara ərizələrin sayı artıb.

- İstənilən böhran gender əsaslı zorakılığı artırır. Azərbaycanda bu özünü necə göstərəcək? 

- Zorakılıq halları da ola bilər. Bəzən görürük ki, yaşlı nənə-baba arasında da bu münasibətlər geniş vüsət alır. Hətta zəng vurarkən “Ay bala, mən neçə ildir, bu insana necə dözmüşəm? Sən demə mən qəhraman imişəm. Amma artıq dözə bilmirəm” kimi ifadələr işlədirlər. Təsəvvür edin, bunu 65 yaşından yuxarı bir insan deyir. Sualımda deyirəm ki, ay nənə bu yaşda boşanmaq istəyirsən, bəs el qınağından qormursanmı? “Artıq bezmişəm” deyərək cavab verir. Təbiidir ki, onlar belə bir addım atmırlar, amma onları sakitləşdirənədək onların içərisindəki bu düşüncə onları incidir. 

- Necə düşünürsüz, karantin rejimi az da olsa, kişilərin xanımlarının işinin ağırlığını anlamasına kömək edərmi? Yoxsa elə bizdə belə gəlib, belə də davam edəcək? 

- İnsanlar bir-birlərini nə qədər çox kəşf edə bilirlərsə, o qədər xoşbəxt olurlar. Bir kişi evdə oturaraq öz xanımının nə qədər cəfakeş, fədakar olduğunu gözləri ilə görür. Nəticədə xanımına qarşı müsbət fikirləri daha da dolğunlaşır. Bir bəy öz xanımının fədakarlığını görsə, onu daha çox sevəcək. Görür ki, xanımı həm işləyir, həm evdə kifayət qədər qayğıkeşdir, həm sosial fəaliyyəti var, həm mətbəx işlərini edir, həm də övladına vaxt ayırır. Bu zaman xanımına dəyər verməməsi yəqin ki, mümkün deyil. Amma xanımlar bəylərdən bir qədər fərqlidirlər. Kişilərin evdə çox olması onların təmizlik işlərinə mane törədə bilir. Bu zaman da söz-söhbət yaran bilir. Xanım həyat yoldaşı içəri girən kimi “ayağını qaldır, burnı silirəm, oranı silirəm” deyir ki, bu da aqresiyanın yaranmasına səbəb olur. 

- Pandemiya insanlarda hansı izləri buraxacaq? 

- Əsasən xroniki təşvişlərin, panik atakların artmasına səbəb olacaq. Pandemiya həm də iqtisadi baxımdan ciddi təsir göstərəcək. İnsanların iş rejimi pozulub. Evdə qalarkən nə qədər xərclər az olur desək də, əksinə daha da çoxalır. Evdə oturan insan yeməkdən, çərəzlərdən daha çox istifadə edir. Nəticədə məvacibini itirə bilir. Bu da psixoloji gərginliklərə, xroniki panic atakların yaranmasına səbəb olur. 

- Azərbaycanda olmasa da, dünyada gün ərzində yüzlərlə, hətta minlərlə insan ölür. Bundan hansı yöndə dərs çıxarmalıyıq? 

- Bəzən görürük ki, gün ərzində dünyada minlərlə insan ölür. Ölən insanların hamısı təbii ki, koronavirusdan ölmür. Statistik məlumatlar göstərir ki, ölənlər daha çox xroniki ürək-damar sistemindən, şəkər xəstəliyindən əziyyət çəkən insanlardır. Həmçinin xərçəngdən dünyasını dəyişən insanlar da olub. Lakin koronavirusdan ölənlər də az deyil. Bu bir növ insanları bioloji sülhə çağırır. Çünki bioloji sülhün içərisində insanlar bir-birlərinin qədrini bilməyə başlayır. Pis insan öləndə də adam halallıq verir. Müsəlman olaraq bizim dediyimiz bir cümlə olur ki, o haqq dünyasındadır, mən nahaq dünyada… Ona görə də insanlar vaxtında bir-birilərinin qədrini bilsələr, daha gözəl olar. 

- Bizdə hər şeyi zarafata salırlar. Tədbir görülməyəndə də, tədbir görüləndə də müxalif olmaq üçün bəhanə axtarırlar. Bəzi şəxslər 8103-ə icazə üçün müraciət etmək yerinə mənasız mesajlar göndərirlər. Necə etməliyik ki, bu insanlar məsələnin ciddiliyini dərk etsinlər? 

- Bu insanlara mən həyəcansız və məsuliyyətsiz tiplər deyərdim. Çünki onlar məsuliyyətlə anlasalar ki, mən bu icazəni həqiqətən də həlli vacib olan iş üçün almalıyam, sistemdə heç bir problem olmaz. Hər kəs 8103-ə göndərdiyi mesajların cavabını tezliklə alar və iki saata da lazım olan işlərinin öhdəsindən gələ bilər. İcazə üçün yazanda çox normal cavab gəlir. Ancaq məsuliyyətsiz yanaşsalar, polislərlə aralarında münasibətin pozulması ilə rastlaşacaqlar. Lazımsız davranışlarını önləməyin yolu elə bu müdaxilədən keçir. 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!