1990-cı illərdə İsrailin “Nativ” xüsusi xidmətinin direktoru olmuş Yakov Kedmi Ermənistanın hazırkı baş naziri də daxil olmaqla, bir sıra ölkələrin rəsmi və qeyri-rəsmi liderlərinin “verbovka” edilmə ehtimalını qiymətləndirib. Kedmi bildirib ki, Nikol Paşinyan müəyyən xüsusi texnikalardan istifadə olunmaqla ona verilən hər göstərişi yerinə yetirəcək.
“O (Paşinyan - red.) özü haqda ciddi adam görünüşü yaratmağa çalışır. O, komandir deyil, belə keyfiyyətlərə də malik deyil. ”Verbovka" edilməsi üçün onunla bağlı heç bir problem yoxdur. Bu və ya digər texnikanın tətbiqi və o, ona deyilənləri yerinə yetirəcək", - Kedmi vurğulayıb.
Bəs söhbət hansı məxfi texniki vasitələrdən gedir? İndiyədək ölkə başçılarının “verbovka” edilməsinə dair faktlar nə dərəcədədir? Məsələn, Kreml Bəşər Əsədi artıq “verbovka” edibmi? Dördpendirli pizza
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, dünya praktikasında rəsmi olaraq etiraf olunan, nümayiş etdirilən belə bir texnika yoxdur. Amma bu istiqamətdə illərdir ki, müəyyən işlər aparılır və bu baxımdan Kedminin Paşinyanla bağlı fikirləri maraq doğurur: “Kənardan təsir vasitələri ilə bağlı aparılan işlərdə müəyyən nailiyyətlər var. Bununla belə xüsusi texnikaların tətbiqi ilə bağlı kimlərinsə əməkdaşlığa cəlb edilməsi faktı yoxdur”.
Ekspert deyib ki, qədim dövrlərdən kənardan psixoloji təsir etmə vasitələri var: “Bu gün daha qarışıq, mürəkkəb təsir vasitələri işlənir. Mikroçiplərin yerləşdirilməsi yolu ilə ayrı-ayrı şəxslərin idarə edilməsi, nanoçiplərin invaziv yollarla yerləşdirməklə kənardan idarəetmə mümkündür. Bu yolla insanı izləmək, beyninə təsir etmək mümkündür. Belə tədqiqatlar və müəyyən nəticələr də var”
Yazıçı-konspiroloq Həmid Herisçi “Yeni Müsavat”a deyib ki, İsrail məxfi qurumlarının sıyahısı, təkcə hərbi kəşfiyyat “Aman”la, yaxud siyasi kəşfiyyat sayılan “Mossad”la kifayətlənmir. Siyahıda tamam məxfi bir “X” qurum da var ki, bəziləri ona “Nativ” də deyirlər. Yakob Kedmi-tanınmış yəhudi hərbi-siyasi analitiki deyilənlərə görə məhz bu qurumla əlaqədardır. Həmin qurumun fəaliyyəti tam məxfidir. Üzvləri, üzləri qəti olaraq tirajlanmır.
Bax, bu İsrail məxfi qurumları, dünyanın əksər siyasi xadimlərini güclü nəzarət altında saxlayırlar. “Peqasus” dinləmə proqramından yararlanaraq Əliyə də qulaq asırlar, Vəliyə də. Ermənistan baş naziri Nikol Paşinyanın da bu siyahıya düşməsi, məncə, inandırıcıdır.
Siyahıdakılar, “Mossad”, “Aman”, yaxud “Nativ”lə əlaqəlidilərsə, buna müvafiq olaraq “A, B, V” kateqoriyalarına bölünürlər. Dövlət başçılarına nəzarət, məncə, rəsmi “Mossad”, yaxud “Aman” vasitəsi ilə yox, rəsmi statusu olmayan “Nativ”lə, yaxud oxşar bir başqa “X” qurum vasitəsi ilə həyata keçirilir. Bu əlaqə, yaxud güdmə “anonim idarəetmə” metodu ilə reallaşdırılır. Yəni Nikol kimilər elə bilirlər guya Fransa, yaxud ABŞ-la əlaqədardırlar. Üzdə, hə, bu, belədi. Astarda isə bu qurbanlar, özləri də bilmədən Fransa yox, Rusiya yox, birbaşa İsrail xüsusi xidmətlərinə işləyirlər. Bu cür “anonim idarəetməyə” dünya çapında “False Flag” əməliyyatı deyilir. İsrail, ABŞ məxfi qurumları adətən bu cür öz gələcək əməliyyatlarını kino filmlər, teatr tamaşalarının məşqi, çəkilişi zamanı sınaqdan çıxarırlar. Yaxşı aktyorlar, yaxşı gedişlər real əməliyyatlara daşınır, zəif aktyorlar, izazdıran ssenarilər isə kinomotoqrafa sızdırılır. Sızdırılır ki, tamaşaçını aldatsın, izləri, düyünləri açılmaz etsin. Beyinləri dumanlatsın, qısaca. Alimlər buna “iterasiya” də deyərlər.
İsrailin tam məxfi “X”, yaxud “Netiv” xüsusi qurumu əgər Paşinyanı nəzrətə götürübsə, məncə, yuxarıdakı addımı atıb. Paşinyanı “False Flag” üslubunda əməkdaşlığa dəvət edib. Yanlış bayraq kimi Fransa kəşfiyyatı göstərilib. Ancaq içəridə bir başqa-gözəgörünməz İsrail izi də mövcudmuş bəlkə də. Xatırladıram. Ter-Petrosyan, Nikol Paşinyan dəstəsi elə lap əvvəldən Fransa xüsusi xidmət qurumları ilə bağlı olublar. Eynən “ASALA” kimi. 2016-cı ildən sonra bu ASALA rebrendinq edib “Sasna tser” adıyla izləri azdırmaq, leqallaşmaq istədi. Qayıtdı siyasi meydançaya. Həmin qayıdışı, rebrendinqi, ssenarini əvvəldən elə Parisin idarə edirdi. Sonradan Paris, bölgədəki siyasi arenası genişlətdi - Gürcüstan prezidenti Salome Zurabaşvilini də qatdı bu gedişlərinin siyahısına. Bu şəbəkədə “Nikol+Salome” tandemi çox vacib halqadı.
Ancaq görünür İsrail, əvvəlcədən bundan xəbərdarmış. Beyrutdakı “ASALA” ofisi “Mossad”ın tam elektron nəzrəti altındadır. Hizbullah kimilərlə əlaqələri də həmçinin. Bu xətlə hərəkət edən İsrail, əvvəl-axır görünür Nikolu nəzrətə götürməliymiş, məncə. Nikolun məruz qaldığı “False Flag” əməliyyatı mövzusunda İsrail kinorejissorları 2014-cü ildə eyni adlı serial çəkiblər.
Filmin mövzusu lap fantastikdir - Moskvada İran hərbi naziri general Süleymani qaçırdılıb. Görünür filmin çəkilişi zamanı İsrail məşhur Qasem Süleymaninin oğurlanması əməliyyatını məşqdən çıxarıb. Ssenariyə görə, Süleymaninin oteldəki otağına, tavanı dələrək, yuxuladıcı qaz vurublar. Sonra əleyhiqazları geyərək, tələsik otağa soxulublar. Əlil arabacığına əyləşdirilən Süleymanini tibb bacısının müşayətində cinayət yerindən qaçırdıblar. 2020-ci ilin 3 yanvar tarixində Bağdad aeroportunda bax bu ssenari gerçəkləşib, yaxud bir başqası, indi bunu dəqiq deyə bilmərəm. Ancaq adətən bu cür “Falshe flaq” əməliyyatları çox məxfi keçirilir. Üzdə, mediada iz azdırıcı versiya tirajlanır, əslində isə...
Daha bir detal: rus kinomotoqrafçıları bu ssenari əsasında bu il oxşar bir serial çəkiblər. Kiçik fərqlə - rus serialında qaçırdılan Türkiyə hərbi naziridir. Əməliyyat iştirakçıları sabiq SSRİ vətəndaşlarıdır. Ruslar reputatsiyalarını itirməməyə xatir guya bu cinayəti açmaq istəyirlər. Filmin linki burda: (https://tvseriya.net/527-falshivyj-flag.html ttps://tvseriya.net/527-falshivyj-flag.html. Bu filmlərə diqqətlə baxmağı sizə tovsiyə edirəm. Qasım Süleymaninin qətli, yaxud oğurlanması, habelə Nikol Paşinyanla bağlı müəmamalara siz məhz bu seriallarda cavab tapa bilərsiz”.
Telegram kanalımız