Millət vəkili, tibb elmləri namizədi Musa Quliyevin Yenisabah.az-a müsahibəsi:
- Karantin rejimi yumşalan kimi virusa yoluxanların sayı artdı. Bu səbəblə ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah sərt tədbirlərin görüləcəyini açıqladı və bu gün artıq hərəkətin tam məhdudlaşdırılacağı haqda qərar verildi. Baş verənlər barədə fikirləriniz maraqlıdır.
- Artıq 4-5 aydır ki, dünyada ciddi şəkildə koronavirusla mübarizə gedir. Təcrübə göstərir ki, nizam-intizama, qayda-qanuna riayət edilən, cəmiyyətlə hökumətin fəaliyyəti üst-üstə düşən ölkələrdə uğur əldə olunur. Azərbaycanda da mübarizənin ilk mərhələsi çox uğurlu oldu. Həm dövlət tərəfindən lazımi işlər görüldü, sosial, iqtisadi, tibbi, psixoloji tədbirlər həyata keçirildi, həm də vətəndaşlarımız xüsusi karantin rejimində kifayət qədər düşüncəli davrandılar. Ona görə də xüsusi karantin rejimi zamanı yoluxma sayı hətta 20-25 nəfərədək düşdü. Amma rejimdə yumşalma olduqdan sonra təəssüflər olsun ki, xoş nəticə olmadı. Görünür, burada havaların istiləşməsi də müəyyən qədər rol oynadı. İnsanlarımızda da məsuliyyətsizlik hissi yarandı, arxayınlaşdılar ki, dövlət nə lazımdırsa, görür, yoluxma olmayacaq. Nəticədə son 2 həftədə ciddi şəkildə artım baş verdi, bu da hər kəsi narahat etməlidir. pizza hut
- Bildiyiniz kimi, ölkə başçısı Tərtərdəki muzeyin açılışına maska ilə qatıldı. Bunun özü əhaliyə bir mesaj idi. Bu mesajı necə qiymətləndirirsiniz?
- Hökumət hazırkı vəziyyətdən olduqca narahatdır. Buna görə də tədbirlər sərtləşməyə doğru gedir. Qeyd etdiyiniz kimi, Prezidentin Tərtərdəki görüşdə əhali qarşısına maska ilə çıxması əhaliyə nümunə və mesajdır. Prezident də narahatdır. Milli Məclisdə ancaq maska və sosial məsafə kimi qaydalar gözlənilməklə iclaslar gedir. Vətəndaşlar bundan nümunə götürməlidir, hər kəs bilməlidir ki, koronavirusla mübarizə hökumət və cəmiyyətin səyləri üst-üstə düşən zaman nəticə verəcək.
- Tədbirlər daha da sərtləşdirilə bilərmi?
- Bəli, hər şey ola bilər. Şənbə və bazar günlərinin statistikasına uyğun olaraq yəqin ki, növbəti həftə Operativ Qərargah addımlarını müəyyənləşdirəcək.
- Hələ karantin rejimi yumşaldığı zaman bunun doğru qərar olub-olmaması ilə bağlı çoxlu fikirlər səsləndi. Sizcə, qaydaları bu dərəcədə yumşaltmağa ehtiyac var idi?
- Həmin dövr üçün doğru qərar idi. Sadəcə olaraq görünür, bir az insanların psixoloji vəziyyəti nəzərə alınmadı. İnsanlarımızın çoxu qayda-qanuna şüurlu şəkildə əməl etmədi. Bu, təəssüf doğurur. Amma prinsipcə doğru qərar idi. Çünki statistik göstəricilər gündən-günə yaxşılaşmaya doğru gedirdi. Üzü yaya idi, əkin-biçin sezonu başlayırdı. Bütün bunların həm iqtisadi, həm sosial tərəflərini nəzərə alaraq, Operativ Qərargah düzgün qərar vermişdi, amma təəssüflər olsun ki, vətəndaşlar qərardan sui-istifadə etdilər. Xüsusilə yas mərasimlərində virus nəzərə alınmadı. Rayon yerlərində yoluxmaya əsasə səbəb yas mərasimləri olub. Müşahidələr bunu göstərir. Baxmayaraq ki, Operativ Qərargah yas mərasimlərində 10-15 nəfərdən artıq adamın olmamasını, dəfn mərasimindən sonra başqa mərasimin keçirilməməsini tövsiyə etmişdi, bunlara riayət olunmadı. Son da indiki kimi oldu.
- Hazırkı qərarın effektli olacağını düşünürsünüzmü?
- Arzu edirik ki, effektli olsun. Amma bunun özü yenə vətəndaşlarımızın davranışından çox asılı olacaq. Biz toplum olaraq öz məsuliyyətimizi dərk etməliyik. Bu günlərdə sərtləşdirmə rejiminin olması, eyni zamanda Milli Məclis tərəfindən İnzibati xətalar məsəlləsinə dəyişiklik edilməsi, qoruyucu vasitələrdən istifadə etməməyə görə cərimələrin müəyyən edilməsi də vətəndaşlarımızın məsuliyyət hissini artırmağa yönələn tədbirlərdir. Şənbə və bazar günləri qapalı həyata keçmək həmin günlərdə yoluxmanın qarşısının alınması, sayın minimuma endirilməsi, vətəndaşlarımızın bir-biri ilə daha az kontakta girməsi üçün göstərilən bir təşəbbüsdür. Hesab edirəm ki, həftə sonları bu qaydanı tətbiq etməklə müsbət nəticələr əldə edə bilərik.
- Bir həkim olaraq vətəndaşlara tövsiyyəniz nədir?
- Vətəndaşlarımıza müraciət edərək deyirəm ki, biz hamımız bir-birimizi qorumalıyıq, koronavirus çox ciddi xəstəlikdir, sürətlə yayılır, qəfil ağırlaşma verir. Son günlər ölən və yoluxan sayının artması artıq reanimasiya şöbələrində gərginlik yaradır. Həkimlərin və digər tibb işçilərinin yorğunluqla gərgin şəraitdə işləməsini nəzərə almaq lazımdır. Biz yoluxanların sayını azaltmasaq,daha ağır fəsadlarla üzləşə bilərik.
Sayad Həsənli
Telegram kanalımız