“Repetitorluğun qarşısını almaq mümkün deyil“ - Ekspert deputatla razılaşmır

saytların hazırlanması

Evə çatdırılma

“Repetitorluğun qarşısını almaq mümkün deyil“ - Ekspert deputatla razılaşmır

Sosial

15 Mart 2019 17:46 1383


“Repetitorluq ölkə təhsilinin baş bəlasına çevrilib desəm, yanılmaram. Ölkənin tam orta təhsil verən əksər məktəblərində 10-11-ci siniflər kağız üzərində “fəaliyyət” göstərir. Bəzi müəllimlərin məktəbdə faktiki olaraq gün keçirdiyini, təhsilin keyfiyyət(sizliy)ini görən valideynlər övladlarını müxtəlif vasitələrlə məktəbdən yayındıraraq əlavə imkanlardan – repetitorluqdan istifadə edirlər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə,  valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil:

“Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) uşağını fərdi müəllim yanına göndərirlər. Bu gün hətta I sinfə getməyə hazırlaşan uşaqların valideynləri yaxşı məktəbdən çox, yaxşı repetitor tapmaq haqqında düşünürlər. Düzdür, repetitor yanında hazırlığın özünü təsdiqləmiş və dünyada sınanılaraq qəbul olunmuş xidmət olduğunu iddia edənlər də var. Lakin istənilən halda, repetitor yanında əlavə dərs almaq şagirdlərin, eləcə də valideynlərin böyük bəlasıdır. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Əslində, təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər”. Dominos pizza

Ekspertin sözlərinə görə, son vaxtlar abituriyentlər repetitorlara az müraciət edir, bunun da səbəbi xidmət haqlarının yüksək olmasıdır:

“Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin. Son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyn iki repetirora 200 manat verməkdənsə, övladını 5 fənnə görə kursa, tədris mərkəzinə göndərir və iki repetitora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar. Bildiyimiz kimi şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedirlər. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnirlər. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər”.

K.Əsədov əlavə edib ki,  çox zaman repetitorluq dərslərin hesabına həyata keçirilir:

“Müəllim yanına gedən şagirdlər dərslərə gəlmir, direktorla anlaşır, adları məktəbdə qeyd olunur, yalnız yoxlama olandan-olana və yaxud ayın, ya həftənin müəyyən günlərində sinif rəhbərlərinin çağırışıyla məktəbə gəlirlər. Bu isə məktəb mühitinin dağılmasına gətirib çıxarır. Hesab edirəm ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilsə, eyni zamanda repetitorluğun leqallaşması, qeydiyyata alınması prosesi baş verərsə, onların sayı, əhatə dairəsi azalar. Repetitorluğun qarşısını təmayülləşmə ilə də almaq mümkün deyil.Çünki təmayülləşmədə də eyni bilik və bacarıqları standartlara cavab verməyən müəllimlər dərs deyəcək. Daha yaxşı, peşəkar repetitorlar isə təhsil sistemində çalışmır. Bütün atılacaq addımlar fonunda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmalıdır”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!