Seçki kampaniyası və təbliğat-təşviqat prosesində müasir medianın rolu

saytların hazırlanması

Evə çatdırılma

Seçki kampaniyası və təbliğat-təşviqat prosesində müasir medianın rolu

Siyasət

16 Avqust 2024 14:08 875


Sentyabr ayının 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Avqustun 9-dan başlayaraq növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilib. 

"Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən təşviqat kampaniyası avqustun 31-dək davam edəcək. Təşviqat üçün ölkə üzrə 3259 açıq, 1854 qapalı yer ayrılıb. 

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər. Bununla yanaşı, qanunvericiliyə görə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.  Dördpendirli pizza

Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti, "Bakinski raboçi” qəzetidir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Modern” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Elşad Eyvazlı bildirib ki, hazırda deputatlığa namizədlərin əksəriyyəti öz auditoriyalarına müraciət üçün daha çox sosial şəbəkələrdən istifadə edir:

“Artıq seçkilər də müasir texnologiyaların inkişafı ilə ayaqlaşır. Əvvəllər namizədlər seçiciləri ilə görüşlər keçirir, televiziya və qəzetlər vasitəsi ilə təbliğat-təşviqat fəaliyyətini yerinə yetirirdi. İndi isə auditoriyaya müraciət forması köklü formada dəyişib. Artıq sosial şəbəkələr nəinki ənənəvi mətbuatı, hətta bir sıra internet KİV-lərini də qabaqlayır. 

Mən belə başa düşürəm ki, namizədlər artıq belə vasitələrdən istifadə etməyə lüzum görmür. Çünki reallıq budur ki, hansısa media qurumu ilə müqavilə bağlayıb, ona müəyyən qədər vəsait ödəmədənsə, sosial şəbəkələrdən düzgün formada istifadə edib, seçicilərin əksəriyyətinə müraciət etmək olar. Bunun üçün sosial media resurslarından düzgün və səmərəli istifadə edən hansısa mütəxəssisə müraciət etmək kifayətdir. Ona görə də, hazırda sosial şəbəkələr medianın əlindən bu imkanı sözün həqiqi mənasında alıb. Bu gün nəinki seçki kampaniyasını, təbliğat-təşviqatı, hətta gündəlik xəbərləri də sosial şəbəkə vasitələri olmadan oxuculara çatdırmaq mümkün deyil”.

10 saylı Binəqədi 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev seçki kampaniyası ilə bağlı fikirlərini bizimlə bölüşüb. O, sosial media və kütləvi informasiya vasitələrindən daha çox, seçicilərlə üzbəüz görüşlərə üstünlük verdiklərini dilə gətirib:

“Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat dövrü artıq başlayıb. Namizədlər öz platformalarını seçicilərə açıqlayır. Bu seçkilərin özündən əvvəlki seçkilərdən əsas fərqi odur ki, namizədlərin öz auditoriyalarına müraciət etmək üçün daha çox resursu var. Bizə ilkin mərhələdə imza toplamaq üçün olduqca geniş şərait yaradıldı. Biz seçicilərlə böyük görüşlər keçirən zaman Mərkəzi Seçki Komissiyasını məlumatlandırırıq və onlar ictimai asayişi qorumaq üçün polislərə müraciət edir. 

Daha kiçik görüşləri isə istənilən vaxt keçirmək mümkündür və partiyamızın bütün namizədləri bu imkandan istifadə edir. Bir namizəd kimi, ümumi atmosfer bizi tam qane edir. Hər namizədin özünəməxsus tərzdə təbliğat-təşviqat tərzi və üsulu var. Bir çox namizədlər sosial şəbəkə və müxtəlif KİV-lərdən istifadə edir. Biz hər kəsin seçki kampaniyasına hörmətlə yanaşırıq. Böyük Azərbaycan partiyasının namizədləri olaraq, biz daha çox seçicilərlə üzbəüz görüşlərə üstünlük veririk. Düşünürəm ki, biz ölkə olaraq prezident seçkilərini necə yüksək səviyyədə keçirdiksə, növbədənkənar parlament seçkilərini də eyni qaydada keçirəcəyik”.

Seçkilərə 26 sayılı 1-ci Sabunçu seçki dairəsindən mübarizəyə qoşulan deputat Fazil Mustafa sosial media resurslarından olduqca geniş şəkildə istifadə etdiklərini diqqətə çatdırıb:

“Seçki kampaniyası ilə bağlı müvafiq yerlər ayrılıb, mikrofonlar təyin olunub. Bizə də bu lazımdır. Mitinqlər açıq havada və geniş meydançada nəzərdə tutulub. Buna həm MSK, həm də Sabunçu Rayon İcra Hakimiyyəti nəzarət edir. Müraciət edən bütün namizədlər üçün şərait yaradılır. Bu məsələ olduqca önəmlidir. 

Gənclər evində həm qapalı, həm də açıq görüşlərimiz olur. Fikrimcə, hər ikisini qaneedici saymaq olar. Artıq seçicilərin prosesə cəlb edilib, fikirlərinin dinlənilməsi bizim özümüzdən asılıdır. Hesab edirəm ki, media dəstəyi ilə bağlı məsələdə sosial şəbəkələrin böyük rolu var. Hazırda təbliğat-təşviqat işlərinin əksər hissəsi məhz sosial şəbəkə üzərindən aparılır. Bizim öz səhifəmiz var və orada materiallar paylaşırıq. Media quruluşları da fikirlərimizi təbliğ edirlər. Ona görə də bu məsələdə heç bir problem yoxdur. Biz bu fürsətlərdən lazımınca istifadə etmək istəyirik”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!