“Qadınlar arasında HİV-ə yoluxma halları artmaqdadır, onları kişilər yoluxdurur”   – MÜSAHİBƏ

saytların hazırlanması

Evə çatdırılma

“Qadınlar arasında HİV-ə yoluxma halları artmaqdadır, onları kişilər yoluxdurur” – MÜSAHİBƏ

Sosial

11 İyun 2020 14:31 2072


COVID-19 (koronavirus) infeksiyasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təzəlikcə pandemiya elan edib. Amma bundan əvvəl başqa bir pandemiya vardı və insanların həyatını, sağlamlığını ciddi şəkildə təhdid edirdi (İnsanın İmmunçatışmazlıgı Virusu: İİV-HİV/AİDS (SPİD) təhlükəsi). Bu pandemiya hələ də var və indi o, COVID-19-un fonunda daha qorxulu və vahiməli görünüş alır. ÜST rəhbərliyinin son açıqlamalarından da belə çıxır ki, koronavirus yaxınlarda HİV/AİDS problemini daha qabarıq şəkildə gündəmə gətirəcək. Çünki koronavirusla mübarizə insanın immun sisteminin vəziyyətindən asılıdır. İnsan zəifdirsə, deməli, COVID-19-a dirənişi də yoxdur.

Bildirək ki, Birləşmiş Millətlər Təşkilatının HİV əleyhinə Birləşmiş Proqramının – UNAİDS-in məlumatına görə, hazırda dünyada HİV-ə yoluxanların sayı 37,9 milyonu keçib. COVİD-19-a yoluxanların sayı  isə 6 milyondan yuxarıdır. 

Əgər HİV-li insanlar koronavirus qarşısında daha zəifdirsə, COVID-19-la bağlı rəqəmləri necə təsəvvür edək?  pizza

Məsələn, bizim regionda HİV-lə bağlı ən ağır vəziyyət Ukraynadadır. Üstəlik, koronavirus pandemiyası onsuz da çətin olan epid vəziyyəti kritik hala gətirib. HİV-li insanların ölüm halları COVID-19-da həlak olanların sayını üstələyib. AİDS pandemiyasının COVİD-19-la eyniləşdirilməsi də təsadüfi deyil. AİDS ictimai təmasla yayılmasa da, bu virusla yaşayan insanlar ikiqat təhlükə altındadır. Hazırda UNAİDS ekspertləri korinavirusun HİV-li insanlar arasında yayılmasının statistikasını aparır. Bu rəqəmlərdən sonra HİV/AİDS-lə bağlı yeni mübarizə strategiyasının hazırlanacağı gözlənilir. Çünki HİV-li insanlar ümumən cəmiyyətdə stiqma və diskriminasiyaya məruz qaldıqları üçün koronavirus diaqnozu ilə onların əlavə olaraq necə damğa alacaqları məlumdur. 

Yenisabah.az-ın bu məsələ ətrafındakı suallarını  “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva cavablandırıb:

- Zülfiyyə xanım, hazırda COVID-19 fonunda HİV-lə beynəlxalq və milli mübarizədə əsas istiqamətlər nədir?  

- Beynəlxalq ekspertlər COVİD-19 fonunda HİV-lə mübarizənin yeni mərhələyə qədəm qoyduğunu etiraf etməkdən çəkinmir. Çünki HİV-li insan demək, həmçinin eyni anda bir neçə ağır xəstəliyə - vərəm, xərçəng, pnevmoniyaya düçar olmuş insan deməkdir. Onların koronavirusdan sağalması mümkün deyil.

- COVID-19 dövründə bütün dünyada həyata keçirilən ünsiyyət, təmas, gediş-gəliş məhdudiyyətləri HİV-lə mübarizənin əsas prinsiplərinə neçə təsir göstərdi? Çünki səhiyyə xidmətlərinin əvvəlki templə həyata keçirildiyini söyləmək çətindir. Pasiyent davamlılığı əhəmiyyətli dərəcədə pozulub. HİV-li insanlar isə davamlı səhiyyə xidmətləri alan təbəqədir.

-  Əlbəttə, hazırda HİV-lə mübarizədə, profilaktika, müayinə, müalicə və maarifləndirmədə müəyyən çətinliklər mövcüddur. Bəzi ölkələr müalicə dərmanlarının qıtlığı ilə üzləşib. Çünki hava yolları bağlıdır, dərman və digər zəruri məhsulların daşınmasında məhdudiyyətlər var. Yerlərdə xəstələrə dərmanların çatdırılmasında da fasilələr yaranıb. Monitorinq müaynələrinin sayı aşağı düşüb. Bu hal qlobal olaraq hamını narahat edir, çünki HİV-li insanlar risk qrupudur və onların zəif immuniteti ağır infeksiyalara müqavimət göstərə bilmir. Digər tərəfdən  koronavirusun da bəzi patoloji simptomları (temperaturun günlərlə aşağı düşməməsi) onun HİV infeksiyası ilə müəyyən oxşarlıqlarının olduğunu düşünməyə əsas verib. HİV virusu da bildiyiniz kimi, insandan-insana keçəndə mutasiya edir, onun orqanizmdə yaratdığı ilk problem agciyərlər, pnevmaniya, vərəmdir və s. İndiyə qədər HİV-in peyvəndinin, radikal müalicəsinin tapılmamasının səbəbi onun mutasiya qabiliyyəti ilə bağlıdır. Məhz bu səbəbdən HİV-in peyvənd axtarışları son illərdə mövzu olaraq demək olar ki, müzakirə olunmur. HİV-lə bağlı maariflərdirmə, profilaktika və ömürlük müalicə önə keçib. Alimlər etiraf etməsələr də, üstüörtülü şəkildə qeyd edirlər ki, HİV-lə birdəfəlik bacarmaq mümkün olmayacaq. Zamanla insanlar bu virusla harmonik şəkildə yaşamağı öyrənməlidirlər. 

- Dediyinizdən belə çıxır ki, hər iki virus eyni mənşəlidir?

-  Mən hazırda COVID-19 infeksiyasının peyvənd axtarışlarının aylardır ki, faydasız qalması faktı ilə HİV peyvəndi çarəsizliyinin arasında bir baĞlılıq axtarmağa meylliyəm. Haqsız da deyiləm. ÜST-ün fövqəladə hallar proqramının rəhbəri Mark Rayanın keçən həftə dediklərini xatırlayırsınızmı? Adam açıq-aydın COVİD-19-u HİV-lə eyniləşdirdi. “Koronavirus da HİV kimi heç bir zaman məhv olmayaraq, yoxa çıxmayaraq daimi qala bilər. Biz realist olmalıyıq. Heç bir vəd və müddət verə bilmərik, əksinə, xəctəliyin getdikcə daha dərinləşəcəyini və yayılacağını düşünürük” – dedi ÜST rəsmisi... Bu, nə deməkdir? HİV virusu bəşəriyyətin əbədi sağlamlıq problemidir. Amma korona ilə müqayisədə, o, ictimai təmasla yayılmır. Adama elə gəlir ki, koronavirus HİV-in daha mükəmməl yaradılmış formasıdır...

- Onda niyə müalicə üsulları ayrıdır? HİV-li insanlar nəfəs çatışmazlığından əziyyət çəkmir. HİV-dən ölüm halları 2 həftə ərzində baş vermir.

- Təbii ki, burada xəstəliyin kliniki əlamətləri və simptomları, fatal sonluq fərqlidir. Amma HİV virusunun böyük bumu yaşanan 80-ci illərdə də beləydi. İnsanlar yoluxandan 2-3 ay sonra, maksimum 6 aya tələf olurdular. Zamanla HİV virusu insandan-insana keçməklə mutasiya oldu, ştammı dəyişdi və hazırda HİV-lə yoluxan insanı diaqnoz qoyulandan dərhal sonra müalicəyə cəlb etdikdə virusun mutasiyasının da qarşısını almaq mümkündür. Amma buna nə qədər vaxta nail oldular? Düz 20 ilə... Yalnız 2006-cı ildən insanlar effektiv müalicə alır. Məncə, COVID-19 da bizi ən azı 20 il süründürəcək. Onun ictimai təmasla yayılma qabiliyyəti vərəmi belə kölgədə qoyacaq. O ki qaldı müalicə üsullarına, burada da bizləri düşündürən faktlar az deyil. Məsələn, hazırda koronadan müalicə zamanı istifadə olunan preparatlardan biri də ritonavirdir. Bu isə HİV-in müaəlicəsində aktiv istifadə edilən və çox effektiv dərmandır. 

- HİV-li insanların müalicəsi və monitorinq müayinələrinin hazırkı məhdudiyyətlərlə necə həyata keçirilir?

- Həqiqətən, baş verən məhdudiyyətlərin fonunda HİV-li insanlara müalicə dərmanlarının çatdırılması və profilaktik tədbirlərin həyata keçirilməsi asan olmadı. Amma Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) həkimləri bütün ölkə üzrə HİV-li insanların dərmanlarını vaxtında evlərə çatdırdılar və profilaktik işlər də həyata keçirildi. Bundan başqa, HİV-lə mübarizə sahəsində RQMM ilə əməkdaşlıq edən QHT-lər də dəstəyini əsirgəmədi. Maskalarla təminat, HİV-li insanların korona ilə bağlı yüksək riskdə olduğuna dair məlumatların paylanması, müalicənin davamlılığına nəzarət, qoruyucu və steril materiallar, spirtli məhlullarla təminat həyata keçirildi. 

- HİV-ə yoluxma ilə bağlı rəsmi statistikanın real yoluxma sayından fərqli olduğunu düşünənlər az deyil.  Sizcə, hansı rəqəmlər reallığa daha çox yaxındır?

- Real vəziyyətin rəsmi statistikadan fərqləndiyini söyləmək iddiası elə-belə yaranmır. Özünüz fikirləşin, insanın yoluxduğunu necə bilmək olar? Müayinə yolu ilə. Amma bizdə kim RQMM-nin qapısını könüllü şəkildə, heç bir məcburiyyət olmadan açıb analiz verir? Demək olar ki, barmaqla sayılacaq qədər insan... Odur ki, statistika açıqlanarkən, biz məsələyə yoluxanların sayı olaraq yox, aşkar edilənlərin sayı kimi baxırıq. Hazırda rəsmi statistika göstərir ki, Azərbaycanda HİV diaqnozu ilə rəsmi qeydiyyatda olanların sayı 7000 nəfərə yaxınlaşır. 

- Bu statistikada qadın-kişi, yaxud yoluxma yollarına dair məlumatlarda əvvəlki illərlə müqayisədə yeniliklər varmı?

- Təbii ki, var. Təəssüfedici haldır ki, qadınlar arasında yoluxma halları artmaqdadır. Qadınlarımız kişilər tərəfindən yoluxur. Çünki əvvəla, HİV-in ötürülməsində kişilər dominant rol oynayır. Digər tərəfdən, kişilərimizin əksəriyyəti qorunmamış təsadüfi cinsi əlaqələrə meyllidir, bu davranışları dəyişə bilmir, qadınlarsa kişilərə vaxtında müayinədən keçmək üçün təzyiq göstərə bilmir. Nəticədə bayaq dediyimiz məsələyə -könüllü analiz vermə probleminə gəlirik. Könüllü müayinədən keçmə hazırkı dönəmdə daha aktual olaraq gündəmə gəlir. Təsəvvür edin ki, ölkədə nə qədər HİV statusunu bilməyən adam var və onlar koronaya yoluxur. Bu vəziyyətdə insanı xilas etmək olarmı? Qadınlarımıza gəlincə, onların sayının statistikada çoxalması digər bir tərəfdən ona görə narahatedicidir ki, qadınlar həm də anadır, övlad dünyaya gətirir və bu virus hələ ana bətnində ikən körpənin sağlamlığını təhdid altında qoyur. Bu isə sağlam genefonda zərbədir.

- Narkotik istifadəçiləri olan insanlar yoluxmada əsas təbəqə hesab edilirdi... 

-  Venadaxili narkotik istifadəçiləri həqiqətən, əsas risk qrupudur. Amma təəccüblü olsa da, deməliyəm ki, son illərdə bu qrup arasında yoluxmanın sayında ya azalma, ya da stabilləşmə müşahidə edilir. Bunu həmin qrup arasında aparılan zərərin azaldılması fəaliyyətləri ilə əlaqələndirirlər. Amma əvəzində qadınlar arasında yoluxma faizi artır. Bu isə o deməkdir ki, vəziyyət tezliklə kritikləşə bilər. Qadınlar vasitəsilə HİV-in yayılması ayrıca qrup olaraq götürdüyümüz venadaxili narkotik istifadəçiləri ilə müqayisədə daha təhlükəlidir.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!