Axırıncı dəfə 7 il əvvəl Şıx çimərliyində qarşılaşdığım keçmiş iş yoldaşım zəng etmişdi. Sağ olsun, uzun-uzadı danışıb zəhləmi tökmədi. Hal-əhval tutandan sonra birbaşa mətləbə keçdi: "Qələmini işə sal! Boş dayanma!"
Elə tərzdə dedi ki, çaşıb qaldım. Bir anlıq elə bildim çalışdığım saytın sahibi budur, qabiliyyətsiz müdirlər kimi istədiyi vaxt göstəriş verə bilər.
Amma bu fikri tez başımdan qovdum. Dördpendirli pizza
Qeyri-ixtiyarı düşündüm: "Bu elə o vaxt da mədəniyyətsiz idi. Görünür, yaşı artsa da, ağlı artmayıb..."
Buna görə də ovaxtkı ayamsı ilə müraciət etdim: "Ay mütrif, yenə nə olub? Niyə səhərin gözü açılmamış zəng etmisən?"
Azca duruxsa da, özünü itirmədi:
- Xəbərin yoxdur?
- Nədən?
- Namizədliyim qeydə alınıb.
Qısa pauzadan sonra soruşdum:
- Hansı dairədən namizədsən?
- Öz rayonumuzdan. 21 ildi burada yaşayıram. Niyə dağa-daşa düşməliyəm?
Keçmiş iş yoldaşım Bakıərtrafı qəsəbələrdən birində yaşayır. Təxminən 18-19 il əvvəl atası rəhmətə getmişdi. O danışdıqca xatırladım... Əvvəl yas mərasimində, sonra isə o vaxt dəbdə olan cüməaxşamı məclisində iştirak etmişdik. Həyət evində yaşadıqları üçün bizi küçədə qarşılamışdı. Məclisdən əvvəl də, sonra da qonşularla rastlaşmışdıq. Heç biri başını qaldırıb iş yoldaşıma salam verməmişdi...
Amma bu dar macalda bunu xatırlatmağa ehtiyac yox idi.
Məni keçmiş iş yoldaşımın rəqiblərinin kimliyi daha çox maraqlandırırdı. İstəsəydim, MSK-nın saytına daxil olub bunu bir göz qırpımında dəqiqləşdirə bilərdim. Amma onun reaksiyası mənimçün maraqlı idi. Odur ki, rəqiblərinin kim olduğunu soruşdum.
- Bilmirsən?
Həmin vaxt yanında olmasam da, onun necə qımışdığını asanlıqla təsəvvür edə bildim.
Əsas rəqibinin adını çəkdi.
Dərhal barmağımı dişlədim: "Mütrif yağlı tikəyə göz dikib".
Bu söhbət keçmiş iş yoldaşımla üç gün əvvəl aramızda olub. Dünən eşitdim ki, "mütrif" namizədliyini geri götürüb.
İki gün əvvəl də bu barədə yazmışdım. Harada imkanlı iş adamı, pullu məmur varsa, mütləq onun dairəsində 3-4 “reket namizəd” peyda olur. Aydın məsələdir ki, həmin namizədlər mübarizəni sonadək davam etdirmirlər, 5-10 manat pul alandan sonra seçkidən geri çəkilirlər.
Bizim "mütrif" kimi.
Bu cür yaramaz hallarla mübarizə aparmağın yolu tapılmalıdır. Elə etmək lazımdır ki, "reket namizədlərin" dişlərinə çəkmək istədikləri yağlı tikə" boğazlarında qalsın...
Seymur VERDİZADƏ
Telegram kanalımız