“Qarabağ haqqında nəsə yazıb özümü biabır edə bilmərəm” –   Müsahibə 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ haqqında nəsə yazıb özümü biabır edə bilmərəm” – Müsahibə 

Mədəniyyət

30 İyun 2021 09:18 2580


Yazıçı Seyran Səxavətin Yenisabah.az-a müsahibəsi: II Hissə

Əvvəli BURADA!

- “İt intervüsü” hekayəsində tərifi yaltaqlığın lirikası adlandırırsınız. Bu “bacarığa” sahib olmadığınız üçün bir çoxlarından fərqli olaraq təltiflərdən kənarda qaldığınızı düşünürsünüzmü? Dominos pizza

- Sən əməlli-başlı Seyranşünassan ki (gülür). Elə qohum-əqrəba var ki, onlar da bunu məndən soruşur. Bununla bağlı bir misal gətirəcəm. Mən Gənclikdə qalanda  Fuadla bir binada yaşayırdım. Metroya piyada gəlirdik. Bir dəfə bir əmizadəyə rast gəldim, Füzulidən gəlmişdi, məni metroda gördü, arvad kimi başına gözünə döyüb, “Əmioğlu, Allah məni öldürsün, sənin metroda nə işin var?”, - dedi. Yəni düşündü ki, mən metroya minmişəmsə, deməli, mən tükənmişəm, heç nəyim qalmayıb. Amma mən ona Moskvada metroda kosmonavt gördüyümü dedim. Yəni biz bu gün ad məsələsinə çox önəm veririk. Bir söz var,  pişiyin ağzı ətə çatmayanda mundardı deyir. Amma Allah bilir ki, mən o mənada demirəm. Sadəcə bəzi şeyləri o qədər önəmsəmək lazım deyil. Mənim üçün fəxri ad, təltif ona görə maraqlıdır ki,  belə olsa, mən özümə şəhərdə təzə ev ala bilərəm. Mən ancaq bağda yaşayıram. Eşitmişəm ki, xalq yazıçısı adı alana prezident təqüdü də verilir. Kim istəməz ki? Mənim təsərrüfatım çox böyükdür, 17 nəvəm,  2 nəticəm var, yəni orada da kişi kimi işləmişəm (gülür). Mənə onların könlünü xoş etmək çox xoşdur. Axı həyat gözəldir. Kim bu dünyada darıxırsa, mən onu qəbul etmirəm. Günahkar özüdür. Bəziləri tənha olduğunu deyir, axı sən kimsən tənha olasan? Əgər 10 min adamın içində darıxırsansa, problem səndədir. Biri ilə dost ol, biri ilə çay, biri ilə araq iç, gözəl münasibət bəslə. 

- Amma oxucularınız sizə həmişə qiymət verib.

- Bəli, hətta “İt intervüsü”nə görə “Hyundai Sonata” hədiyyə ediblər. İndiki maşınımın “mama”sıydı. Özü də onu hədiyyə edənin kimliyi altı-yeddi ay anonim qaldı. Üç ay əvvəldən mənim ad günü marafonum başlamışdı, ətrafım çox genişdir, orada kimi desən, var. Qırçıdan tutmuş nazirə, nazirdən tutmuş oğruya qədər... Mən martın 23-də doğulmuşam. Ayağım ruzilidi. Gözümü açıb görmüşəm ki, stolun üstü hər şeylə doludur. Ad günümü martın 22-də naxçıvanlılar “yuyur”. Köhnə naxçıvanlıları nəzərdə tuturam, 64-dən üzü bəri olanları... Həmin gün biz restoranda olanda mənə zəng gəldi ki, sizə bir hədiyyə var, sabah firmamıza gəlin. Mən də “Hyundai”ın nə olduğunu bilmirdim. Dedim, hədiyyəni götür özünə. Çünki ondan bir həftə əvvəl də mənə “Azercell”dən bir qız durmadan zəng vururdu. Getdim ki, mənə çaşka alıblar. Ondan sonra oğlan zəng vuranda dedim, yəqin ki, bu da bir ləyəndi, ona görə istəmədim. Oğlan  isə çox təkid elədi. Sabahı mən eyvanda siqaret çəkirdim, bir də gördüm aşağıdan Azad keçdi, mənə də əl elədi, onun maşınının arxasına “Hyundai” yazılmışdı. Bunu görən kimi aşağı düşüb, məni “Hyundai” firmasına aparmasını istədim. Gedib rəisin yanına girdim, kofe filan içdim. Ad günümü təbrik elədi və məni böyük maşın salonuna çıxardı. Üstündə lent olan maşını göstərib mənim olduğunu dedi. Bir təhər oldum ki, heç camaat bir-birinə ət maşını bağışlamır, o boyda maşını kim hədiyyə edər?! Kimin bağışladığını soruşdum, mənə zəng vuran oğlanı göstərdi. Onu çağırıb təşəkkür edəndə, “Ay dayı, məndə o qədər pul haradandı? Mən sadəcə bu maşını sizin adınıza keçirməli və siz maşına minəndə şəklinizi çəkməliyəm” ,- dedi.  Bağışlayanın adını demədi, daha maşına görə razılaşdım. Ona qədər heç avtomat sürməmişdim, necə sürmək lazım olduğunu soruşdum, dedi, belə eləyəndə gedirsən, belə eləyəndə də dayanırsan (göstərir). Sevincək olmuşdum, cibimdə doqquz şirvanım vardı, 8-ni ona verəndə götürmədi. Mən də onu dilə tutub razı saldım ki, 26 minlik maşının yanında 8 şirvan heç nədir. Minib maşına sevincimi bölüşmək üçün arvada zəng elədim, amma inanmadı. Sağ olsun, dedi, deyəsən, sən keflisən, əlimdə dolma bükürəm. Sonra da telefonu söndürdü. Axı mən kimə deyim bunu?!

Bir dostuma zəng vurdum. Dedim, Rasim, mənə “Hyundai Sonata” bağışlayıblar. O da, “Ə, indi elə kişi nə gəzir”, - deyib dəstəyi asdı. Axırda evə çatdım, arvad pəncərədən baxıb məni maşında gördü, o dəqiqə, “Ay uşaqlar, gəlin, baba düz deyirmiş”, - dedi. Bir bayram yaşadıq. Altı ay sonra kimin hədiyyə etdiyini bildim. Bir biznesmen idi. Ona qədər bu barədə gündə bir xəbər yazırdılar. Jurnalistlərin də işi-gücü yoxdur axı (gülür). Biri yazdı ki, Heydər Əliyev bağışlayıb. O biri yazdı ki, Kəmaləddin Heydərovun hədiyyəsidir və s. Bir dəfə də bir jurnalist soruşdu ki, sizə maşını Heydər Əliyev bağışlayıb? Mən də dolamaq üçün "hə" dedim. Dedi, bəs Kəmaləddin Heydərov da bağışlayıb? Ona da "hə" dedim.  Dedi, yəni hərəsi ayrı-ayrı maşın hədiyyə ediblər? Dedim,  yox, ikisi atışıb birini bağışlayıb (gülür). Mənim çoxlu dostlarım olub, indi də var, onu alan oğlan - Teyfur məni iki dəfə görüb. Xantamantiskidə nöyüt çıxarır.

- “Boynu əyri kişi” hekayənizdə “Yaşasın Azərbaycan xalqı” ifadəsini izah edirsiniz. Sizcə, bu ifadə ona görə deyilib ki, ölmək yaşamaqdan daha baha başa gəlir?

- Bəli, elədir, bilirsən, ölməyin nə qədər xərci var?! O hekayədə adam məscidin mürdəşir şöbəsinə zəng edir. Ölü yumağın neçəyə başa gəldiyini soruşur. Mürdəşir də boy-buxundan asılı olduğunu deyir. Onda adam, “Bəs qohumlar gəlib kömək eləsə, qiymət düşər?”, - deyə sual verir. Mürdəşir isə, “İxtiyarımız yoxdur, ixtiyarımız”, -cavabını verir. “Yaşasın Azərbaycan xalqı” ifadəsində bir ironiya da var. Bu suala görə mən səni “tiraynoy” sevdim. 

- “Uzaqdan baxanda yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı, elə çürük idi”, - demisiniz. Ölümü bahalaşdıran, bəlkə, elə bu çürüklükdür?

- Ola bilər. Həmin romanın sonunda deyir ki, dünya Allahın çin olmuş yuxusudur. Çünki bu dünyanı birbaşa yaratmaq olmazdı. Mənə elə gəlir ki, Allah onu əvvəl yuxuda görüb, sonra yaradıb. 

- Sizcə zəfərdən sonra Azərbaycandakı çürüklüyü bir az da olsa, aradan qaldırmağa bacarmışıq?

- Çürüklük həmişə olacaq. O, saflıqla qoşa addımlayır. Ümumiyyətlə, hər şey qoşa gedir. Biz suyun həyat olduğunu deyirik. Od da həyatdır. Amma su və od həm də ölümdür. Yəni konkret heç nə demək mümkün deyil. Bir şey bir tərəfdən faydalıdırsa, digər tərəfdən zərərlidir. Ona görə də çürüklük həmişə olacaq. Bilirsən, 20 ildir ki, mən heç nəyə təəccüblənmirəm. Bizim çox nəhəng yazıçılarımızdan biri də Yusif Səmədoğludur. Biz onunla bir yerdə işləmişik. Bizim ailənin də ən çox gəlib-gedəni o olub. Rəhmətlik atama, “Ələsgər əmi, mən Qazaxdan çox sizdə olmuşam”, - deyirdi. O da heç nəyə təəccüblənmirdi. Bunun üçün isə gərək, həyatın hazırlığından keçəsən. Mənə görə heç təəccübləndirən əsər də yoxdur. Axı əsər adamı niyə təəccübləndirməlidir? 

- Bildiyim qədərilə siz hətta əsəri təhlil və tənqid edənləri də qəbul etmirsiniz. 

- Bəli, sənin bu sözün məni ədəbi tənqid haqqında daha çox şey deməyə vadar edir. Mənim aləmimdə tənqid ədəbiyyatın bic doğulmuş balasıdır. Kənddə bic doğulan uşağa çox pis baxırlar. Tənqid birinci ona görə bic baladır ki, ədəbiyyatın qarnından çıxıb, sonra da ona dərs verməyə başlayıb. Bu necə ola bilər? Bu, böyüyün üzünə ağ olmaq kimi bir şeydir. Yəni sən ananın bətnindən çıxırsan, sonra da başlayırsan ki, sənin bətnində mən olanda orada hava çatmırdı. Ə, orada hava var, hələ bir çatmasın da?! Elə bu bəsdir, mən deyim ki, müasir Azərbaycan tənqidi Azərbaycan ədəbiyyatının bic doğulmuş balasıdır. Bir iki xırda şeyi deyim ki, tənqid yaltaqdır, muzdludur. Hətta tənqid sovet vaxtında muzdlu olub, indi artıq günəmuzddur.

- “Qarabağ qayıdanadək kişilikdən istefa vermişəm”, -demişdiniz. Qarabağla bağlı yazıları dostlarınıza belə qadağan etmişdiniz. Artıq Qarabağ azaddır, bundan sonra Qarabağla bağlı nəyinsə yazılmasını lüzum görürsünüzmü?

- Vallah, kim istəyir yazsın. Bir dəfə efirə çıxmışdım. Orada bir qız vardı, elə bil dilotu yemişdi, heç kimə imkan vermirdi. Elə hey, “Qarabağ haqqında niyə yazmırsınız?”, - deyirdi. Onda da dedim ki, Qarabağ haqqında əsər yazmaq lazım deyil. Romanda, povestdə alınan Qarabağ mənə lazım deyil, mənə torpağı ilə üzümü yuyacağım Qarabağ lazımdır. 12 il əvvəl bunu demişəm. Yeri gəldikcə də təkrar edirəm. O vaxt, “Qarabağ haqqında ən vacib əsəri Ali Baş Komandan yazmalıdır”, - demişdim. 12 il keçdi, mən deyən oldu, Ali Baş Komandan yazdı. Ona görə də bundan sonra Qarabağ haqqında nəsə yazıb özümü biabır edə bilmərəm. Çünki içimdə ona hazır deyiləm. İkincisi də ki, bundan sonra Qarabağ haqqında kim nə yazsa, Ali Baş Komandanın yazdığı son 200 ilin ən vacib əsəri nominasiyasının qalibi Qarabağnaməyə nəzirə olacaq. Ondan yuxarı olmayacaq. Mən dəliyəm ki özümü biabır edim? Gül kimi hörmətim var da. 

- Bir bu məsələyə, bir də dil məsələsinə çox həssas yanaşdığınızı müşahidə etmişəm.

- İki il əvvəl bir məqaləm çıxmışdı. “Cümlə qurmaq dövlət qurmaq qədər çətindir” adlı bir yazı idi. Orada yazmışdım ki, Azərbaycan televiziya məkanı, saytlar, qəzetlər Azərbaycan dilinin anasını ağlatmaqla məşğuldur. Sözə həssas olan adamlar mənə haqq verəcəklər. Bəziləri isə qanmır ki, biz dövləti elə cümlə ilə qurmuşuq. Bu saat Azərbaycan xalqının 95-98 faizi eyni sözlərdən istifadə edərək eyni dildə danışırlar. Amma hər fərdin öz dili olmalıdır. Budur Azərbaycan dilini zənginləşdirən. Elə sizin Tovuzun Əlibəyli kəndində 5-6 il bundan əvvəl bir qadından intervü almışdılar. Qadın çəkilişi görən kimi özünü itirib tumarlı danışmağa çalışdı.  “Görörsənmi, dərdin alem, gejə-gündüz belə güllələrə məruz qalerıx”, - dedi. Ay tovuzlu, sən nəyə məruz qalırsan? Bunu de: “Təpəmnən güllə yağer”. Belə faktlar doludur.

Bilirsən, mən orada çıxış yolu da göstərmişəm ki,  dili qorumağın əsas yolu onu korlamamaqdır. Korlamayandan sonra qorumağa ehtiyac qalmır. Dildə özünü qoruma instinkti olmalıdır. Əgər biz dili korlayırıqsa, gətirib ona hər cür tullantı atırıqsa, kameranı görən kimi də hamı alim olub sığallı danışırsa, bu, böyük problemdir. Dil hər şeydir, tarixin qaranlıq səhifələrini dil açır. Xalqın dilə münasibəti kimi sərrast şey görməmişəm. Mənim Bakıda bir bibim vardı. Tanınan, yerə-göyə sığmayan vaxtlarım idi. Bağda əmioğluyla qadınlardan üç metr aralıda oturub yeyib-içirdik. Qadınların hamısı danışırdı, amma bir-birinə qulaq asan yoxuydu. Axırda bibim dedi ki, az, qarnın yansın, qoy bu da sözünü desin, axı söz ağzında iyləndi. Söz, doğrudan da, ağızda qaldıqca iylənir. Sözü düzgün, yerində işlətmək lazımdır. Orfoepiya qaydalarına da bu gün riayət etmirlər. Bu məsələdə televiziya məkanının günahı çoxdur. Güllələmək lazımdır onları. Bir dəfə ANS-də bir verilişdəydim. Ağzımı açıb nəyi tənqid etdimsə, aparıcı hamısına, “Bura mənim yaralı yerimdi”, - dedi. Axırda dedim, sənin heç salamat yerin yoxuymuş ki. Mən “Ədəbiyyat” qəzetində 10 il işləmişəm. O qəzetin şinelindən çıxmışam. O da elə-belə şinel deyildi.  Məsələn, “Get, Əhmət Bakıxanov, Həsən Turabov, yaxud Rəşid Behbudovdan müsahibə al”, - deyirdilər. Mən onlar haqqında tam məlumat topladıqdan sonra müsahibəyə gedirdim. Özü də indiki kimi də hər şeyi internetdən tapmırdıq. Gedib onlar haqqında yazılan yazıları tapıb oxuyurduq. İçimizdə bir şəxsiyyət vardı və o, “Axı mən Rəşid Behbudovun yanında niyə utanmalıyam?”, - deyirdi. O buna görə məni çox bəyənmişdi. Bu baxımdan, mən də indiki intervünü çox bəyəndim.

-Son olaraq...

-İnanırsan, heç istəmirəm ki, son olsun. Bəzən elə jurnalist olur ki, müsahibə üçün gəlir, “Ay Allah, bircə bu, son olaraq desəydi, mənim də canım qurtarardı, onun da”, - deyirsən.  Amma onlar heç son olaraq demir, indi sən deyirsən (gülür).

- Yaxşı, onda davam edək. Bəlkə, ən sevdiyiniz şeiri oxucularınızla bölüşəsiniz?

- Onun üçün gərək mən birinci cildimi gətirəm, çünki oradakı bütün şeirlərimi sevirəm. Deməli, mən 70 yaşımda özümə hədiyyə olaraq iki cildlik kitabımı çap etdim. Birinci cild poeziyadır, ikinci isə hekayələrdən ibarətdir. Mən onlara “Seçilməmiş əsərlər” adını vermişəm. Axı seçilmiş əsər nə deməkdir? Sən niyə vaxtında axmaq yazı yazırsan ki, sonra da yaxşıları onların arasından seçirsən? Ondansa, yazma, məsələn, elə olub ki, mən beş il susmuşam. 50 illiyimdə beş il susmağımın səbəbini soruşdular. Onda dedim ki, beş il də susmağımla ədəbiyyatımıza xidmət eləmişəm. Yəni mənasız şeylər yazıb sözün ekologiyasını korlamaqdansa, susmaq nə qədər gözəldir. İlk hekayəm haqqında da danışım. Deməli, 74-cü ildə İrana işləməyə getdim və 75-ci ildə ilk hekayəmi yazıb poçtla “Ədəbiyyat” qəzetinə göndərdim. Üzeyir bəyin yubiley nömrəsində gördüm, hekayəm çıxıb. O vaxt sən dediyin Əkrəm Əylisli ilə mənim dediyim Ramiz Rövşən mənə bir məktub da yazmışdılar, o hekayəni çox tərifləmişdilər, bu da mənə ləzzət eləmişdi, axı tərif adama ləzzət edir. Məni məşhur Amerikan yazıçısı Vilyam Folknerlə müqayisə eləmişdilər. İlk hekayəm, doğrudan da, çox uğurlu olmuşdu, ondan sonra povestlər, romanlar gəldi.

- Deyəsən, elə sizin şeirdən nəsrə gəlməyinizi də Ramiz Rövşən yüksək qiymətləndirmişdi. 

- Bizim bığ yeri təzə tərləmiş Ramiz Rövşən onda yazmışdı ki,  şairlərin xoşbəxtliyindən, nasirlərin də bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi. 

- Ona həsr etdiyiniz hekayənin adı olduqca maraqlıdır-Cəhənnəm.

- Bəli, çünki onda cəhənnəm elementləri çoxdur (gülür). Əvvəl elektron heç nə yox idi. Universitetə imtahan vermək üçün növbə tutub sənədlər verməliydin. Mən 64-cü ildə universitetə sənəd verəndə gördüm, arxadan kimsə tez-tez mənə dəyir, çöndüm, gördüm ki, bir toppuş uşaqdı, əsəbləşib, “Ə bir adam kimi dayan da”, - dedim. O da özünü itirdi, sonra bir bığlı kişi məndən, “Ay oğul, sən niyə bura girib sənəd verirsən ki?”, - deyə soruşdu. Mən də şair olduğumu dedim. O isə oğlunun da şair olduğunu dedi.  Sonra kişi bizi o vaxt İliç bağı deyilən yerə apardı, bizə peraşki aldı, hansısa intervümdə demişdim ki, o peraşki o qədər bərəkətliydi ki, indiyəcən onu yeyirik, qurtarmır. Ondan sonra Ramizlə çox yaxın olmuşuq, yerinə eşq elanı da eləmişəm. Ramiz Rövşən ev uşağıydı, ona siqaret çəkməyi, araq içməyi-bir çox şeyi mən öyrətmişəm, müəllimiyəm (gülür). Bizim o vaxt bir dərnəyimiz vardı. “Lenin tərbiyəsi uğrunda” qəzetinin nəzdində fəaliyyət göstərirdi. Günüm çox vaxt Filfakda keçirdi. 

- Seyran müəllim, Murad Ariflə söhbətinizdə ilk dəfə daltonik olduğunuzu demisiniz. Bunu uzun müddət niyə gizlətmisiniz?

- Bəli, həmişə onun xəcalətini çəkmişəm. Bir gün qurdlar haqqında yazı oxudum, ondan sonra fikrim dəyişdi, ümumiyyətlə, qurdları çox sevirəm, onlar ömürboyu ancaq öz dişisini sevir, dişisi öləndə isə dağlara çəkilirlər, dağa çəkilənə yalquzaq canavar deyilir. Qurd rəng tanımır, onu oxuyandan sonra bir az qürurlandım ki, o da tanımır, mən də tanımıram. Bir də çox maraqlıdır ki, yer üzündə bütün heyvanları əhliləşdirmək olur, ancaq qurd heç vaxt əhliləşmir. Gör, nə kişidir e, maşallah. 

- Yaradıcılığınıza baxanda bəzi insanların da sizdən istədiklərini ala bilmədiyini deyə bilərik, yəqin. 

- Bəli (gülür).

- Təzə kitab yazırsınız?

-Xeyr,  sadəcə mənim çoxdan yazdığım kitabım var, indi o yenidən çap olunacaq. Adı “Daş evlər”dir. Azərbaycanda onu oxumayan yox idi, o vaxt 40 min bir çap elədilər, o, bir ay ərzində bitdiyinə görə sonra 50 min də buraxdılar. Şahbaz Xuduoğlu onunla bağlı mənə zəng edib çap etmək istədiyini bildirdi. Mən də ona ,“Sənə verəsi pulum yoxdur, pulum var, ancaq ayrı yerə xərcləyirəm”, - dedim. Amma çıxarsa, kitabın satılacağını da bildirdim. Sonra da, “Neçə ədəd istəyirsən çıxar, amma 100-nü mənə ver, qalanının gəlirini də götür özünə”, - dedim. Artıq Şahbaz onu çap etməyə başlayıb. Müəllif olsam da, satışdan heç bir faiz də istəmirəm. Mən bir dəfə də bu praktikadan istifadə etmişəm. Amma başqa nəşriyyatda. Bilirsiniz, “Daş evlər” romanı hələ kiril əlifbasında qalıb. Onlar da çevirib mənə göndərdilər. Bir-iki iradımı bildirdim, düzəltdilər və razılaşdıq.

- Şeir seçməməkdə israrlısınız?

- Deyəcəm. Amma əvvəl bir-iki şeyi də deyim. Deməli, indikilər evlənirlər, heç aldığı qızı sevə bilmirlər. Amma başlayırlar bir-birlərinin ata-anasına dil uzatmağa. Ailələrin çoxu belə şeylərə görə dağılıb gedir. O vaxt bizdə elə deyildi, bizim sevgimiz saf idi. Bu şeiri də  mən 16 yaşımda yazmışam. O vaxt çox populyar idi. Ali məktəb qızları xatirə dəftərlərinə yazırdılar. Mənim həyat yoldaşımın da xatirə dəftərindən iki şeirim çıxıb. Şeirin adı “Sevirəm”dir:

 Evinizin tuşundan

 Sonsuz göylərdə yanan,

 O parlaq ulduzları,

 Xəzan vaxtı bağçanda

 Yerə bir-bir tökülən

 Yarpaqları sevirəm.

 Sənin könül verdiyin

 Can dərmanı yetirən,

 Torpaqları sevirəm.

 Qəlbinə həmdəm olan

 Sirdaşını sevirəm.

 O atanı, ananı

 Qardaşını sevirəm.

 Görürsənmi, gözəl qız,

 Neçənizi sevirəm.

 O daşlı, o kəsəkli

 Küçənizi sevirəm.

 Evinizin başına

 Mənim kimi dolanan,

 Barını da sevirəm.

 Keçən yay bağçanızda

 Məni dilintək sancan

 Arını da sevirəm.

 Qonşunuzda yaşayan

 O sifəti qırışmış

 Qarını da sevirəm.

 Hərdən məni duymayıb

 Gözümə düz baxmayan

 Gözünü də sevirəm.

 Lap mənə acı gəlib

 Ürəyimə od vuran,

 Sözünü də sevirəm,

 Məndən incimə, ay qız

 Yeri gəlmişkən deyim,

 Özünü də sevirəm,

 Özünü də sevirəm... 

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!